Məktəbəqədər uşaq müəssisələrində uşaqların qidalanmasının düzgün təşkil edilməsi uşaq orqanizminin normal inkişaf etməsi və gələcəkdə məktəbdə təhsil zamanı zehni və fiziki yüklənməyə hazır olması üçün çox vacibdir. Bunun üçün qidalanmanın bir neçə əsas prinsiplərinə əməl etmək lazımdır:
- Qida uşaq orqanizmini fiziki, zehni aktivlik üçün kifayət qədər enerji ilə təmin etməlidir.
- Qida bütün qidalı maddələrlə (zülal, yağ, karbohidrat, mineral maddələr, vitaminlər) balanslaşdırılmış olmalıdır.
- Uşağın hər hansı qida maddələrinə həssaslığı, individuallıq yəni fərdilik nəzərə alınmalıdır.
- Ərzaqların saxlanıldığı, yeməklərin hazırlandığı yerlərdə sanitar-gigiyenik qaydalara ciddi əməl edilməsinə nəzarət etmək, ərzaqların istifadə müddətinə və saxlanılma şəraitinə nəzarət etmək lazımdır.
Qidanın energetik dəyəri kalori ilə ölçülür. Ancaq qidanın dəyəri yalnız onun kalorisi ilə yox, həm də onun tərkibində insan orqanizmi üçün vacib olan maddələrlə də ölçülür. Zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və su orqanizmin tikinti materiallarıdır və bu materiallar inkişaf etməkdə olan uşaq orqanizmi üçün çox vacibdir. Müxtəlif yaşlar üzrə qidalı maddələrə olan tələbatın dəyişməsi qidalanmada nəzərə alınmalıdır.
Zülallar bitki və heyvani mənşəli olur. Heyvani mənşəli zülallar ət, balıq, süd və süd məhsullarında, yumurtada olur. Bitki mənşəli zülallar isə yarmalarda, paxlalı bitkilərdə, tərəvəzlərdə olur. Qida rasionunda zülalın çatışmazlığı nəinki normal inkişafın ləngiməsinə, hətta ətraf mühitin zərərli faktorlarına və infeksiyalarına qarşı orqanizmin müqavimətinin zəifləməsinə səbəb olur. Zülalların orqanizmin hüceyrə və toxumaları tərəfindən yaxşı mənimsənilməsi üçün nəinki lazımi miqdarda olmalıdır, həm də zülalın karbohidart və yağa olan nisbəti düzgün tətbiq edilməlidir. Belə ki 1qr zülal:1qr yağ:1qr karbohidrat nisbətində götürülməlidir.
Yağlar kərə yağı və bitki yağı formasında istifadə edilir. Uşaqların qidalanmasında yüksək yağlılıqda olan qidaların istifadəsi yol verilməzdir. Uşaqların yağa olan tələbatının ödənilməsində qaymaq, xama, süd, süd məhsulları (kəsmik, pendir) və s. istifadə edilir.
Karbohidratın əsas mənbəyi şəkərdir. Bütün konditer məhsullarının, tərəvəzlərin, çörəyin, yarmaların, südün tərkibində vardır. Uşaqların fiziki-hərəki aktivliyində karbohidratların xüsusi rolu vardır. Əzələlərin daha çox işi daha çox enerji tələb edir.
Mineral maddələr və mikroelementlər orqan və toxumaların, hüceyrə və onun komponentlərinin tikinti materiallarıdır. Mineral maddələr orqanizmdə su mübadiləsində, bir çox fermentlərin aktivləşməsində vacib rol oynayır.
Sümüklərin və dişlərin formalaşmasında, əzələlərin yığılmasında, ürəyin normal fəaliyyətində rolu olan kalsium südün, qatığın, yoqurtun, pendirin, kəsmiyin tərkibində daha çoxdur.
Sümük toxumasının formalaşmasında, irsi məlumatların ötürülməsi və formalaşması prosesində, qida maddələrinin enerjiyə çevrilməsində, orqanizmdə turşu-qələvi müvazinətinin saxlanmasında mühüm olan fosfor balığın, ətin, pendirin, kəsmiyin, yarmaların “dənli” bitkilərin tərkibində çoxdur. Maqnezium qarabaşaq ilə yulaf yarmasında, buğdada, yaşıl noxudda, kök və çuğundurda, cəfəridə daha çoxdur. Hemoqlobinin tərkib hissəsi olan dəmir, ət, balıq, yumurta, qaraciyər, böyrək, dənli bitkilər, buğda, qarabaşaq, heyva, əncir, zoğal,şəftəli, itburnu və almanın tərkibində çoxluq təşkil edir. Dəniz məhsullarının tərkibində çoxluq təşkil edən yod qalxanvari vəzin hormonlarının yaranmasında, fiziki və psixi inkişafın təmin edilməsində, ürək-damar sisteminin fəaliyyətinin tənzimlənməsində iştirak edir.
Uşaq orqanizminin düzgün inkişafı üçün qidanın təmamilə zəngin olması vacibdir. Vitaminlər yüksək bioloji aktivliyi olan orqanik maddələrdir. Vitaminlər orqanizmdə sintez olunmur, ya da kifayyət qədər sintez olunmur. Ona görə də mütləq qida ilə qəbul ediləməlidir. Vitaminlər qidanın heçnə ilə əvəz olunmayan tərkib hissəsidir. Vitaminlər orqanizmin tikinti materiali olmasa da orqan və sistemlərin həyati vacib funksiyalarını təmin edən fizioloji və bioloji proseslərin requlyatorlarıdır. Uşaqların qidasında B1, B2, B6, B12, PP, fol turşusu, C, A, D, E vitaminlərinin miqdarı yaşa görə orqanizmin tələbatına uyğun olmalıdır. Vitamin C itburnu, qaragilə, şüyüd, cəfəri, kartof, kələm, alma, sitrus meyvələrinin tərkibində, vitamin A balıq, qaraciyər, kərə yağı, qaymaq, xama, pendir, kəsmik, yumurta, kök, ərik, yaşıl soğan, ispanağın tərkibində, vitamin D kərə yağı, yumurta, qaraciyər, balıq yağının tərkibində, B qrupu vitaminləri dənli bitkilərin, qaraciyər, mal əti, süd məhsulları, kartof, kök, kələm, balığın tərkibində üstünlük təşkil edir.
Uşağın qidalanmasıında ən vacib məsələ düzgün qida rasionunu təşkil etməsidir. Sutkalıq rasionda səhər yeməyi 25%, nahar 40%, yarımgünlük 15%, axşam yeməyi 20% təşkil edir. Məktəbəqədər müəssisələrində yeməklərin müxtəllifliyini və düzgün növbələşdirilməsini təmin etmək üçün menyu əvvəlcədən həftəlik hazırlanır. Süd və süd məhsulları səhər yeməyində hər gün verilsə də, naharda və axşam yeməyində verilən yeməklər müxtəliflik təşkil edir. Bu uşaqlarda iştahanın saxlanılmasına imkan verir. Uşaqların qidalanmasında hisə verilmiş kolbasa, konservlər, ətin yağlı sortu, acı istiot, xardal və s. məsləhət görülmür. Yeməyin dadını yaxşılaşdırmaq üçün cəfəri, şüyüd, kərəviz, yaşıl və baş soğan, sarımsaqdan istifadə etmək olar. Soğan və sarımsağın tərkibində xəstəliktörədən mikrobların inkişafını dayandıran maddələr vardır.
Bağçada tərtib olunmuş menyu valideynlərə təqdim edilir. Bağçadan sonra uşağın evdə qidalanması zamanı menyuda olan qidaların təkrar verilməsi məsləhət görülmür. Bayram və istirahət günlərində uşaq evdə qalarkən qida rejiminin pozulmaması üçün bağçanın tərtib etdiyi menyudan istifadə etmək məqsədəuyğundur.
Uşağın 3 yaşı tamam olduqdan sonra uşağa süfrə mədəniyyəti öyrədilir. Stulda düzgün əyləşmək, qaşığı və çəngəli düzgün qaydada tutmaq, yeməyi tələsmədən ağzı bağlı vəziyyətdə çeynəmək vərdiş olunur. Uşağa yemək vaxtı danışmağın, gülməyin, boşqabla, stəkanla oynamağın, qaşıqla boşqabı döyəcləməyin düzgün hərəkət olmadığı öyrədilir. Stol arxasında mübahisə etmək, xoşagəlməyən söhbət etmək iştahanın azalmasına səbəb olur.
“İndigo” Nərimanov uşaq bağçasının həkim-pediatrı Şəhla Əhmədova