Məktəbəqədər təhsil sahəsində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün Education Management Network Şirkətinin rəhbəri Rasif Dünyamalı BOT modelini təklif edir.
Rasif Dünyamalı bildirir ki, dövlətin bu modeldə əsas rolu müəssisə üçün torpaq sahəsinin ayrılması, kommunikasiya xətlərinin təmin edilməsi, hüquqi prosedurların həyata keçirilməsi və növbəti mərhələdə fəaliyyəti üçün müsbət ayrıseçkiliyinin tətbiq edilməsindən ibarətdir.
Rasif Dünyamalı BOT modelinin tətbiqi haqqında həmçinin əlavə edib ki:
“Məktəbəqədər təhsil sahəsində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün yerli və xarici özəl İnvestesiyanın cəlb olunması vacib məsələlərdəndir. Bu hökümətin də əsas siyasətindən biridir və bunun bariz nümunəsidir ki, özəl uşaq bağçaları cənab prezident İlham Əliyevin sərəncamı əsasında 10 il müddətində gəlir və mənfəət vergisindən azad edilib. Həmin addım özəl uşaq bağçalarının sayının artmasına müəyyən mənada dəstək olub, həmçinin mövcud özəl uşaq bağçalarının isə maddi-texniki bazasının genişlənməsinə və innovativ yanaşmaların tətbiq edilməsinə səbəb olmuşdur.
Məktəbəqədər təhsil sahəsinə investesiyaların cəlb olunmasında və investesiyaların həvəsləndirilməsi üçün dünya təcrübəsində tətbiq olunan 3 model haqqında danışmaq istəyirəm. Beynəlxalq iqtisadiyyatda geniş tətbiq olunan BOT (Build, Operate, Transfer) modelinin məktəbəqədər təhsil sahəsinə həm yerli həm də xarici investesiyaların cəlb olunmasına öz uğurlu töhfəsini verə bilər. Beləki, investorların əsas risk olaraq gördüyü investisiyaya qarantın olmaması bu modeldə aradan qalxır və dövlət investisiyanın və yeni yaranmış müəssisənin qarantı rolunda çıxış edir. Dövlətin qarant olması isə yeni yaranmış müəssisə üçün sonrakı mərhələdə müxtəlif yoxlamaların, məmur özbaşınalığının, lüzumsuz gecikmələrin aradan qalxmasına səbəb olacaqdır. Modelin tətbiqinə əsasən yerli və xarici investorun maliyyəsi hesabına yaranmış müəssisə dövlətlə razılaşdırılmış şərtlər çərçivəsində müyyən olunmuş müddət ərzində investor tərəfindən idarə olunur və müddət bitdikdən sonra dövlətə təhvil verilir. Dövlətin bu modeldə əsas rolu müəssisə üçün torpaq sahəsinin ayrılması, kommunikasiya xətlərinin təmin edilməsi, hüquqi prosedurların həyata keçirilməsi və növbəti mərhələdə fəaliyyəti üçün müsbət ayrıseçkiliyinin tətbiq edilməsindən ibarətdir. Sual yarana bilər ki, investor öz investisiyasını bu bağçadan neçə geri qaytaracaqdır? Əlbəttə dövlətlə razılaşdırılmış müddət ərzində həmin müəssisə özəl – pullu xidmət formasında fəaliyyət göstərəcək və dövlətin müəyyən etdiyi kvotaya uyğun yerləşdiyi icmadan uşaqları pulsuz olaraq bağçaya cəlb edəcəkdir. Bu modelin üstün cəhəti ondan ibarətdir ki, dövlət investesiyaları təhsilin inkişafı üçün başqa sahələrə yönəldilə, həmçinin “istifadə olunmayan pullar” daha yararlı işlərə sərf oluna bilər.
Məktəbəqədər təhsil sahəsindəki investesiyaların həvəsləndirilməsi üçün isə təklif olunan model uşaq hesabı dövlət sifarişidir. Beləki, dövlət tərəfindən yeni uşaq bağçalarının tikilməsi böyük vəsait tələb edir və dövlət büdcəsi bu xərc qarşısında çətinliklərlə qarşılaşa bilər. Həmçinin, dövlət özü investesiya edib tikdiyi uşaq bağçasında sonradan hər uşaq üçün dövlət büdcəsindən xərclər təyin edir. Halbuki, dövlət yeni bağçaların tikintisini mənəvi və siyasi dəstək göstərməklə sahibkarlara həvalə edə bilər və sonradan həmin ərazidə bağçaya ehtiyacı olan uşaqların hər biri üçün sahibkara sifariş verə bilər. Bu sifariş açıq tender formasında və seçim valideynlərin istəyi əsasında baş verəcəyi zaman isə sahibkarlar idarə etdikləri uşaq bağçalarının keyfiyyətinin davamlı yüksəldilməsinə səy göstərəcəklər.
Yeni tikililərin günü gündən artdığı bir zamanda məktəbəqədər təhsil müəssisələri kimi sosial obyektlər investorların unutqanlığına tuş gəlir. Bu gün Bakı şəhərində tikilən yeni binaların, yaşayış komplekslərinin heç birində demək olar ki, əvvəlcədən planlaşdırılmış və layihəyə salınmış məktəbəqədər təhsil müəssisələrinə rast gəlmək mümkun deyildir. Bunu nəzərə alaraq, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması üçün hər tikilən yeni yaşayış kompleksində 4 qruplu 80 nəfərlik uşaq bağçasının qurulması bina layihəsinin təsdiqinə şərt kimi qoyulsun və bu uşaq bağçasında dövlətin 20 nəfərlik kvotası olsun.
Əlbəttə bu modellərin tətbiqi o qədər də asan iş deyil və qanunvericilik, kadr və maliyyələşmə bazasında müəyyən dəyişikliklər tələb olunur. Bunlar isə ölkə rəhbərliyinin siyasi iradəsi sayəsində mümkun ola bilər”.