“Uşağın narahatlığının arxasında ailəsi durur”

Untitled-1Uşaqlara kəllədaxili təzyiq diaqnozunun qoyulması haqqında müxtəlif fikirlər mövcuddur. Bu barədə Bagcam.az-a müsahibə verən “İndigo” uşaq bağçasının meneceri, uşaq psixoterapevti Vəfa Şirinova bildirir ki, kəllədaxili təzyiqi çox ağır diaqnozdur:

“Təəsüf ki, bu Azərbaycanda hər 10 uşaqdan 8-nə yanlış olaraq qoyulan diaqnozdur. Kəllədaxili təzyiq gözlə görüləcək bir şey deyil. Bəzən olur ki, valideynlər uşaqlarının gecə yuxularında narahat olduqlarını, çoxlu ağladıqlarını, kaprizli olmalarını, diksinmələrini, qorxularını, ayağın ucunda gəzməsini, burun qanaxmalarını səbəb göstərərək   həkimə müraciət edirlər.  Lakin bu zaman unutmamalıdırlar ki, bunların heç biri kəllədaxili təzyiqin göstəriciləri deyil. Kəllədaxili təzyiqin əsas əlamətləri baş ağrıları, ürək bulanma və qusma, davranışın pozulması və huşun aydın olmaması, cəngolma tutmaları, görmənin pozulmasıdır. Həkimlər bu diaqnozu qoyarkən bilməlidilər ki, bu cür hallara tək–tək halda rast gəldikdə belə bu, kəllədaxili təzyiqin əlaməti olmaya bilər. İnsanların  kəllədaxili təzyiq barədə daha çox maariflənməsi vacibdir”.

Vəfa xanım onu da bildirir ki, qadın hamiləlik zamanı travma alıbsa və ya uşaq doğuş zamanı kəllə-beyin təzyiqi  ilə doğulubsa, bu mütləq uşağın fiziki və zehni inkişafına öz təsirini göstərəcək:

“Ümumiyyətlə, bu uşaqlarda çox ciddi sinir problemi olur. Kəllə-beyin təzyiqi ilə doğulan uşaqlar mütləq müalicə almalıdırlar. Əgər uşaq gəzirsə, yeyib-içirsə, bağçaya gedirsə, ailədə öz istəyini bildirə bilirsə, bu uşaqda kəllədaxili təzyiqdən söhbət gedə bilməz. Uşağın kəllədaxili təzyiqinin olub-olmadığını bilmək üçün yaşının ilk ilində başın ölçüləri diqqətlə izlənməlidir, kəllə tikişlərinə fikir verilməlidir, əmgəklər əllənərək ölçüsü nəzarətdə saxlanmalıdır.  Bu diaqnozu o vaxt qoymaq olar ki, uşaqda başın ölçüləri normal baş ölçülərindən artıqdır, əmgək qabarıqdır, tikişlər arası məsafə çox aralıdır, uşağı mütləq nevroloqa müayinəyə apararkən bütün  göstəriciləri diqqətlə izlənilməlidir”.

Narahat uşaqlardakı kaprizin səbəbini araşdırmaq üçün uşaqların yaş qrupuna uyğun müxtəlif testlər aparıldığını deyən Vəfa xanım qeyd edir ki, uşaqların hərtərəfli sağlamlığı ailə mühitindən asılıdır:

“Uşağın hər bir narahatlığının arxasında ilk növbədə onun ailəsi durur. Əgər uşağın fiziki göstəriciləri – boyu, çəkisi, gün rejimi, qida rasionu, ailədə olan abu-hava, yaşadığı evin rütubəti, temperaturu qaydasındadırsa, ailədaxili münasibətlər sağlam qorunursa, bu uşaqlarda sağlamlıq problemlərinə də daha az rast gəlinir”.