Ailədə körpənin dünyaya gəlməsi ilə bütün düzən, o cümlədən də qida rasionu dəyişir. Ancaq unutmaq olmaz ki, uşağın həzm edə bilməyəcəyi bir çox qidalar var. 1 yaşına qədər uşaqların mədə-bağırsaq sistemi hələ tam formalaşmadığından yalnız ana südünü həzm etmək iqtidarında olur. Böyüklərdən fərqli olaraq uşaqların bağırsaqlarında xeyirli bakteriyalar inkişaf etmir. Bu isə bir sıra qadaların uşaq orqanizminə zərər verə biləcəyindən xəbər verir.
Bagcam.az Medicina.az-a istinadən hər gün mətbəxdə işlətdiyimiz bəzi qadaların uşaqlara hansı yaşlardan verilməli olduğunu təqdim edir:
1. Bal – böyüklərdən fərqli olaraq, uşaqların həzm sistemində botulizm bakteriyalarına nəzarət edən, onların çoxalmasına və zəhər yaymasına mane olan faydalı bakteriyalar hələ inkişaf etmir. Balın tərkibində botulizm yaradan bakteriyalar mövcud olduğu üçün, uşaq orqanizmi bu bakteriyanın öhdəsindən gələ bilmir. Buna görə də, 2 yaşınadək uşaqlara bal vermək qətiyyən olmaz.
Bal həmçinin güclü allergendir. Buna görə də onu uşağın rasionuna ehtiyatla əlavə etmək tələb olunur. Onu bir neçə damcı suya və kompota əlavə edərək uşağa içirtmək olar.
2. Çay – uşağa yalnız su və süd içirtmək ananın işini bir az çətinləşdirir. Uşağın yaşı artdıqca onun qida menyusuna meyvə şirələri və bitki çayları əlavə etmək lazımdır. Uşaq ana südü deyil, əlavə qida alırsa, o zaman xüsusi çaylar vermək olar. Bunlara çobanyastığı, şüyüd, nanə, melissa çaylarını misal çəkmək olar. Bu çaylar sakitləşdirici, mədə-bağırsağın işini normallaşdıran xüsusiyyətlərə malikdirlər.
Qara çayı isə uşağa yalnız 3 yaşdan sonra vermək məsləhətdir. Çayı uşağa gündə 1 dəfə yalnız səhərlər vermək daha məqsədəuyğundur. Çünki onun tərkibində olan kofein uşaqda əsəbilik və yuxusuzluğa səbəb ola bilər.
3. Sarımsaq – çox xeyirli, amma ağır qidadır. Tərkibində bir çox fitonsid maddələrin (bakteriya öldürücü) olmasına baxmayaraq, bağırsağın mikroflorasına zərər vermir. Amma körpənin həzm traktı onu qəbul etmək iqtidarında deyil. Ona görə də südəmər uşaqlara verilməsə yaxşı olar. Yalnız 8-9 ayından sonra uşağın rasionuna çiy yox, şorbaların və pürelərin tərkibində bişmiş şəkildə daxil etmək olar. Gün ərzində yalnız 1 diş sarımsaqdan istifadə etmək olar. Çiy halda isə yalnız 3-4 yaşından gün ərzində 1 diş olmaqla verilə bilər.