Oyun, nəticəsi düşünülmədən, əylənmək məqsədilə edilən hərəkətlərdir. Oyun əzələ sistemini inkişaf etdirməklə, uşaqda yığılmış mənfi enerjinin boşalmasını təmin edir. Uşaq, müxtəlif forma və ölçülərdəki oyun ləvazimatları ilə oynaya-oynaya, rəng, ölçü və obyektləri tanıyır, içində olduğu həyatı qavramağı, realla qeyri-realı ayırmağa başlayır. Oyun yolu ilə sosial “mən” və “başqa”sı qavrayışlarını dərk edən uşaq, paylaşmağı da oyun vasitəsilə öyrənir.
Uşaq oyun ehtiyacını ailədə, çöldə və ən əsası bağçada təmin edir.
Bağça “oyuncaqlarla dolu” olan təlim – tərbiyə ocağıdır. Uşaq, bağçada ən yaxşı oyun mühitini tapıb, əməkdaşlıq və oyun bacarıqlarını inkişaf etdirir, yaşıdları ilə ünsiyyətə girir. Bağça, uşağı öz hüquqlarını qorumaqdan əlavə, başqalarının azadlığını zədələməməyi də öyrədir.
Həddən artıq tolerant ailələrdəki uşaqlar oyun qaydalarına uyğunlaşmaqda çətinlik çəkirlər. Avtoritar ailələrdəki uşaqlar isə ya çox passiv ya da təcavüzkar davranış sərgiləyərlər.
Təlim dəyəri böyük olan “oyuncaq” sudur. Toxunma duyğusunu inkişafı üçün önəmli hesab olunan su, uşağa böyük həzz və sevinc bəxş edir. Su sayəsində utancaq uşaqlar canlanır, aqressiv uşaqlar isə sakitləşir. Su həm də diqqət inkişafında müsbət təsirə malikdir. Qum və su qarışımının özünəinamsız, aqressiv, utancaq və digər psixoloji problemli uşaqlara terapevtik təsiri də var.
Bu misal, oyun və oyuncağın əhəmiyyəti haqqında sadəcə bir hissə idi. Oyun mədəniyyətinin təəssüf ki, telefon, planşet, kompüterlə əvəz olunması uşaqların psixi inkişafında öz mənfi izlərini qoyur.
Əziz valideynlər, çalışın, bacardığınız qədər uşaqlarınıza oyun öyrədin, çünki oyunla sosial qaydaları öyrətmək daha asandır. Onların oyuncağını və uşaqlığını əllərindən tez almayın. Oynamayan uşaq yetkinlik dövründə cəmiyyətə uyğunlaşmaqda boşluqlar hiss edəcək.
Uşaqlarımızı bir fərd kimi yox, şəxsiyyət kimi böyütmək diləyilə!
Psixoloq Həmzəyeva Anagül