Bağçaların yeni mövsümə hazırlıqları ilə əlaqədar öz fikirlərini “Baby Star” və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev bölüşüb.
Rasif Dünyamalıyev bildirib ki, yay bağçalar üçün hazırlıq mövsümüdür: “Amma Azərbaycanda valideynlərin tələblərinə uyğun olaraq, yayda da özəl bağçaların əksəri fəaliyyət göstərir. Bunu nəzərə alaraq, bağçalar hazırlıq mərhələsini uğurlu şəkildə təşkil edə bilmir. Bağçalar 1 ay müddətində bağlı olmalı, həmin müddətdə onlar profilaktik işlər görməlidir. Yəni, təmirə ehiyacı olan bağçalar təmirə bağlanmalıdır. Köklü şəkildə təmizlik və dezinfeksiya işləri aparılmalıdır. Bu sırf texniki tərəfidir. Digər tərəfdən isə, yay mövsümündə işçiləri qiymətləndirmək lazımdır. İşçilər standartlara, ehtiyaclara uyğun deyilsə, o işçilər azad edilir ya da onların inkişafı üçün müxtəlif kurslar, təlimlər təkil edilir. Bunlar yay ərzində olunmalıdır, çünki, yeni tədris ili başlayandan sonra bunu etmək mümkün olmur. İşçini tədrisdən ayırıb, hansısa kursa, inkişaf istiqamətli təlimlərə göndərmək uyğun olmaz. Həmçinin özəl bağçalarda tanıtım tədbirləri də yay mövsümündə olmalıdır ki, valideynlər bilsin, harada hansı bağça var, hansı xidmətlər təklif edirlər. Ümumiyyətlə, yay mövsümü qiymətləndirmə və planlaşdırma mövsümüdür. Keçmiş fəaliyyət qiymətləndirilir, strateji planlaşdırma aparılır, ona uyğun da fəaliyyət qurulur. Bizim öz bağçalarımız da bu addımları atdı. Yeni proqramlar hazırladıq, tədris planımıza yeni məşğələlər əlavə etdik. Keyfiyyətini saxlamaq istəyən müəssisə bu işləri mütəmadi görməlidir”.
Rasif Dünyamalıyev bu ildən bağçalarda tədris metodikasına əlavə etdikləri yeniliklərdən də məlumat verib: “Hazırda Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş məktəbəqədər təhsil proqramı (kurikulum) məncə uğurlu sənəddir. Əlbəttə ki, hər bir sənəd təkminləşməyə ehtiyac duyur və bu sənəd də yenilikləri əks etdirməlidir. Bir çox müəllimlər onun tətbiq olunmasının çətinliyindən danışırdılar, amma biz keçən il tətbiq etdik və o qədər də çətin bir şeyin olmadığının şahidi olduq. Bu məsələdə də, planlaşdırma ilin əvvəlindən düzgün aparılmalıdır.
Əvvəlki ənənəvi metodda biz mövzunu iki istiqamətdə uşağa təqdim edirdik. Müəllim danışır, nitq bacarıqlarından istifadə edərək dərsi izah edir və səbəb nəticə əlaqəsi ilə mövzunu izah edirdi. Lakin müəllim uşağın intelektinin müxtəlifliyini nəzərə almır və bu da ritmik, kinestetik, eko, tətbiqi intellekti inkişaf etmiş uşaqların mövzunu qəbul etməməsinə səbəb olurdu. Bunları nəzərə alaraq, bu tədris ilindən Hovard Gardnerin “İntelektin – Zəkanın Müxtəlifliyi” nəzəriyyəsini bağçalarımızda tətbiq edərək, uşaqlara zəka tiplərinə uyğun yanaşma formalaşdırırıq.
Şirkətin direktoru, həmçinin, onu da əlavə etdi ki, valideynlər məktəbin öhdəliklərini bağçanın üzərinə yıxmamalıdır: “Bu gün biz valideynlərin tələbi ilə bağçanı universitetə çevirmişik. Bağçanın əsas prinsipi ondan ibarətdir ki, uşaq bağçada gülməlidir, əylənməlidir, sosial bacarıqlarını inkişaf etdirməlidir, dostluğu öyrənməlidir, ünsiyyət formalaşdırmalıdır, oynamalıdır, sevinməlidir, xoşbəxt olmalıdır. Amma bizim valideynlər indi bağçalardan ali riyaziyyata əsasən hesablamalar aparan yaxud səlis nitqlə şeirlər söyləyən uşaqlar istəyir. Bu düzgün deyil. 6 yaşına qədər uşaqlar sosial bacarıqlarını inkişaf etdirməlidir. Biz öz bağçalarımızda əsas prinsipi qoruyub saxlamışıq. Beləki, bağçamızda uşaqlar oynayırlar, əylənirlər, həmçinin, öyrənirlər. Düşünürəm bizim bağçaların yaratdığı mühit uşaqların oynaması, əylənməsi, xoşbəxt olması üçündür. Biz bu yanaşmamızı davam etdiririk”.
Rasif Dünyamalıyev sonda bağçaların qiymətlərinin yeni mövsümdə nəyə əsasən formalaşdığından da danışdı: “Bağçalarımızda təhsil haqları bir uşağa bir ay ərzində çəkilən xərclər əsasında formalaşır. Bağçanın ümumi xərcləri həmin ay ərzində bağçaya gələn uşaqların sayına bölərək bir uşağa düşən xərci müəyyən edirik və üzərinə investisiya planına uyğun məbləği əlavə edirik. Əlbəttə, bu gün valideynlər təhsil haqlarının özəl məktəb və özəl ali məktəb təhsil haqları ilə müqayisədə yüksək olduğunu bildirirlər. Onu qeyd etmək vacibdir ki, uşaq məktəb və universitetdən fərqli olaraq, bağçada 10 – 12 saat arasında qalır, 5 dəfə qidalanır, sağlamlıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir. Həmçinin araşdırmalardan məlum olur ki, hər iki valideyni işləyən uşaqlara evdə çəkilən xərclər bağçanın təhsil haqqında 2 və 3 dəfə çoxdur. Bütün bunları nəzərə alaraq, demək olar ki, bizim bağçaların təhsil haqları göstərilən xidmət qarşısında aşağıdır”.