Həmişə məşğul olmaq “xəstəliyi”

Bir neçə gün əvvəl yolda çox sevdiyim dostlarımdan birini gördüm. Dayanıb hal-əhvalını, ailəsini soruşdum. Mənə baxdı, qısıq səslə dedi: “Çox məşğulam… Çox məşğulam… Etməli olduğum o qədər çox şey var ki!”

Onun ardından bir başqa dostumla da qarşılaşdım. Onunla da hal-əhval tutduğumda eyni səs tonu ilə eyni cavabı verdi: “Çox məşğulam… Etməli olduğum bir ton şey var”.

Əsəbi, yorğun və hətta əldən düşmüşdülər.

Və bu durumda olan sadəcə yetkin insanlar deyil.

On il əvvəl böyük şəhərə köçəndə çox həyəcanlı idik. Gözəl bir məhəllə və məktəb tapdıq. Hər şeyi ilə möhtəşəm idi. Köçdükdən sonra olduqca cana yaxın qonşularımızdan birinə gedib onların qızı ilə bizim qızımızın birlikdə oynayıb-oynayamayacağını soruşduq. Baxdı, baxdı… Nəhayət, bizə dönüb “İki həftədən sonra 45 dəqiqəlik boş vaxtı var. Qalan vaxtları gimnastika, piano və vokal dərsləri ilə doludur. Çox məşğuldur”.

Həddindən artıq yıxıcı vərdişlər daha erkən yaşlardan yaranır, həqiqətən, erkən.

Biz necə bu hala gəldik? Bunu özümüzə nə üçün edirik? Bunu uşaqlarımıza niyə edirik?

Uşaqların palçıq və kir içində qaldığı, ətrafı dağıdaraq əyləndiyi, sıxıldığı dünyaya nə oldu? Onlara bu qədər yüklü proqramlar hazırlayıb davamlı məşğul və dolayısı yolla stressli olmaqlarına uşaqlarımızı çox sevdiyimiz üçünmü səbəb oluruq? Onları eynilə özümüz kimimi etməyə çalışırıq?

Çox sevdiyimiz insanlarla oturub qəlbimizin və ruhumuzun vəziyyəti haqqında etdiyimiz uzun söhbətlərə nə oldu? Yavaş-yavaş açılan, dərinləşən, arada səssizlik çökən və bundan heç narahatlıq hiss etmədiyimiz, tələsiyə gətirmədiyimiz söhbətlər?

Biz daha çox və davamlı daha çox şey etmək məcburiyyətində qaldığımız, amma boş zamana, oturub düşünməyə, dostlarla vaxt keçirməyə, ya da sadəcə var olmaya çox az zaman ayırdığımız dünyayı necə yaratdıq?

Sokrat deyir ki, “Üzərində düşünülməmiş, sorğulanmamış bir həyat yaşamağa dəyməz”. Bu qədər məşğul ikən buna necə nail ola bilərik?

“Məşğul” olmaq xəstəliyi həm sağlamlığımız, həm də ruhumuz üçün mənfi təsirlərə sahibdir. Çünki davamlı məşğul olmaq ailələrimizlə, sevdiklərimizlə dolu-dolu vaxt keçirə bilməyimizi və əslində, çox arzuladığımız bir şey olan kiçik cəmiyyətlər yarada bilməyimizi baltalayır.

1950-ci illərdən etibarən o qədər çox yeni texnoloji alət həyatımıza girdi ki, bunların həyatlarımızı daha asan, daha sürətli və daha sadə hala gətirəcəyini düşündük, ya da inandırıldıq. Halbuki bu gün əvvəllər sahib olduğumuz boş zamana sahib deyilik artıq.

Və bəzi “imtiyazlı” olanlarımız üçün iş və ev arasındakı cizgilər tamamən bulanıqlaşmış vəziyyətdədir. Həmişə əlimizdəki cihazlara baxırıq.

Ağıllı telefonlar və kompüterlər ofis və ev arasında heç bir ayrı-seçkilik yoxdur deməkdir artıq. Uşaqlarımız yatandan sonra yenidən onlayn oluruq.

Günlük olaraq verdiyim mübarizələrdən biri də elektron poçtların (email) bir uçqun kimi üzərimə gəlməsidir. Onlarla, həqiqətən, savaşdığımı hiss edirəm. Davamlı yüzlərcə və yüzlərcə emailin altında qalıram və bunu necə dayandıra biləcəyim haqqında qətiyyən fikrim yoxdur. Çox fərqli cəhdlərim oldu: Sadəcə axşamlar cavablamaq, həftə sonları cavablamaq, insanlardan daha çox üz-üzə görüşməyi tələb etmək…

Gəlməyə davam edirlər. Hər kəs məndən cavab gözləyir. Deyirəm: “Deməli, mən də çox məşğulam”.

Bəzilərimiz üçün isə həyat daha fərqlidir. Ailələrini ayaqda tutmaq üçün iki işdə birdən işləmək, aşağı maaşları səbəbilə əlavə işlər etmək məcburiyyətində qalan insanların da sayı az deyil. Onlar da buna görə çox məşğuldur.

Bir valideynin işlədiyi əvvəlki kiçik ailə modelləri də artıq bir o qədər məşhur deyil. Bu gün tək valideynli ailələr, ya da hər iki valideynin də işlədiyi ailə sayısında ciddi artım var. Onlar da çox məşğuldur.

Bəzi mədəniyyət və dillərdə (Fars, yaxud Ərəb dili) qarşısındakı insanın necə olduğunu soruşanda o insanın qəlbinin tam o anda hansı vəziyyətdə olduğunu soruşmuş olursan. Yəni “Necəsən?” deyə sual ünvanlayanda etməli olduqları siyahısında çox şeymi olduğunu, yaxud email qutusunun dolu olduğunu soruşmuş olmazsan. “Ürəyin necədir hazırda?” deyə soruşarsan. Mənə qəlbini başa sal deyərsən. Qəlbin xoşbəxtdirmi, qırılğandırmı, üzgündürmü, qəlbin bir insan üçünmü darıxır? Qəlbinə bax və sorğula, ruhunu kəşf et və sonra mənə qəlbinlə və ruhunla bağlı bir şey de.

Sehrli həllərim yoxdur, əlbəttə, amma “gerçək” insan kimi yaşamağı itiririk kimi hiss edirəm. İşlə və texnologiya ilə daha fərqli bir münasibətə ehtiyacımız var kimi gəlir mənə. Həyatlarımızı, cəmiyyətlərimizi, ailələrimizi daha fərqli bir modeldə nizamlamağımız lazım olduğuna inanıram.

Uşaqlarımın kirli, dağınıq və hətta sıxılan uşaqlar olmağını istəyirəm. Çünki ancaq bu şəkildə bir insan olmağı öyrənə biləcəklər. Dura bildiyimiz, bir-birimizin gözlərinə baxıb, bir-birimizə toxunub birlikdə araşdıra biləcəyimiz anların olduğu bir varoluşa sahib olmaq istəyirəm.

Bu gün qəlbin necədir? Hazırda qəlbin hansı vəziyyətdədir?

Bundan sonra hansısa dostum “Çox məşğulam”, deyə cavab verəndə “Bilirəm, əzizim. Hamımız eləyik, amma qəlbin necədir, o maraqlıdır mənə” deyəcəyəm.

Mənbə: egitimpedia.com