Qışda xəstəliklər

Yanlış bildiyimiz doğrulardan biri də budur ki, uşaqları xəstəlikdən qorumaq üçün soyuq havaya çıxarmırıq, əyinlərini həddindən artıq qalın geyindirir və tərləyərək xəstələnmələrinə daha çox zəmin yaratmış oluruq. Halbuki, virusların artmasında başlıca səbəb soyuq fəsildə insanların daha çox qapalı məkanlarda vaxt keçirməsidir.

Uşaqlar da soyuq havalarda vaxtlarının böyük bir qismini qapalı məkanlarda keçirtdikləri üçün xəstəlik riski daha da artmış olur. Qış aylarında daha az hərəkət etdiyimiz və daha az təmiz hava aldığımız üçün də immunitetimiz zəifləyir. Uşaqlar xəstələndikdə yanlış müalicə də riski artırır. Yanlış müalicələrdən biri də, həkim məsləhəti olmadan və tez-tez antibiotik istifadəsidir. Bəzən bu dərman o qədər çox lazımsız yerə istifadə olunur ki, orqanizm bu dərmana qarşı mübarizə apara bilir. Nəticədə ehtiyac olduqda artıq dərman öz təsirini göstərə bilmir. Həmçinin antibiotiklər bağırsaq florasını və immuniteti məhv edir.

Bəs uşaqlarımızı xəstəliklərdən necə qoruyaq? İlk öncə geyimdən başlayaq: uşaqlarınızı tək və qalın geyimlə yox, qat-qat geyindirməyə üstünlük verin. Belə olanda havanın dəyişkən vəziyyətinə görə uşaqlarınızın tərləməsinin qarşısını ala bilərsiniz. İkinci və ən vacib nüans isə uşaqlarınız xəstədirsə, onları məktəb və ya bağçaya göndərməyin. Bundan başqa gigiyena qaydalarına əməl edilməlidir: əllər yuyulmalı, oyuncaqlar, masa və oturacaqlar mütəmadi təmizlənməlidir. Əllər ağıza, gözə aparılmamalı, dırnaqlar yeyilməməlidir. Əlbəttə, sağlam qidalanma da immuniteti güclü saxladığından uşaqlarınızın yeməklərinin sağlam və vitaminlə zəngin olmasına diqqət yetirin.

Rasionda balıq, meyvə və tərəvəzlərə yer verin, çoxlu su içmələrini təmin edin, zərərli “fast-food”ları isə mümkün qədər uşaqlarınızdan uzaq tutun. Övladlarınızı hər gün təmiz havada gəzməyə çıxarın. Evinizi və ya olduğunuz qapalı məkanı tez-tez havalandırın.

İncəsənətin uşaqların inkişafında rolu

Uşaqlar dünyanı kəşf etməyə başladıqda incəsənəti də artıq dərk etməyə başlayırlar. Araşdırmalar göstərir ki, incəsənətlə məşğul olmaq uşaqların erkən dönəm inkişafında xüsusi rol oynayır. Uşaqlar sözlə ifadə edə bilmədiyi ideya və duyğularını incəsənətin müxtəlif sahələri ilə göstərə bilirlər. Bu da onlara özünəinamı aşılayır.

Uşaqlar qayçı ilə kəsərkən, barmaqları ilə rəsm boyayarkən rənglərin, fiqurların fərqini anlaya bilir. Rəngləri qarışdırarkən belə səbəb-nəticə əlaqəsini qavrayır. Bununla da onlar öz bacarıqlarını təcrübədən keçirir və qərar vermə bacarığını təkmilləşdirə bilir. Onların yaradıcılıq fəaliyyətini bir valideyn kimi dəstəkləməyiniz də vacibdir. Məsələn, uşağınızın çəkdiyi rəsmini şərh etməkdə ona kömək edə bilərsiniz. Nə çəkmək istədiyi ilə bağlı sual verin və qoyun izah etsin. Ona söz bazası qazandırın. Məsələn, “Bu dairəni göy rəngdə çəkmisən”, “Günəş sarı rəngdə olur”. Çəkdiyi rəsmdə qarışdırdığı rənglərin necə belə alındırdığını ondan soruşun.

Uşaqlar öz işləri ilə bağlı danışaraq özlərini yaradıcılıqları ilə ifadə etməyi öyrənə biləcəklər. Lakin uşaqlarınızın yaradıcılığını dəstəkləyərkən onları yönləndirməyin. Qoyun istədiyi kimi yaradıcılıqlarını ortaya qoysunlar. Biz böyüklər üçün onların çəkdikləri nə qədər məntiqsiz gəlsə də, onlar üçün isə əslində yaradıcılığa və kəşfə yeni bir qapı açır. Bunu unutmamalıyıq ki, hər bir uşaq unikaldır, onların öyrənmə üsulu və sürəti fərqli olur.

Evdə uşaqlarınızla məşğul ola biləcəyiniz bir neçə yaradıcı fəaliyyətləri: Uşaqlar üçün müxtəlif janrda musiqilər açın. Uşaqlarınız sizinlə rəqs edərək həm əylənəcək, həm də musiqi notlarını sizinlə birgə kəşf edəcək. Mahnı ilə kifayətlənməyin, evdəki istənilən əşyaların necə səslər çıxardığını, maraqlı ritmlər qurmağı uşaqlarınızla birgə kəşf edin. Bizim tövsiyəmiz: nəlbəki gözəl başlanğıc olacaq. Yaradıcılıq bir karandaş və bir boş kağızla başlayır. Odur ki uşaqlarınızın yaradıcılığı üçün istədiyi kimi qaralamasına icazə verin. Fotoqrafiyanı uşaqlarınızla tanış edin. Təbiətin gözəlliyini – heyvanları, ağacları, budaqdakı quşların fotolarını birlikdə çəkin. Onlara ətraf-mühitimizi qorumağı öyrədərkən, heyvanlar və ağaclarla tanış edərkən yaradıcılığı da aşılamış olacaqsınız. “Dovşan, dovşan, a dovşan!” – onlara şeir oxuyun. Qoyun bədii ədəbiyyatın ritmini hiss etsin və bununla əylənsin. Hətta siz də şeir yazın! Bəlkə, siz də yaradıcı tərəfinizi ortaya çıxaracaqsınız. Kim bilir?