Balacaların 8 Mart hədiyyəsi

1910-cu ildən 8 mart tarixi  Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Qadınlara qarşı nəzakət, sevgi və qayğını tərənnüm edən bu bayram  “Education Managment Network”a daxil olan uşaq bağçasında da təntənəli şəkildə keçirilib.

2 ay ərzində tamaşaya hazırlaşan balacalar öz analarını rəqslər və kiçik səhnəciklərlə sevindiriblər. Bu kimi tədbirlərin əhəmiyyətindən  uşaq bağçasının teatr və pantomim müəllimi Əli Əlizadə bəhs edib:

“Uşaqlar sosiallaşmağı bacarırlar. Səhnəyə, tamaşaçı qarşısına çıxırlar və onlarda seçim yaranır.  Onlar səhnədə özlərini hiss edəndə başa düşürlər ki, rəqs də, musiqi də, oxumaq da, pantomima da, teatr da var. Yəni böyüyəndə artıq özləri üçün hansı sənəti seçmək baxımından, onlarda bir formalaşma yaranır ki, hansı istiqamətə getmək istəyirlər”.

Övladları ilə birlikdə analar da tamaşada çıxış edib, müxtəlif rəqslər nümayiş etdiriblər. Öz təəssüratlarını Bagcam.az-la bölüşən Solmaz və Nigarın valideyni Aygün Mövlayeva tədbirin həm valideynlər, həm də uşaqlar üçün yaddaqalan keçdiyini  deyib:

“Bu bayramı təşkil edənlər bu uşaqlarla çalışanlar həqiqətən də böyük ehtiramla, əziyyətlə çalışdığı hiss olunurdu. Biz valideynlər bunu həqiqətən də hiss edirik və belə bir uğurlara çox sevinirik”.

Ayxanın valideyni Rəbinə Bağırzadə də tədbirin yüksək səviyədə təşkil olunduğunu vurğulayıb:

“Bugünkü tədbir çox gözəl idi. Uşaqlarımızın bizə təbriki, müəllimlərin əziyyəti çox xoş oldu bizə. Övladlarımıza da təşəkkür edirik ki, bizə bu gün belə sevinc bəxş elədilər və çox sevinirik ki, hər birimiz bir anayıq və onlar da bu gün bizim 8 Martımızı qeyd elədilər”.

Qeyd edək ki, tədbirin sonunda balacalar hazırladıqları hədiyyələri analarına təqdim ediblər.