Həyatımız öz axarı ilə gedir və gündəlik qayğılarımız, iş öhdəliklərimiz bizi o qədər tələsdirir ki, biz bir növ bu axına öz kiçik yaşlı övladlarımızı qurban veririk. Onlar dünyanı dərk etdikləri dövrdə, ətrafla münasibətlərini necə quracaqlarını başa düşməyə çalışarkən biz onların beynini daha da qarışdırırıq.
Uşaq bağçası hər bir ailə üçün çox vacib məkandır. Valideynlər işləyir və ya evdə ikinci uşaq böyüyür, yaxud valideyn sadəcə uşağının cəmiyyətdə inkişafını istəyir. Bir gün uşağın bağçaya getmək vaxtı gəlib çatır. Bəs uşağı bağçaya necə adaptasiya etsək doğru olar? Bir tərəfdən valideyn bu mövzuda məlumatsız olur, digər tərəfdən də bağça bu məsələyə peşəkar yanaşmır. Gəlin, sizinlə bərabər bu prosesə daha yaxından baxaq.
Biz istəyirik ki, uşaq bizim bəyənib qərar verdiyimiz bağçaya getsin və tez bir zamanda bağçanı sevsin, həvəslə oynasın, ağlamasın, darıxmasın, mahnı oxusun, rəqs etsin, yemək yesin, yatsın və axşam məmmun halda evə qayıtsın. Bütün bunların baş verməsi üçün uşağa necə dəstək olunur? Əvvəla, unutmayaq ki, bizə sadə görünən məsələlər uşaq üçün çətindir. Uşağın bağçaya getməsi bizim üçün başqa ölkəyə köçmək, ora uyğunlaşmaq, ilk dəfə yeni işə düzəlmək və s. kimi məsələlərə bərabərdir. Yeni məkan, yad insanlar, dadı, qoxusu və rəngi uşağa fərqli görünən yeməklər, yeni çarpayı və s. uşaq beyni üçün yeni informasiyadır. Uşaq özünü sanki yad planetdə hiss edir və bu qədər informasiyanı qəbul etməsi üçün ona vaxt lazımdır.
Müşahidələrimə əsasən uşaq çox vaxt qorxu içində bağçaya gəlir, onu bağça ilə yaxından tanış etmirlər, onun yanında başqasını zorla yedizdirirlər, məcbur yatızdırırlar, əmr edirlər, öyüd-nəsihət verirlər və s. Belə səhnələrin şahidi olan uşaq əlbəttə bağçaya getmək istəmir və onun adaptasiya müddəti uzanır.
Mən bağçada çalışdığım illər boyu öz təcrübəmdə bunun əksini edərək tam başqa nəticə ilə qarşılaşdım. Əvvəlcə biz valideynlərlə tanış olub söhbət edirik və uşaq haqqında maksimum informasiya əldə etməyə çalışırıq və onlara uşaqda bağça haqqında müsbət assosiasiyalar yaratmağını tövsiyə edirik. Çünki çox vaxt valideynlər bağçanı uşağa cəza kimi təqdim edir. Məsələn, “Sözə baxmırsan, ona görə səni bağçaya göndərəcəm”. Bu, uşaq üçün dəhşətli informasiyadır. Növbəti prosesdə valideyn uşağıyla bərabər bağçaya gəlir. Onlar bağçanı bərabər gəzirlər və bu zaman həm valideyn, həm də uşaqla emosional ünsiyyət qurulur. Biz bərabər oturub çay içirik və səmimi söhbət edirik, gülürük, uşağa oynaması üçün müəyyən oyuncaqlar təklif edirik. Uşaq anasının bağçadakı insanlarla dost olduğunu görməlidir. Daha sonra uşaq hər gün 30 dəqiqə, 1 saat artırılmaqla valideyn ilə bağçada qalır. Tədricən uşağın bağçada qalma saatı yarım günə çatdırılır və bir müddətdən sonra uşaq yuxu saatına qoşulur. Bu dövrdə uşağı psixoloq, pedaqoq, həkim müşahidə edir. Paralel olaraq uşaqda yarana biləcək hallarla bağlı valideynə tövsiyələr verilir. Eyni zamanda ananın uşağa dəqiq gələcəyi vaxtı bildirməsi çox vacibdir və adaptasiya dövründə uşağı bağçadan tez götürməlidir ki, uşaqda tənhalıq hissi yaranmasın. Bir müddət uşaq qaydalı fəalliyyətlərə məcbur edilmir və ona müşahidə etməsi üçün dəstək olunur. Bu ərəfədə maraqlı oyunlar, açıq havada aktiv fəaliyyətlər təşkil edilir. Bağçada hər kəs gülər üzlə, sakit səslə danışır. Qidalar uşağa tədricən təklif olunur. Bu müddətdə bağçada bayram, əyləncə, ad günü keçirilirsə, yeni uşaq da iştirak etməlidir. Bəzən sakit şəraitdə böyüyən uşaq belə səs-küylü yerə düşəndə narahat olur, qıcıqlanır və aqresivvləşir. Məhz ona görə uşağın əhval-ruhiyyəsi tam nəzarətimiz altında olmalıdır ki, biz onlara lazımi dəstəyi göstərə bilək.
Biz uşağın yeni mühitə alışması dövrünə belə həssas yanaşdığımızda eyni zamanda uşağa sivil cəmiyyətdə yaşamaq üçün etik davranış və ünsiyyət bacarığı qazandırmış oluruq. Çünki biz böyüklər hər zaman uşaqlar üçün model obrazındayıq. Onlar bizim dediklərimizdən daha çox hərəkətlərimizdən öyrənirlər.
“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Əməliyyatlar üzrə Direktoru, pedaqoq Xalidə Rzayeva