Uşaq əşyaları bilə-bilə sındırırsa, nə etməli?

Bəzən olur ki, uşaq meydançasında uşaq əşyaları qırır, tullayır, qumdan hazırlanan qalaları dağıdır. Belə halda digər uşaqların valideynləri bu vəziyyətdən narazı olurlar və tələb edirlər ki, bu cür uşaqlar bir də bu meydançaya gəlməsinlər. Bu vəziyyətdə 4 yaşlı uşağa səhv etdiyini necə izah etmək olar?

  1. Uşaq kiməsə zərər verməyənə qədər mübahisəyə qarışmayın. O, gərək məsələni həll etməyi öyrənsin.
  2. Uşağı nədəsə günahlandırmaqdan, danlamaqdansa, onun nə hiss etdiyini soruşun. “Səni nə belə qəzəbləndirdi?”, “Bax sən başqa qız/oğlanın hazırladığı əl işini dağıtdın, səni nəsə narahat etdi?” və s. Bu kimi sualları verməklə nə baş verdiyini öyrənə bilərsiniz. Elə ola bilər ki, uşaq bunu sizə izah edəcək, ancaq bəzən də bunun səbəbini bilməyə bilər. Əgər o, sizə nəyisə izah etsə, ona dəstək olun: “Səni başa düşürəm, bu, məni də narahat etdi. Gəl fikirləşək görək, nəyi dəyişə bilərik?” İstənilən halda daxildə yaranan aqressiv enerjini müxtəlif yaradıcı üsullarla zərərsizləşdirə bilərsiniz: çubuqla yeri döyəcləmək, ayaqları yerə vurmaq və s. Əsas odur ki, ətraf aləm ziyan görməsin.
  3. Heç bir halda uşağı başqalarının yanında danlamaq, onu utandırmaq və təhqir etmək olmaz. Əks halda o, özünə qapanan olacaq və özünü anlaşılmaz və köməksiz hiss edəcək, məsələnin həllini isə tapmayacaq. Əgər o, kiməsə və ya nəyəsə zərər verirsə, bu halda heç bir qiymətləndirmə etmədən onu dayandırmalı və deməlisiz: “İstəmirəm ki, sən kimisə və nəyisə incidəsən, oyuncağı sındırasan. Nə səni belə qəzəbləndirib?” Əgər övladınız başqasının oyuncağını sındırıbsa, onunla birlikdə oyuncaq mağazasına gedib sınan əşyanın əvəzinə başqa birini ala və onu həmin oyuncağı sındırılmış uşağa hədiyyə edə bilərsiniz. Uşağın bunu özünün etməsi çox vacibdir. Belə təcrübəni yaşayan uşaq öyrənir ki, əgər kiminsə oyuncağını sındırıramsa, bu ziyanın əvəzini verməliyəm ki, sonra oyuna yenidən davam edə bilim.

Övladınıza həmişə dəstək olun. Onun bu dəstəyə çox ehtiyacı var. Çünki, uşaq özünü köməksiz, tək hiss edir. Beləliklə siz taktikanızı dəyişdirsəniz, uşaq da dəyişə bilər.

Mənbə: mel.fm