Sabah üçün “Böyük Ürəkli” nəsil

“Öyrətmək formasını dəyişməsək, bizim üçün çətin ola bilər. Çünki öyrətmək formamız, öyrətdiklərimiz 200 il əvvəldən qalmadır. Uşaqlarımıza robotlarla rəqabət aparmağı öyrədə bilmərik. Onlar daha ağıllıdırlar. Dəyər, inanc, sərbəst düşünmə, komanda birliyi, başqalarına dəyər vermək… Bunlar insani bacarıqlardır. Bilik sizə bunları öyrətməz. Öyrətdiklərimiz, robotlardan daha fərqli olmalıdır”.

Bu sözləri e-ticarət sahəsində fəaliyyət göstərən Alibaba Groupun qurucusu, başçısı və eyni zamanda köhnə müəllim və dünyanın tanınan varlılarından olan Jack Maya aiddir. Amma bu sözləri dəyərli edən onun milyard dollarlıq sərvətindən üstün olan möhkəmlik, xəyalpərəstlik və xeyriyyəçilikdir.

Jack Manın qeyri-adi xarakteri

Orta səviyyəli musiqiçi bir ailənin ortancıl uşağı olaraq dünyaya gələn Ma, 12 yaşındaykən ingilis dilində öyrətməyə duyduğu maraq səbəbilə 8 il müddətində turistlərə ödənişsiz rəhbərlik edib. Bu təcrübə onun öyrənməyə və öyrətməyə qarşı olan sevgisinin göstəricisidir. Çünki bu xidmət qarşılığında pul almaması bir yana, turistlərin olduğu yerə getmək üçün hər gün kilometrlərlə velosiped sürməyi belə özünə problem etməyib. Gözlənildiyi kimi bu sevgi onu məktəb damı altında təhsil almağa istiqamətləyib. Gözlənilməyən isə Manın dörd il müddətində universiteti qazana bilməməsi və bunun nəticəsində Hangzhou Müəllimlər İnstitutuna qəbul olmağı bacarması olub. Buraya qədər davam edən hekayə – kiçik yaşlardakı təcrübələr, imtahan uğursuzluqları – nadir də olsa bəzilərimiz üçün hələ də tanış ola bilər. Lakin Manın universitet illərində və sonralar müraciət etdiyi 30-a qədər fərqli işin hamısından rədd cavabı alması və yenidən yoxlamaqdan əl çəkməməsi olduqca qeyri-adidir.

Həyatının dönüş nöqtəsi isə 31 yaşında Amerikaya getdiyi vaxtda internetlə tanış olması olub. Ma geri döndüyündə internetlə bağlı nələrsə etməyə qərar verib. O dönəmdə Çində olan kompüterlərin sayının az və qiymətinin baha olması onu düşüncəsindən döndərməyib və bu işə “Demək ki, Çinin İnternetlə tanış olma vaxtı gəlib” deyərək başlayıb. 17 dostunu internet üzərindən e-investisiya etməyə razı saldıqdan sonra Jack Ma kod yazmaq ilə bağlı heç bir məlumatı yox ikən, Alibaba şirkətini öz evində qurub.

Özünün həyatını qısaca izah edən bu səhnələr Ma üçün uğursuzluğun, zəfərə gedən yolda təcrübədən keçən təbii bir müddət olduğunu ortaya qoyur. Özü düşdüyü yerdən sanki hacıyatmaz kimi yenidən qalxıb, həmişə yenidən, başqa bir yolla, əl çəkmədən yoxlayıb.

Bir neçə müddət bundan əvvəl isə təqaüdə çıxdıqdan sonra yenidən müəllimlik edəcəyini bu sözlərlə açıqlayır: “Müəllimliyə geri qayıtmaq istəyirəm, çünki etdiyim iş məni çox həyəcanlandırır. Dünya böyükdür və mən hələ gəncəm, buna görə də yeni şeylər yoxlamaq istəyirəm”.

Jackın həyatı ümidsizlik bilməyən bir xəyalpərəstin real həyat hekayəsidir. O, bacarığını biliyinə deyil, biliyinin işləyiş formasına borcludur. Bu adətən məktəblərdə – təəssüf ki – öyrənmədiyimiz, lakin öyrənə biləcəyimiz bir üstünlükdür. Bu səbəblə də məqalənin əvvəlində də qeyd edildiyi kimi, Manın bizlərə nəsihəti intellektual biliyə göstərdiyimiz marağı xarakter inkişafına da yönləndirməyimiz və beləliklə yeni nəsli özlərini inkişaf etdirmələri üçün dəstəkləməyimiz yönündədir.