Uşaqlara neçə yaşından başlayaraq pul vermək lazımdır, “Monopoliya” oyununun hansı təsirləri var və uşaqdan borc pul almaq olarmı? Bütün bu suallara ailə psixoloqu olan Andrey Turoveç cavab verib.
— Almaniyada uşağın cib xərcliyi ilə bağlı məsələ qanunvericilik səviyyyəsində həll edilib: valideynlər həftədə uşaqlarına 50 sentdən 25 avroya qədər pul verməlidir (yaşından asılı olmayaraq). Uşağın şəxsi vəsaitləri olmalıdırmı? Uşaqları neçə yaşından pul ilə davranmağa öyrətmək lazımdır?
— Hesab edirəm ki, uşağın xərcləri üçün müəyyən məbləğ ayırmaq lazımdır. Bununla o erkən yaşlarından pul ilə necə davranmalı olduğunu mənimsəyəcək. Bunu neçə yaşdan etmək ilə bağlı konkret bir yaş yoxdur. Uşaqlar, bir qayda olaraq 6-8 yaşlarından məntiqi düşünməyə başlayırlar. Lakin bu heç də o demək deyil ki, bu ən ideal zamandır. Hər şey uşağın fərdi xüsusiyyətlərindən asılıdır. Bəzən birinci sinifdə oxuyan uşaq maliyyə məsələlərini 13 yaşlı uşaqdan daha yaxşı həll edir. Uşaqlara maliyyə savadlılığını aşılamaq lazımdır. Bunun üçün onları yalnızca özünüz ilə mağazaya aparmaq kifayət etmir, hər bir alış-verişi təhlil etmək lazımdır.
— Uşağa öz xərclərinə nəzarət etməyi necə öyrətmək lazımdır? Məsələn, siz ona 1 həftə üçün 5 manat verdiniz, o isə bu pulu 1 gün ərzində xərclədi…
— Heç kəs maliyyə cəhətdən dahi olaraq doğulmur. Əgər uşaq ona verdiyiniz bütün pulu xərcləyibsə, ona izah edin ki, bu onun həftəlik cib xərcliyi idi. Deməli, həftənin digər günlərini o pulsuz keçirəcək. Bir müddətdən sonra uşağa müəyyən məbləğ verin və mağazaya göndərin, pulun qalığını sizə gətirməsini tələb edin. Ondan nə gözlədiyinizi izah edin. Əgər o gözləntinizi doğrultmasa fasilə edin və ona hələlik pul verməyin. Bunu onun öz büdcəsini necə idarə etməli olduğunu anlayana qədər tətbiq edin. O anlamalıdır ki, pullar gec və yazud tez bitəcək.
— Doğrudurmu ki, uşaqlar valideynlərinin maliyyə davranışlarını təkrarlayır?
— Bu belədir. Təəssüflər olsun ki, maliyyə savadsızlığı böyük şəxslər arasında da müşahidə edilir. Bəziləri düşünmədən bütün pullarını mağazada xərcləyir, daha sonra isə dostlarından borc alır. Ailənin bütün vəsaitlərinin yalnız bir valideynin əlində cəmlənməsi heç də ən yaxşı variant deyil. Bu zaman digər valideyn şəxsi ehtiyacları üçün pul istəməli olur. Bütün bu hadisələr isə ailənin övladının gözləri qarşısında cərəyan edir və onda maliyyə cəhətdən kimin dominant olması haqqında təsəvvürlər formalaşır.
— “Monopoliya” stolüstü oyunu hələ də populyarlığını qoruyub saxlayır. Bu oyunun faydası varmı, maliyyə savadlılığını öyrədirmi?
— Bu oyun 1930-cu illərdə ABŞ-da iqtisadi böhran zamanı peyda olub və əyləncə məhsulları bazarında təsadüfən peyda olmayıb. İnsanlara onların külli miqdarda pul qazana biləcəkləri illuziyasını bəxş etmək lazım idi. Şübhəsiz, bu oyunun məntiqi inkişaf etdirdiyini danmaq olmaz. Lakin eyni faydanı şahmat oynayaraq da qazanmaq olar.
—Əgər uşaq öz lazımsız oyuncaqlarını internetdə satırsa və bu pula yeni əşyalar alırsa, buna görə onu danlamaq lazımdır?
— Bunda pis heç nə yoxdur. Bu yanaşma qənaət etməyi öyrənməyə, sağlam mübadilə formalarını mənimsəməyə kömək edir: lazım olmayandan xilas olmaq və lazım olanı əldə etmək. Bu müasir iqtisadiyyatın bir hissəsidir.
—Bəzi valideynlər otağını səliqəli saxlamaq, dərsdən yaxşı qiymətlər almaq müqabilində uşaqları pul ilə mükafatlandırır. Bu düzgündürmü?
— Evdə görülən işlər ümumi ailə fəaliyyətinə edilən qatqılardır. Bu əmək pul ilə qiymətləndirilməməlidir. Axı ana nahar hazırladığı üçün, yaxud ata xarab olan kranı düzəltdiyi üçün mükafatlandırılmır… Bir çox atalar öz övladlarını özü ilə işə aparır, onlara tapşırıq verir, maaş kimi müəyyən kiçik məbləğ ödəyir. Ən yaxşı variant budur.
Pul mükafatlandırılması ilə təhsilə maraq oyatmağa gəldikdə isə, mənim zənnimcə bu faydasız davranışdır. Təcrübə göstərir ki, bu cür davranış ya işə yaramır, ya da uzun müddət effektiv olmur. Pul ilə motivasiya – qısa müddətlidir. Vacib olan uşağın səmimi şəkildə nə iləsə maraqlanmasıdır.
— Adətən uşaqlara yalnızca lazımi şeyləri almağı tapşırırıq. Onlara pul ərcləmək arzularını genişləndirməyə imkan vermək olar?
— Yalnızca mütləq olan məhsulları alan şəxs müəyyən dərəcədə maliyyə cəhətdən məhdud düşüncəyə sahibdir. O özünə nə isə maraqlı və xoş bir şey almaz. Bu xüsusiyyət onların övladlarına da təsir edir. Bu zaman valideynlərin əsas tapşırığı – uşağa onun nə qədər vəsaitə sahib olduğunu, nə almalı olduğunu, nəyə görə indi o əşyanı deyil də, bu əşyanı almalı olduğunu uyğun bir dillə izah etməkdir. Bu söhbəti isə evdə deyil, mağazada etmək daha məqsədəuyğundur.
—Adətən böyüklər öz övladlarından borc alır. Onlara bu pulu qaytarmaq mütləqdirmi?
— Uşaqlardan borc pul almaq ən çıxılmaz halda edilməli olan bir şeydir. Biz bunu ehtiyacdan edirik. Övladdan götürülən borcu mütləq olaraq geri qaytarmaq lazımdır. Bu dəqiq və etibarlı münasibətlərin zəmanətidir. Övlad verdiyi borc üzrə faiz tələb edirsə, burada artıq düşünmək lazımdır.
Mənbə: Valideyn.az