“Bağçada tərbiyəçi, psixoloq və  loqoped sıx əməkdaşlıq etməlidir”

psixoloqDünyaya göz açan körpənin ilk mühiti onun ailəsindən ibarət olur. Üç yaşından etibarən isə uşaqların həyatında növbəti sosial mühit, təhsilin başlanğıc pilləsi hesab olunan bağça əsas yer tutur. Burada uşaq ilkin biliklərlə yanaşı, həmyaşıdları ilə ünsiyyət qurmağı, güzəştə getməyi, ətraf aləmlə tanış olmağı, öz dünyasını kəşf etməyi öyrənir. Bunların düzgün öyrənilməsində bağçadakı pedaqoji heyət, psixoloq və loqoped xüsusi rol oynayır.

Bəs bağçada fəaliyyət göstərən psixoloq və loqopedin işi nədən ibarətdir? Bu sualın cavabını “Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli bagcam.az üçün açıqlayıb:

“Psixoloq psixoloji təhsili olan, həm elmi, həm də psixoloji yardım sahəsində fəaliyyət göstərən mütəxəssisdir. O, kliniki cəhətdən normal, sağlam  uşaqlarla işləyə, onlara psixoloji yardım göstərə bilər. Tibbi təhsili olmadığına görə, diaqnoz təyinetmə və dərman preparatı yazmaq hüququ yoxdur. Loqoped isə nitq qüsurlarını aradan qaldırmağa,  eyni zamanda nitqi olmayan uşaqların nitqini inkişaf etdirməyə yardım edən xüsusi mütəxəssisdir.

Bağçada loqoped, psixoloq və tərbiyəçi sıx əməkdaşlıq etməlidir. Belə ki, gün ərzində uşağı müşahidə edən tərbiyəçi onun müvafiq davranışları haqqında psixoloqa müraciət edir. Psixoloq uşağın müxtəlif davranışlarını valideyni ilə müzakirə edir, problem olarsa, çıxış yolu tapmaqda köməklik göstərir. Bəzən ailədə baş verən hər hansı dəyişiklik uşağın psixoloji vəziyyətinə təsir göstərir. Bura valideynlərarası konfliktlər, uşağa düzgün yanaşmamaq, ailədə ikinci övladın dünyaya gəlməsi və böyük uşağın kiçik bacısına (qardaşına) olan qısqanclığı, ona kifayət qədər diqqətin ayrılmaması daxildir. Bunlarla bərabər, uşağa həddən artıq diqqətin olması, hər istəyinin yerinə yetirilməsi, digər həmyaşıdları ilə müqayisəsi, aqressiv cizgi filmlərini seyr etməsi də mənfi təsirlərə daxildir. Bundan əlavə, ananın hamiləlik dövründə keçirdiyi stress, həyəcan, qorxu da uşağa ötürülə bilir. Bu hallarda uşaqla yalnız psixoloq, pedaqoq deyil, ailə də işləməli, ona qarşı olan münasibəti dəyişməlidir”.

Günel xanım bildirib ki, uşaqda aqresivlik (həmyaşıdlarını vurmaq, oyuncaqları atmaq, deyilənləri dinləməmək və s.) müşahidə olunursa, bunun ilkin səbəbi nitq geriliyidir:

“Özgüvəni aşağı olan, qapalı, utancaq və eyni zamanda  nitq qüsuru olan uşaqla loqopeddən əlavə, mütləq psixoloq da işləməlidir. Belə ki, loqoped onunla səslərin düzgün tələffüzü, psixoloq isə özgüvəninin yüksəlməsi üzərində işləyir. Beləliklə, onun həmyaşıdları ilə ünsiyyət qurmasına şərait yaradılır. Vaxtında aşkar olunmuş problem kompleks şəkildə (bağça heyəti və valideynlərlə birgə) öz həllini tapır”.

Qeyd edək ki, bu kimi problemlərin yaranmaması üçünEducation Management Network”a daxil olan bağçalarda uşaqların inkişaf qiymətləndirilməsi aparılır. Bu qiymətləndirmədə uşağın fiziki, idraki, mədəni-estetik və sosial-emosional bacarıqları, eyni zamanda nitq inkişafı da yoxlanılır.