Uşağı belə tərbiyə etməzlər!

Övladını düarguezgün tərbiyə etmək hər bir valideynin əsas məqsədlərindəndir. Lakin bəzi hallarda öz davranışlarımızla uşağa pis örnək ola bilirik. Bu dəfəki məqalədə sizə övladımızı tərbiyyə edərkən etməməli olduğumuz əsas səhvlər, diqqət yetirməli olduğumuz məqamlar haqqında məlumat verəcəyik.

Uşağa yalan danışmaq

“Aç ağzını bu son qaşıqdır. Bunu da yesən, qurtardı”. Yəqin ki, bu cümələlər uşaqlıqda çoxumuzun eşitdiyi ilk yalan olub. Halbuki bundan sonra yemək bitməz, “sonuncu qaşıqların” sayı isə çoxlamağa başlayardı.

Çox zaman uşaqlara yalan danışmağı valideynlər öyrədir. Övladınızın tez zamanda yeməyini bitirməyini istəyirsiniz? Onda daha yeni variantlar üzərində düşünün. Məsələn, əgər indi yedizdirdiyiniz yeməyi sevmirsə, bu yeməkdən sonra ona sevdiyi yeməyi, deserti hazırlayacağınıza söz verin. Bununla övladınızın motivasiyasını yüksəltmiş olacaqsınız, o isə əlavə təsir olmadan tez zamanda yeməyi bitirməyə çalışacaq.

Verilən sözü tutmamaq

Bəzən işlərinizin çox olduğu vaxtda övladınız sizdən nə isə xahiş edir. Siz isə onu başınızdan etmək üçün “İşim bitdikdən sonra edərik” deyə söz verirsiniz. Məsələn, o sizinlə parka getmək istəyir. Siz də işiniz bitdikdən sonra mütləq onu parka aparacağınıza söz verirsiniz. İşiniz bitdikdən sonra “yorğunam” deyə bəhanə edib, onu heç yerə aparmırsınız. Bununla uşağa göstərirsiniz ki, söz vermək elə də mühüm iş deyil. İnsan söz versə belə, verdiyi sözə əməl etməyə bilər, bu adi haldır. Nəticədə bir az böyüdükdən sonra siz ondan otağını yığışdırmasını istəyirsiniz, o bunu bir az sonra edəcəyinə söz verir və sözünü tutmur. Düşünün: bu zaman onu qınamağa nə dərəcədə haqqınız var?

Sillə ilə tərbiyə

Əgər övladınızın şıltaq hərəkətlərinin qarşısını almaq üçün kötək üsulunun effektiv olacağını düşünürsünüzsə, yanılırsınız. Bəlkə də o sizin sillənizdən sonra etdiyi hansısa bir şıltaqlıqdan əl çəkəcək, amma bunu sizi sevdiyinə, sizi əsəbiləşdirəcək hərəkət etmək istəmədiyinə görə yox, sadəcə sizdən qorxduğuna görə edəcək. Eyni zamanda özü gələcəkdə hansısa çətin insanla, situasiya ilə qarşılaşarsa, məsələni bu yolla həll etməyə üstünlük verəcək.

Uşağı texnoloji əşyalardan asılı etmək

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə hər birimizin evində  televizordan tutmuş, ən son texnologiyaya qədər müxtəlif alətlər var. Biz isə çox zaman bu texnologiyaları övladımızın tərbiyəçisi kimi görürük. Öz işlərimizi rahat formada görmək üçün övladımızı televizor qarşısına əyləşdirir, əlinə isə bir telefon veririk. Bəs bununla uşağın fiziki və psixoloji  inkişafına nə qədər zərər verdiyinizi fikirləşirsinizmi? Nəticədə uşaq özü düşünməyə, xəyal qurmağa cəhd etmir, çünki onun yerinə bu işi sizin telefonunuz, kompyuteriniz, televizorunuz görür.

Uşağı dinləməmək

Uşağınız nəsə haqqında danışanda ona maraqla və diqqətlə qulaq asın. Unutmayın ki, siz övladınızın qarşısında nümunəvi obrazsınız. Əgər onun gələcəkdə sizin və ətrafdakıların fikrinə sonuna qədər qulaq asıb hörmət etməsini istəyirsinizsə, öz davranışlarınızı qaydasına salmağı öyrənin.

Uşağın hər istədiyini etmək

Əlbəttə ki, bütün valideynlər övladlarının daha yaxşı yaşaması üçün çalışır, amma bu o demək deyil ki, siz onun istədiyi heç nəyin qarşılığında “Yox” deməməlisiniz. Bəzi hallarda övladımız ehtiyacı olmadığı halda bizdən nələrsə tələb edə bilər. Bu zaman bizim üzərimizə düşən əsas vəzifə uşağa istədiyinin onun üçün nə dərəcədə vacib olduğunu başa salmaqdır. Məsələn, o mağazada iki maşın görüb və bu maşınlardan evdə çox olmasına baxmayaraq hər ikisini almağınızı tələb edir. Bu zaman sizin etməli olduğunuz bu maşınların nə üçün vacib olmadığını ona izah etmək, əvəzində onda olmayan bir oyuncağı almağın daha məqsədəuyğun olduğunu bidirmək, onu buna inandırmaqdır.

Ona vaxtdan düzgün istifadə etməyi öyrədin

Əgər, uşağınız məktəbə gecikirsə, paltarlarını vaxtında geyinib çıxa bilmirsə, deməli vaxtı düzgün bölə bilmir. Buna görə də ona vaxtını düzgün bölən zaman işlərinin daha yaxşı alınacağını başa salın. Məsələn, evdən çıxan zaman ona hazırlaşmağa cəmi 10 dəqiqə vaxt verin və tez-tez yoxlayın.  Parkda oyun oynayırsa, oyunu bitirmək üçün ona 5 dəqiqə vaxt verin, 2 dəqiqə vaxt qaldıqda isə bunu tez-tez xatırladın. Belə etməklə, ona həm vaxtını düzgün bölməyi öyrətmiş olacaqsınız, həm də özünü daha məsuliyyətli aparmasına şərait yaradacaqsınız.

Uşağı özünüzə bağlı böyütmək

Əgər uşaq bir yerini əzməsin deyə daim onu izlədiyinizi, qoruduğunuzu, məktəb çantasını hazırladığınızı, yoldan gedərkən daim əlindən tutduğunuzu görürsə, bununla daha da təmbəlləşəcək. Nəticədə o öz beynini işlətmək istəməyəcək, çünki hər zaman onun əvəzinə bunu edən ata-anası var. Hətta məktəbə başladığı zaman ən xıra çətinliklə üzləşərsə, bunu sizin həll etməyinizi tələb edəcək. Bu hərəkətlərinizlə övladınıza yaxşılıq etiyinizi fikirləşirsinizsə, xəbəriniz olsun: bununla onu yalnız asana öyrəşdirirsiniz. O isə uzun müddət məsluliyyət hissinin nə demək olduğunu bilmədən yaşayır. Hətta sizin indiki səhviniz onun gələcək həyatını bütünlüklə dəyişir- neqativə doğru.