Uşaqlar iki yaşlarından sonra istədiklərinə nail olmaq üçün tez-tez valideynləri ilə mübahisə etməyə başlayır. Bu mübahisələr zamanı balacalarla düzgün rəftar qaydalarını bilmək istəyirsinizsə, məqaləmizi sona qədər oxuyun. Bu dəfəki məqalədə sizə inadkar uşaqların tərbiyyəsi zamanı əməl etməli olduğumuz əsas qaydalar haqqında məlumat verəcəyik.
2 yaşdan sonra uşaqlar danışmağı və gəzməyi öyrənir, əvvəlki illərə nisbətən valideyn aslılığından nisbətən azad olurlar. Azad hərəkət etməyə başlayandan sonra isə onlar nələri edə biləcəklərinə özləri qərar verməyə çalışırlar. Buna görə də sizinlə inadlaşmağa, öz bildiklərini yeritməyə başlayırlar.
Əziz valideynlər, xəbəriniz olsun ki, bu zaman övladınızın davranışlarına qarşı göstərdiyiniz sərt reaksiya onlarda bunun vərdişə çevrilməsinə səbəb olacaq və zamanla bu mübahisələrin artmasına şərait yaradacaq.
Bu zaman yüksək səs tonu və əl hərəkətləri ilə fikrinizi çatdırmaqdansa, daha təmkinli olub onun fikirlərinə sakit formada cavab verməyə çalışmağınız ideal çıxış yoludur. Siz övladınıza nəyisə qadağan edirsinizsə, o isə sizin sözünüzə qulaq asmayıb öz bildiyini etməkdə israr edirsə, bu zaman qışqırmaq əvəzinə, ona etdiklərinin nə üçün yanlış olduğunu izah edin. Amma bunları mümkün qədər yumşaq formada izah edin. Mübahisələriniz zamanı ona güzəştə getməyə çalışın. Onun fikirlərində haqlı olduğu hissələr varsa, bunu özünə də bildirin. Eyni zamanda sizin nə üçün ondan daha haqlı olduğunuzu izah edin.
Mütəxəssislərin sözlərinə görə, uşaqların inadkar, ərköyün böyüməsinə səbəb olan əsas amillərdən biri valideynlərin onlara kifayət qədər vaxt ayırmamasıdır. Buna görə də uşaq psixoloqları gün ərzində valideynlərlə övladların ən azı bir saat birlikdə vaxt keçirməsini mütləq hesab edirlər. Bu vaxt onunla müxtəlif yarışlar keçirməyiniz, oyunlar oynamağınız həm övladınızın beynini inkişaf etdirəcək, həm də sizin onu daha yaxından tanımağınıza şərait yaradacaq.
Övladınız sizin xasiyyətinizi, “olar, olmazlarınızı” bildikdən sonra artıq siz ona “Bunu etmək olmaz” dediyiniz zaman siz izahat vermədən o özü bunu niyə etməməli olduğunu izah etməyə başlayacaq.