“Qidalanma rejimi uşaqların inkişafda olan orqanizmini enerji və əsas qida maddələri ilə təmin etməlidir”.
Bu sözləri Bagcam.az-a uşaq bağçasının meneceri Vəfa Şirinova uşaqların qida rejimi ilə bağlı müsahibəsində bildirir. O deyir ki, uşaqların həyatının birinci ilində enerjiyə, zülallara, yağlara və karbohidratlara tələbatı bədən kütləsinin qram və kiloqram hesabı ilə nəzərə alınır:
“9 aylığından başlayaraq, uşaqlar üçün 4 saatdan artıq olmayan fasilələrlə qidalanma məqsədə uyğun sayılır. Uşaqların məktəbəqədər təhsil müəssisəsində qalması müddətindən asılı olaraq, gündəlik qida rasionunun ümumi kalorilik dərəcəsi bölüşdürülməlidir. Məktəbəqədər təhsil müəssisələrində 10 və 12 saat qalan uşaqlar üçün dövlət standartlarında 3 dəfəlik yemək və gücləndirilmiş nahar nəzərdə tutulsa da, uşaq bağçasında əlavə qəlyanaltılarla birgə 5 dəfə qidalanma təşkil olunmuşdur. Gündəlik qida rasionunda ümumi kaloridən ± 5 faiz kənara çıxmalara yol verilir”.
Hər uşaq müəssisəsində qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmasının önəmini vurğulayan Vəfa xanım uşaq bağçasının menyusundan da danışır:
“Bizim bağçada 20 günlük, 134 adda müxtəlif çeşidli və müxtəlif ağız dadlı menyu tərtib olunub. Menyuya çörək, yarma, süd, ət, toyuq, kərə yağı və bitki yağları, kəsmik, pendir, yumurta, şəkər, meyvə, tərəvəzlər hər gün, balıq, qaraciyər, zeytun, quru meyvələr isə həftə ərzində daxil edilir. 20 günlük menyu əsasında müxtəlif yaş həddində olan uşaqlar üçün nəzərdə tutulmuş yeməklərin adı göstərilməklə, təxmini nümunəvi sifariş menyusu tərtib olunur. Müxtəlif yaşlı uşaqlar üçün tövsiyə edilən yeməklərin sadəcə həcmi (porsiya) bir qədər fərqlənir”.
Vəfa xanım deyir ki, menyularda əhalinin qidalanması, ərazi və milli xüsusiyyətləri, eləcə də uşaqların sağlamlıq vəziyyəti əsas götürülür:
“Hər hansı bir məhsul olmadıqda, qidalanmanın tam dəyərli tənzimlənməsi üçün məhsulların əvəzlənməsi standartlara uyğun olaraq, tərkibinə görə eyni dəyərə malik başqa məhsullarla həyata keçirilir.
Qış vaxtı və erkən yaz aylarında təzə tərəvəz və meyvələrin olmaması ilə əlaqədar olaraq, realizə müddətlərinə riayət edilməsi şərtilə menyuya şirələrin, təzə dondurulmuş tərəvəzlərin və meyvələrin daxil edilməsinə xüsusi diqqət edirik. Məsələn yayın son ayı meyvələrin bol vaxtı alınıb, yuyulur və dərin dondurucuda qış və ilkin yaz fəslində kompot hazırlanaraq istifadə olunur.
Vitaminlərin və mikroelementlərin çatışmazlığının profilaktikası üçün həkim-pediatr təyinatına əsasən, yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq icazəsi olan və sanitar-epidemioloji rəy verilən, eləcə də körpə və məktəbəqədər yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan bioloji aktiv qida əlavələrindən istifadə edilməsinə yol verilir.
Hər həftə gündə bir dəfə tibb işçisi qida məhsullarının bir uşağa verilmə normasının yerinə yetirilməsinə nəzarət edir və zəruri hallarda qidanın növbəti 20 günlük dövr üçün korreksiyasını həyata keçirir”.
Menecer bildirir ki, yemək menyusu hazırlanarkən uşaqların fərdi damaq dadları nəzərə alınır.
Qidalanma ardıcıllığının təmin olunması üçün gündəlik menyu bir həftə öncə valideynlərə təqdim olunur:
“Uşağın qidalanmasına dair valideynləri müntəzəm olaraq məlumatlandırırıq. Valideynin uşağın hər hansı qidaya allergik reaksiyası və ya əks göstərişi halında menyuda mütləq individual olaraq dəyişiklik edirik.
Tibb işçisi tərəfindən xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparıldıqdan və müayinə üçün nümunə götürüldükdən sonra hazır yeməklərin uşaqlara paylanmasına icazə verilir. Porsiyalara ayrılmış yeməklərin çəkisi bölgü menyusundakı göstərici ilə eyni olmalıdır. Yeməklərin hazırlanması texnologiyası diqqətlə nəzərdən keçirilir. Əgər hər hansı çatışmazlıqlar qeyd olunarsa, yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir”.
Sonda isə bağçanın meneceri hazır məshulların gündəlik nümunələrinin həcmindən, nümunələrin götürülmə və saxlanılma şəraitindən də söhbət açır. O qeyd edir ki, gündəlik nümunə bir porsiya
həcmində, 100 qramdan az olmayaraq, yemək və ya qarnir nümunələri şəklində götürülür:
“Nümunələr qapaqlı steril şüşə qabda götürülərək (qarnir və salatlar ayrı qablarda saxlanılır), xüsusi soyuducuda(həkim otağında) və ya soyuducunun bu məqsədlə ayrılan bölməsində 48 saat ərzində 2-6°C temperaturda saxlanılır. Gündəlik nümunənin düzgün götürülməsi və saxlanma şəraiti üzərində nəzarəti tibb işçisi həyata keçirir. Uşaqların qidalanması zamanı süni mənşəli qida əlavələrindən, ədviyyatlardan, istiotlu xörəklərdən, tərkibində süni mənşəli qida əlavələri olan (sintetik aromatizatorlar, boyalar) məhsullardan, o cümlədən spirtsiz qazlı sulardan, qənnadı məmulatlarından, saqqızlar və çipslərdən, qəlyanaltı konservlərindən, duza qoyulmuş meyvə və tərəvəzlərdən (xiyar, pomidor, gavalı, alma), piylərdən, 72 faizdən az yağlılığı olan kərə yağından, hisə verilmiş məmulatlardan, mayonez, bibər, xardal, qıtıqotu, sirkə, istiotlu souslardan və təbii qəhvədən istifadə edilməsinə yol verilmir”.