İngiltərədə aparılan bir araşdırmanın nəticələri belə deməyə əsas verir ki, bir insanın gələcək həyatı bütünlüklə onun uşaq vaxtı yaşadıqlarından, psixoloji vəziyyətindən asılıdır. Buna görə də mütəxəssislər xüsusən də həssas yaş dönəmlərində valideynlərə övladlarının psixoloji sağlamlığına qarşı həssas olmağı məsləhət görürlər.
Uşağın psixoloji sağlamlığının pozulması əlamətləri isə əsasən aşağıdakılar hesab edilir:
Kefsizlik;
Yuxusuzluq;
İştahsızlıq;
Altını islatma;
Həddindən artıq qorxma;
Yorğunluq problemi.
Bu araşdırmaya rəhbərlik edən iqtisadçı- ekspert Richard Layard və onun komandası 1970-ci ildə doğulan 9000-ə yaxın insan arasında sorğu keçirib. Sorğu zamanı həmin insanların uşaqlıq xatirələri dinlənilib və onların uşaq vaxtı yaşadıqlarının indiki həyatlarına nə dərəcədə təsir etməsi məsələsi araşdırırlıb.
Bu araşdırmanın nəticələrinə görə, uşaq vaxtı ailəsində heç bir problemi olmayan, valideynlərinin onu daim dinlədiyini, fikirlərinə hörmət etdiyini bildirən insanlar təxminən 20 yaşdan sonra karyera, ailə məsələlərində istədikləri uğuru qazanmağa başlayıblar. Nisbətən problemli uşaqlıq yaşayan, bu yaşlarda psixoloji problemlərinin valideynləri tərəfindən başa düşülmədiyindən şikayətlənənlər isə uşaq ikən yaşadıqlarının onların indiki həyatına, öz uşaqları ilə davranışlarına da mənfi təsir etdiyini etiraf ediblər.
Bütün bu təcrübələrdən sonra Layard və onun komandasının gəldiyi əsas qənaət belə olub: Övladınızı gələcəkdə hər kəsə nümunə olacaq fərd kimi yetişdirmək istəyirsinizsə, uşaq vaxtı onun fikirlərini önəmsədiyinizi göstərin, uşaqların psixoloji sağlamlığına xüsusi diqqət yetirin.