“Baby star” uşaq bağçası uşaqlarda əməyə sevgi yaratmaq məqsədilə növbətçilik sistemi hazırlayıb. Uşaq bağçasının müəlliməsi Həbibova Mehriban məlumat verib. Mehriban xanım növbətçilik sisteminin yaş qruplarına əsasən təşkil olunduğunu deyir:
“Uşaq bağçasında növbətçilik kiçik yaş qrupunun ikinci yarım ilindən başlayaraq təşkil olunur. Bunun üçün növbətçilik cədvəli hazırlanır və divardan asılır.
Uşaq bağçalarında növbətçilik cədvəlinin təşkili ilk növbədə uşaqları müstəqilliyə öyrədir, onların tərbiyə olunmasında mühüm rol oynayır. Uşaqlara müxtəlif tapşırıqlar verilir. Yaş qrupundan asılı olaraq tapşırıqlar mürəkkəbləşdirilir.
Üç növ növbətçilik var:
1.Mətbəxdə növbətçilik;
2.Qrup otağında növbətçilik;
3.Təbiət guşəsində növbətçilik”.
Mehriban xanım növbətçilik sistemində uşaqlarla şəxsiyyət kimi davranmağın vacib olduğunu bildirir:
“Adətən növbətçiliyin hər növü 2 uşağa tapşırılır. Növbətçilər gündəlik dəyişilir. Onlar üçün önlüklər hazırlanır. Tərbiyəçi çalışmalıdır ki, növbətçilik formal olmasın. Uşaqlar onların əməyinin kollektiv üçün faydasını dərk etsinlər. Tərbiyəçi uşaqlara öz köməkçiləri kimi müraciət edir. Onları həvəsləndirir. Məsələn: Məşğələyə başlamazdan əvvəl “Afərin, növbətçilər artıq vəsaitləri düzüblər. Sağ olsunlar. Başlaya bilərik” kimi sözlərlə uşaqları ruhlandırır. Belə rəğbətləndirmələr uşaqların əməyə münasibətini yüksəldir”.
Müəllimə bildirir ki, növbətçilik sistemi ilin əvvəlindən hazırlanır:
“İlin əvvəlində tərbiyəçi 2 növbətçi arasında işləri bölüşdürür. Məsələn: Lalə karandaşları, Azər albomları paylayacaq. İlin ikinci yarısında isə uşaqlar artıq tərbiyəçinin “vəsaitləri paylayın” tapşırığı ilə nə iş görəcəklərini bilirlər. Bununla da tərbiyəçi uşaqlara birlikdə işləmək, tapşırıqları yoldaşları ilə bölüşdürmək kimi müsbət keyfiyyətlər aşılayır .
Adətən növbətçiləri seçərkən uşaqlardan biri çevik, cəld, digəri isə zəif uşaq olmasına diqqət yetirilir. Bu zaman tərbiyəçi nəzarət etməlidir ki , tapşırığın bütün hissəsini eyni uşaq yerinə yetirməsin. Növbətçilik uşaqlara işi paylaşma bacarığını, heyvanlara , bitkilərə , həmçinin dostlarına qayğı göstərməyi öyrədir”.