Uşaq ayaqqabısı seçərkən nələrə diqqət etmək lazımdır?

ayaqqabiUşaq nə qədər körpə olur-olsun, yerisə də, yeriməsə də, ona həmişə ayaqqabı geyindirmək istəyirik. Uşağa ayaqqabı almaq istəsəyi təbiidir, ancaq seçim edəndə bəzi şeyləri nəzərə almaq vacibdir.

Hər şeydən əvvəl bilməliyik, ayaqqabının iki məqsədi var: pəncəni zədələrdən qorumaq və isti saxlamaq.

Uşaq ayaqqabısının ölçüsü

Uşağın ayaqqabısı ayağına 0,5-1 sm böyük olmalıdır. Uşaq ayağının ölçüsü 2 yaşa qədər  hər 3 aydan bir dəyişir. Ayaqqabı həm eninə, həm də uzununa geniş olmalıdır ki, körpə barmaqlarını rahat tərpədə bilsin, yeriyən uşaq qaçanda ayaqları tərləməsin.

Ayaqqabının forması

Körpə üçün zərif və yumşaq ayaqqabı seçin. O qədər yumşaq olsun ki, ona toxunanda körpənizin barmaqlarını hiss edəsiniz. Uzunboğaz çəkmə körpəyə, eləcə də yeriyən uşaq üçün uyğun deyil. Ayaqabının boğazı pəncənin hərəkətinə mane olur.

Uşaq yeriyirsə, mütləq dabanlı ayaqqabı almalısınız. Yəni ayaqqabının daban hissəsinin qalınlığı pəncə ilə müqayisədə çox olmalıdır. 0,5-1,5mm-lik altlıq vacibdir ki, uşaq yıxılmasın, zədələnməsin. Həm də ayağının ucunda gəzən uşaq belə, ayaqqabı ilə yeriyəndə yerişi düzəlir.

Yeriyən uşaqlar üçün nəzərdə tutulmu ayaqqabının dabanı və ucu bərk olmalıdır ki, uşaq ayağını harasa vuranda incitməsin.

Ümumiyyətlə, 3-4 yaşına qədər uşaqlara arxası azca hündür, dabanı örtülü, üstü qaytanlı, ya da yapışan bağlı (bunları ayağın ölçüsünə, formasına uyğun bağlamaq olur) ayaqqabı məsləhət görülür.

Material

Çox körpə uşaqlar üçün nəzərdə tutulmuş ayaqqabıların həm içi, həm də üzü təbii materiallardan-parça, dəri, yaxud xəzdən olmalıdır.

2 yaşına çatmamış uşağa süni materiallardan, rezin və plastikdən hazırlanmış ayaqqabı geyindirmək olmaz. Uşağın orqanizmi həssasdır, ekoloji dəyişikliyə tez reaksiya verir, allergik reaksiyalara meyilli olur. 2 yaşdan sonra uşağa üzü süni materiallardan hazırlanmış ayaqqabı geyindirmək olar, amma ayaqqabının içi yenə də təbii materialdan olmalıdır. Altlığın yumşaq olması vacibdir.

Rəng

Uşaqlar üçün nəzərdə tutulmuş hər şey rəngli olsa yaxşıdır. Qoy körpəniz dünyanın bütün rənglərinə alışsın, dünyanı rəngli görsün. Başqa əşyaları kimi ayaqqabısının da rəngi məhz uşağın xoşuna gəlməlidir. Belə olarsa, uşaq ayaqqabısını sevə-sevə geyinər, sərbəst geyinməyə can atar, qaytanları bağlamağı tez öyrənər. Ayaqqabının bağlarıyla oynamaq uşağın əl hərəkətlərini inkişaf etdirir, beynin fəaliyyətinə müsbət təsir edir.

Mənbə: Bala.az