Uşaq həyatında oyunun rolu

usaqOyun məktəbəqədər yaşlı uşaqların həyatında mühüm rol oyanyır. Uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, qazanırlar. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır. Oyunlar uşağın inkişafında, təhsilində və şəxsiyyətinin inkişafında əsaslı yer tutur. Ümumiyyətlə oyun məktəbəqədər yaş dövrünün əsas fəaliyyət növü hesab edilir.  Uşaq sevdiyi oyunları yalnız həmyaşıdları ilə deyil, eyni zamanda valideynləri ilə oynamağı da çox sevir. Valideynlə birgə keçirilən oyunlar uşaq – valideyn münasibətlərinə müsbət təsir edir, onların ünsiyyətini daha da möhkəmləndirir.

Oyunlar vasitəsilə uşaqlar öz arzularını həyata keçirir, özlərini sevdiyi peşə sahiblərinə bənzədir  və öz fərziyyələrini irəli sürürlər.

Psixoloqlar və pedaqoqlar oyunun uşaq həyatındakı vacib rolundan söz açaraq müxtəlif fikirlər irəli sürüblər:

  • Piajeyə görə : “Oyun uşağın ən önəmli işidir”

 

  • Grossa görə : “Oyun bir praktikadır. Gələcəkdə qarşılaşılaşa biləcək davranış formaları oyunla əldə edilir”

 

  • Makarenkoya görə : “Böyüklərin həyatında iş nə qədər vacibdirsə, uşaq həyatında da oyun bir o qədər vacibdir”

Oyunların uşaq inkişafındakı əvəzsiz rolundan danışarkən bəzi məqamları da unutmamalıyıq :

1) Oyun uşağın boş vaxtlarını doldurmaq üçün vasitə olaraq götürülməməlidir.

2) Oyunda yüksək dərəcəli qadağalar olmamalıdır, çünki yüksək dərəcəli qadağalar oyunun qeyri düzgün şəkildə mənimsənilməyinə bilavasitə gətirib çıxara bilər.

3) Oyun uşağın yaşına, istək və arzularına uyğun formada həyata keçirilməlidir.

Uşağa məcburi öyrədilən çox sayda  etik qaydalar oyun sırasında daha asan və maraqlı formada  öyrədilə bilər. Eyni zamanda oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur.

Məsələn: Uşağa 6 – 7 oyuncağa diqqətlə baxmaq və onları yadda saxlamaq təlimatı verilir. Daha sonra uşaqdan gözlərini yummasını və itən oyuncağın adını söyləməsinin təlimatı verilir. Beləliklə uşaq oyun vasitəsilə inkişaf edir. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsas­lı rol oynayır.