Dayə seçərkən bunlara diqqət edin!

iStock_000008977521Medium

Əksər hallarda işləyən valideynlər övladları ilə kifayət qədər vaxt keçirə bilməməkdən şikayətlənirlər. Psixoloqların sözlərinə görə, bu zaman onlar uşaqdan daha çox sıxılır, özlərini günahlandırmağa başlayır. Bu isə öz növbəsində onlarda psixoloji gərginlik yaradır.

Əziz valideynlər, əgər siz də belə zamanlarda özünüzü günahkar hiss etmək istəmirsinizsə, övladınızı peşəkarlara, bu işi ixtisas kimi seçən şəxslərə- dayələrə, məktəbə qədər təhsil müəssisələrinə həvalə edin. Bəs düzgün dayəni necə seçməli? Bu məsələdə sizə yardımçı olmaq məqsədi ilə indi sizə övladımız üçün dayə axtararkən diqqət etməli olduğumuz əsas məqamlar, özəlliklər haqqında məlumat verəcəyik.

Dayə ilə görüş zamanı ilk diqqət etməli olduğunuz məqam onun davranışları, özünü necə aparması, nə deməsi, hansı sözlərdən istifadə etməsidir. Diqqət edəcəyiniz digər özəllikləri isə aşağıdakı kimi sıralaya bilərik:

Əlləri, geyimi təmizdirmi? – Övladınızın tərbiyyəsini həvalə etmək istədiyiniz şəxs təmizlik məsələsində nə dərəcədə həssasdırsa, övladınızın səliqə-səhmanına da eyni dərəcədə diqqət yetirəcək.
Danışığı səlis və şivəsizdirmi? Uşaq danışmağı yeni öyrənirsə, dayənin nitqindəki olan qüsurlar, onun danışığında da özünü biruzə verəcək.
Suallarınıza gülərüzlü, yoxsa aqresiv cavab verir?  Bir müddət sonra uşaqlar ətrafdakıların hərəkətlərini, davranışlarını ictimaiyyət içində təkrarlamağa başlayırlar. Siz evdə olmayan zaman dayənin övladınızla aqresiv rəftarı isə həm onun psixologiyasına təsir edəcək, həm də ətrafdakılarla davranışlarında özün göstərəcək.
Görüşə vaxtında gəldimi? Gələ bilməməsinin səbəblərini necə izah etdi? Bu qarşınızdakı insanın nə dərəcədə məsluliyyətli olmasından xəbər verir. Öz üzərinə düşən məsuliyyəti dərk edən insan isə əlbəttə övladınıza da məsuliyyət hissini düzgün aşılayacaq.
Hansı səbəbdən və neçə ildir dayəliklə məşğuldur? Bununla siz onun təcrübəsinin hansı səviyyədə olduğunu biləcəksiniz.
Eyni zamanda aşağıdakı suallarla qarşınızdakı şəxsi daha yaxşı tanıya bilərsiniz:

Niyə yeni iş axtarırsınız?
Nələri sevib, nələrdən nifrət edirsiniz?
Uşaqların inkişafına dair hər hansısa təhsiliniz varmı?
Uşaqlara ilkin tibbi yardım haqqında nə bilirsiniz?
Birlikdə çalışmaq istədiyiniz ailədən gözləntiləriniz nədir?
Gün ərzində uşaqla birlikdə nə işlər görürsünüz?
Verdiyiniz suallarla qane olmamısınızsa, bu sualları verərək qərarınızı dəqiqləşdirə, onun problemlərini və psixoloji durumunu öyrənə bilərsiniz.

Siqaret istifadəçisinizmi?
İşinizə təsir göstərəcək şəxsi və ya sağlamlığınızla bağlı hansısa probleminiz varmı?
Övladınız varmı? Siz işdə olan zaman uşağınınıza kim baxacaq?
İş rejiminiz necədir?
Tətil günlərini bizimlə keçirə bilərsinizmi?
Evdə kamera olmasına münasibətiniz necədir?
Yaxın zamanda evlilik, təhsillə bağlı işinizə mane ola biləcək nələrsə yarana bilərmi?
Nə qədər maaş istəyirsiniz?
Yuxarıda sadalanan suallara istədiyiniz cavabları aldıqdan sonra ondan sağlamlıqla bağlı həkim arayışı istəməyi unutmayın. Çünki övladınızı əmanət etmək istədiyiniz şəxsin davranışları, etikası ilə yanaşı onun sağlamlığına da əmin olmalısınız.

Əziz valideynlər, unutmayın ki, dayədən tələb etdiklərinizlə yanaşı, özünüz də bəzi qaydalara əməl etməlisiniz. Ən əsası dayə ilə ailənizdən biri kimi rəftar etməlisiniz.  Çünki sizin ona göstərəcəyiniz münasibət onun da övladınızla davranışına təsir edəcək.