“Baby Star” uşaq bağçasında uşaqların daha maraqlı vaxt keçirmələri üçün müxtəlif əyləncə və məşğələlər keçirilir. Onlardan biri də “Kəşf edirəm” adlı məşğələdir.
Bu barədə danışan bağçanın meneceri Kamilə Baloğlanova bildirib ki, uşaqların istirahətini daha səmərəli təşkil etmək bağçaların birinci dərəcəli işidir: “Yay tətili zamanı uşaqların əksəriyyəti istirahətə gedir. Bağçalarda uşaq sayı azalır. Bu zaman bağçaya gələn uşaqların istirahətini təşkil etmək və maraq dairəsini genişləndirmək bağçanın üzərinə düşür. Bu məqsədlə yayda uşaqlar üçün daha maraqlı və öyrədici məşğuliyyət axtarırdıq. Kəşflər diqqətimizi cəlb etdi və uşaqlarla birlikdə məşğələni həyata keçirdik”.
Məşğələ haqqında danışan menecer qeyd edib ki, məktəbəqədər yaş dövründə uşaqların ən çox işlətdiyi söz “niyə?” sualıdır: “Uşaqların “niyə?” sualına şifahi cavab verməklə yanaşı, əyani göstərmək daha səmərəli olur. Kəşf edirəm məşğələsi zamanı uşaqların canlı və cansız təbiətdə baş verən dəyişikliklər haqqında təsəvvürləri dəqiqləşdirilir. Bu məşğələ prosesində uşaqlar daha diqqətli və məsuliyyətli olur. Onların dünyagörüşü, ətraf aləmlə tanışlığı genişlənir. Məşğələ əsasən 4-6 yaşlı uşaqlarla keçirilir. Kəşflər də həmin yaşlara uyğun olur. Kəşf edirəm məşğələsi həftə aşırı keçirilsə, yaxşı olar. Çünki, bu zaman uşaqlar daha həvəslə və maraqla gözləyirlər. Məşğələ üçün mövzular seçərkən Jan Potterin “Kəşf edirəm” kitabından da istifadə olunur”.
Kamilə xanım əlavə edib ki, məşğələyə lazım olan vəsaitlər əvvəlcədən tərbiyəçi tərəfindən hazırlanır: “Tərbiyəçi işin gedişini, məqsədini, alınacaq nəticəni izah edir. Sonra tərbiyəçinin göstərişi ilə uşaqlar özləri işi icra edirlər. Məşğələnin sonunda uşaqlar nə etdikləri haqqında məlumat verməlidirlər. “Kəşf edirəm” məşğələsi zamanı uşaqlar daha çox fəallıq göstərirlər. Təcrübə sona çatdıqda isə onlar həm yeni məlumat toplamış olurlar, həm də öz işlərinin nəticəsini görüb sevinirlər.Uşaqları sevindirmək bizim borcumuzdur”.