“Uşağın immunitetini gücləndirəcək super tabletka dünyada yoxdur”

Övladı məktəb və bağçada tez-tez xəstələnən validyenlər ya həkimə qaçaraq ondan immunitet dərmanı tələb edir, ya da özü aptekə gedərək kimlərinsə tövsiyəsi ilə gözünə xoş dəyən dərman və vitaminləri alıb uşağa ovuc-ovuc verir.

Möcüzə dərmanlardan super təsir gözləyən anaların xəyallarını qırmağa məcburuq.

Bagcam.az Medicina.az-a istinadən uşaq infeksionisti, pediatr Həmid Hacıağayevin qəbulda uşaqları üçün immunitet möhkəmləndirən müalicə tələb edən valideynlərə maarifləndirici müraciətini təqdim edir.

“Bu mövzuda dəfələrlə danışmışam, yazmışam, lakin müraciətlərinizdən görünür ki, bunu təkrar etməliyəm.

“Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın”.
“Doktor, heç olmasa vitaminlər filan təyin edin”.
Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətlərinin çoxu bu şəkildə olur.

Mənim əzizlərim, mən o cür dərmanlar təyin etmirəm. Çünki bütün dünyada elə bir dərman yoxdur.
Siz doğrudan da düşünürsünüz ki, möcüzəvi dərman var, həkim onu sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur?

Vitaminlərə gəldikdə isə onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik.

İmmunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir. Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla, ümumiyyətlə insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Bu isə normaldır.

Əgər övladınıza yardım etmək istəyirsinizsə, bunları edin:

1. Onu sağlam qida ilə bəsləyin
2. Təmiz havada çox gəzdirin
3. Yuxu problemlərini aradan qaldırın
4. Fiziki aktivliyini (idman) artırın
5. Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin).

Unutmayın ki, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır. Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar.

Əgər Sizə uşağınızın “immunitetini gücləndirmək” adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub olmadığını bir daha ağlınızdan keçirin”.