Uşaq tərbiyyə etməyin 10 qızıl qaydası

ushaqlarTürkiyəli professor Necati Camaloğlu uşaq tərbiyyə etməyin 10 qızıl qaydasını hazırlayıb. 

Bagcam.az həmin qaydaları təqdim edir:

1. Uşaqlarınızı qalibiyyətə öyrədin

Uşaqlar iməkləyərkən, pilləkənləri qalxarkən valideynlər narahat olur və uşaqlarının belindən tutub ona kömək edir.  Bu mərhələdə uşaq asılı qalmağı, dəstək gözləməyi və məsuliyyətsizliyi öyrənir. Bu formada  böyüdülən uşaqlar qabığından çıxmağa səy göstərən kəpənəyə bənzəyirlər.

İki dost yolda gedərkən qabığından çıxmağa çalışan kəpənək görürlər. Lifləri qopararaq, kəpənəyin çıxmasına kömək edirlər. Kəpənək bir – iki çırpınmadan sonra yerə düşür və ölür. Bunun səbəbi: Qabığından çıxarkən lifləri qoparmağa çalışan kəpənəyin qanadları güclənir və qanadları güclü olan kəpənək  uçmağı da bacarır.

2. Uşaqlarınıza nümunə olun

Ailələrin ən çox şikayət etdiyi mövzulardan biri uşaqların dərs öyrənməməsi, kitab oxumaması ilə bağlıdır. Ailənin digər üzvləri kitab oxumursa, elmlə məşğul olmursa uşaq da onlara bənzəməyə başlayar. Evdə uşağa dərs oxuması üçün mühit yaratmaq, dərs proqramına görə qonaq qəbul etmək və ailənin digər işlərini buna görə uyğunlaşdırmaq əsl nümunəvi ailə davranışıdır.

3. Uşaqlar etik dəyərləri valideynlərindən öyrənir

Uşaqlar valideynlərini müşahidə edir və çox vaxt təqlidə başlayırlar. Anası ilə birlikdə çanta almağa gedən uşaq, anasının satıcıyla danışığını görür və öz ünsiyyətini bu şəkildə inkişaf etdirməyə çalışır.

4. Uşaqlara sərhədləri öyrədin

Uşaq özünün və başqalarının sərhədlərini, özünün və başqalarının azadlığını ailədə öyrənməlidir.

Uşaq cəmiyyət içərisində davranış qaydalarını və səbəblərini, bu qayda-qanunların vacibliyini  sosiyallaşması üçün öyrənməlidir.

5. Uşaqlarınızı müqayisə etməyin

Uşaqları başqa uşaqlarla müqayisə etmək gələcəyin problemli şəxslərini yetişdirmək deməkdir.  Daim müqayisə olunan uşaqlar  özlərini dəyərsiz və önəmsiz hiss etməyə başlayırlar.

6. Uşaqlarınızı səbəbsiz sevin

Valideynlər uşaqlarına adətən belə sözlər deyirlər. Səni çox sevirəm. Çünki sən ağıllısan, çünki sən çalışqansan və s. Belə sözlərlə uşağa bu mesaj verilir: Səni sevmək üçün sadaladığımız səbəblər olmasa, əslində sevgimiz də olmaz.

Uşaq isə dərslərini yaxşı oxumadıqda artıq valideynləri tərəfindən sevilmədiyini düşünür. Ona görə də uşaqlara səni sevirik, yaxşı ki, varsan demək lazımdır.

7. Uşaqların səhvlərini ümumiləşdirməyin

Pis ya da yaxşı olan uşağınız deyil, onun davranışlarıdır. Uşaqlarınızın davranışlarını analiz edərkən, şəxsiyyətlərini deyil, mənfi davranışlarını nəzərə alın.

8. Övladlarınızı başa düşməyə çalışın, dinləyin

Övladlarınızı dinləyərkən rəy bildirməyin. Onların verdikləri mesajları doğru anladığınıza dair fikirlər bildirin.

9. Uşaqlarınıza nəsihət verməyin

Onlara nəsihət verdikcə əks reaksiya ilə qarşılaşa bilərsiniz. Onlar nəsihət almağı xoşlamırlar. Ən çox da insanların içində verilən nəsihətləri, heç sevmirlər.

10. Uşaqlarınıza “yox” deməyi öyrədin

“Yox” deməyi əvvəlcə uşaqlarınıza siz göstərin. Uşaq həyatında hər istədiyini əldə edə bilməyəcəyini, hər istədiyi tələbi qarşılaya bilməyəcəyini, azadlığını və şəxsiyyətini qorumaq üçün yox deməyi öyrənməlidir.