Uşaqda qıcolma 2 dəfədən çox təkrarlanarsa…

Valideynlər üçün uşaqlarının sağlamlığı dünyadakı hər şeydən öncə gəlir. Hər kəs övladının sağlam böyüməsini istəyir. Təbii ki, valideynlər nə qədər çalışsa da, onlar müəyyən xəstəliklərə yoluxur, səhhətində hansısa problemlər yaşayırlar. Xüsusilə də azyaşlı uşaqlar arasında qızdırma hallarına çox rast gəlinir. Uşaq qızdırdıqda hansısa dərman preparatları verilir, yaxud təbii üsullarla temperaturu aşağı salmağa çalışılır. Əksər hallarda qızdırma uşaqda heç bir fəsad yaratmır, amma bəzən onda qızdırma nəticəsində qıcolmalar baş verir. Mütəxəssislər isə bu kimi hallarda valideynləri diqqətli olmağa çağırır.

Bagcam.az-ın Ailem.az-a istinadən verdiyi xəbərə görə, Nevroloq Rima İbadova bildirir kiqızdırmadan olan qıcolmalar (febril) çox zaman təhlükəsiz sayılır: “Amma valideyinlər diqqətli olmalıdırlar. Bu kimi hallarda müəyyən əlamətlərə fikir verməlidirlər. Məsələn, əgər qıcolma 3 aydan erkən və ya 3 yaşdan gec, temperatur 37,5-ə qədər olarsa, fikir vermək lazımdır. Həmçinin sutkada 2 və daha çox təkrarlanarsa, müddəti uzun sürərsə, fokal nevroloji defisit qoyarsa, ailədə epilepsiya hekayəsi varsa, bu hallarda qıcolmalar daha ciddi səbəblərdən qaynaqlana və gələcəkdə epilepsiya xəstəliyinə keçə bilər”.

R. İbadova vurğulayır ki, xüsusən tez-tez febril qıcolma keçirən uşaqlar risk altındadır: “Onların gələcəkdə mezial temporal skleroza bağlı davamlı qıcolma keçirmə riski yüksəkdir. Həmçinin ağır epileptik ensefalopatiya olan Drawet sindromunun da ilk olaraq febril qıcolma ilə başlandığını yadda saxlamaq lazımdır”.

Nevroloq qeyd edir ki, bəzən valideynlər febril qıcolma ilə digər halları səhv sala bilərlər. Daha çox səhv salına bilən hallar aşağıdakılərdır:

Riqor  – Yüksək temperatur fonunda huşun itməsi ilə paroksizmal titrəmələr və ya əzələ spazmlarıdır, daha çox bakteremiya ilə bağlıdır.

Refleks anoksik ataklar – Yüksək temperaturdan olan ani bayılmalar (vaqal senkope)

İstənilən halda febril qıcolmanın təhlükəsi ilə bağlı qərarı həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.