Psixoloqların sözlərinə görə, uşaqların beyni 10 yaşa qədər xüsusi qabiliyyət və bacarıq tələb edən işləri daha asan qəbul edir. Bu yaş dövründə uşaqlarla yanaşı, valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Bu zaman valideyn əlindən gəldiyi qədər uşağın potensial qabiliyyətini üzrə çıxarmaq və bu qabiliyyəti inkişaf etdirmək üçün çalışmalıdır.
Əgər uşaqların davranışlarına fikir versəniz, görərsiniz ki, 1-6 yaş arası uşaqlar çox vaxt düşünülməmiş, məntiqsiz addımlar atırlar. Məsələn, qaynar əşyaya toxunmaq, özünü gölməçəyə atmaq, oyuncaqlarını sındırmaq və.s. Məktəbdə oxumağa başladıqdan sonra, isə onlar işlərini müəyyən məntiq əsasında görməyə başlayırlar.
Təhsil mütəxəssisi Dr. Oktay Aydının sözlərinə görə, övladınızın daha məntiqli düşünməsini, davranmasını istəyirsinizsə, onun məktəb yaşını gözləməyinizə ehtiyac yoxdur. Yuxarıda da qeyd etdiyimiz kimi uşaqların beyni 10 yaşa qədər bütün xüsusi qabiliyyət tələb edən biliklərə açıq olur. Buna görə siz evdə də onun məktəbdən əvvəl müəllimi ola bilərsiniz.
Əgər övladınızın ilk müəllimi olmaq istəyirsinizsə, bu mövzuda Sizə bir neçə məsləhətimiz olacaq.
Diqqət və yaddaş qabiliyyətini inkişaf etdirin
Diqqət və yaddaş məşğələləri yalnız bu sahədə hansısa problemi olan uşaqlar üçün deyil, bütün uşaqlar üçün nəzərdə tutulub. Gələcək gərgin dərs qrafiki zamanı övladınızın yaddaşsızlıq problemi ilə qarşılaşmasını istəmirsinizsə, ona bu məşğələləri etdirin: ardıcıl olaraq rəqəmlər və sözlər deyib, bunları onun da təkrar etməsini istəyin; qarşısına bir-birinə bənzəyən 2 rəsm qoyub, onlar arasındakı fərqləri izah etməsini xahiş edin; başa düşmədiyi cümlələri oxutdurub onları yenidən təkrarlatmağa çalışın.
Barmaqla deyil, ağlı ilə hesablamağı öyrədin
Övladınızın riyazi qabiliyyətini inkişaf etdirmək istəyirsinizsə, ona barmaqla deyil, ağılla hesablamağı öyrədin. Təcrübələr göstərir ki, uşaqlar barmaqları ilə hesablamağa öyrəşdikdən sonra barmaqlara sığmayan məsələləri həll etməkdə çətinlik çətinlik çəkir, uzun müddət köməkçi vasitələrdən (sayı çöpləri və.s) istifadə edirlər. Ona ən böyük köməkçi vasitənin ağılı olduğunu öyrədin. Bütün hesablamaları beynində aparmaq qabiliyyətini aşılayın.
Səs və görüntüsünü çəkərək izlətdirin
Övladınızın günlük fəaliyyətini, oyununu, hərəkətlərini görüntülü olaraq çəkib, daha sonra ona izlətdirin. İzləmə müddətində uşağın verəcəyi reaksiyalar çox şeyi həll edəcək. Götüntüsünü izlədikdən sonra onun verdiyi reaksiyanı, özü haqqındakı fikirlərini diqqətlə dinləyin. Harada səhv etdiyini, bu səhvin nədən ibarət olduğunu özünün söyləməsinə, dərk etməsinə imkan verin. Eyni zamanda, o dərs oxuyarkən səsini yazıb özünə dinlətdirin. Əmin olun ki, bu təcrübədən sonra övladınız özünü daha məsuliyyətli aparacaq, çünki daim kənardan kiminsə ona baxdığını, dinlədiyini düşünəcək.
Sözləri tərsinə çevirərək oxutdurun
Sözləri tərsinə çevirərək oxutdurmaq beyini inkişaf etdirən başlıca məşğələlərdəndir. Sözləri, verilən rəqəmləri, hərəkətləri tərsinə çevirin. Məsələn, maşın, 234 yazaraq uşağınızdan onu tərsinə oxumasını istəyin.
Bir neçə dəfə birlikdə məşq etdikdən sonra ona labirint göstərərək bunu təkbaşına həll etməsini istəyin, daha sonra isə labirintə başladığı yerə geri qayıtması xahiş edin.
Danışdıqlarının rəsmini çəkməsini istəyin
Beyin “daxil oldu, başa düşüldü və xaric edildi” prinsipi ilə işləyir. Kənardan beyinə daxil olan hər hansısa informasiya yazma, oxuma, hərəkət etmə formasında üzə çıxır. Övladınızın təxəyyülünü inkiaşf etdirmək istəyirsinizsə, ondan baxdığı şəkili başa salmasını, izah etmək istədiyi nəyinsə: kinonun, dinlədiyi musiqinin şəklini çəkməsini istəyin.
İzahetmə qabiliyyətini inkişaf etdirin
Kitab oxumaq uşaqların inkişafı baxımından çöx vacibdir. Ancaq hərfləri öyrəndikdən sonra birdən-birə onu iri həcmli mətnlərlə yükləməyin. Əvvəlcə ən kiçik, 2-3 cümləlik mətnlərdən başlayın, sonra həcmi genişləndirin. İlk olaraq ondan oxuduqlarından yadında qalanları, başa düşdüyü formada sizinlə bölüşməsini istəyin. Daha sonra isə oxuduqlarını kitabda yazıldığı kimi əzbərləməsini xahiş edin. Beləliklə, uşağın beynində oxumaq sistemini kodlaşdırmış olacaqsınız . Bu proses nəticəsində övladınız oxuduğunu sərbəst formada izah etməyi öyrənəcək.
Öyrəndiklərini bir dostuna danışsın
Öyrənməyin ən yaxşı yolu öyrətməkdir. Beynimiz, kənardan daxil olan informasiyaları dar formada qəbul edir. Bildiklərimizi kiməsə izah edən zaman isə o dar forma genişlənməyə başlayır. Buna görə də övladınız öyrəndiklərini dostuna danışan zaman beyni daha gərgin formada çalışacaq və öyrənmə dairəsi genişlənəcək.
Baxdığı şəkili canlandırsın
Uşağın beynində canlandırdıqlarını başa salmasından çox şey asılıdır. Onun gözünü bağlayıb, nə isə haqqında danışmağa başlayın. Danışacaqlarınız bitdikdən sonra gözünü açıb ondan danışdıqlarınızın rəsmini çəkməsini xahiş edin. Sonra isə gözlərini bağlayaraq çəkdiyi rəsm haqqında danışmasını istəyin.