
Ölkədə ilk dəfə “Bağçam Regional Pedaqoji Forumu” keçirilmişdir
Azərbaycanın ən böyük özəl uşaq bağçaları şəbəkəsi olan Bağçam.az 15 ildən artıqdır ki, uşaqların sağlam, xoşbəxt və intellektual inkişafına töhfə vermək məqsədilə fəaliyyət göstərir. Bu müddət ərzində şirkət müəllimlərin peşəkar inkişafını dəstəkləmək, təhsilin keyfiyyətini artırmaq və pedaqoji təcrübə mübadiləsini təşviq etmək üçün müxtəlif layihələr həyata keçirmişdir.
Bu təşəbbüslərin davamı olaraq, 3 may 2025-ci il tarixində Biləsuvar şəhərində ölkədə ilk dəfə “Bağçam Regional Pedaqoji Forumu” uğurla təşkil olunub. Forumun keçirilməsində məqsəd özəl məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlıq platforması yaratmaq və innovativ pedaqoji yanaşmaları bölüşmək idi.
Forumda Bakı, Biləsuvar, Xırdalan, Sumqayıt, Şirvan, Masallı və Lənkəran da daxil olmaqla 7 bölgəni təmsil edən 17 özəl bağçadan 200-ə yaxın pedaqoq iştirak edib.

Tədbirin ilk hissəsində müxtəlif bölgələrdən olan bağçaların metodik resursları, təhsil proqramları və yaradıcı layihələri nümayiş olundu. İkinci hissəsində isə pedaqoqlar öz təcrübələrini əks etdirən qısa səhnəciklər və təqdimatlarla innovativ yanaşmalarını iştirakçılarla bölüşdülər.
Forumun həyata keçirilməsində göstərdikləri dəyərli dəstəyə görə Biləsuvar rayonu Heydər Əliyev Mərkəzinə və onun rəhbəri Səyalə Şahbazovaya, həmçinin Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinə və rəhbəri Aqşin Bağırova dərin təşəkkürümüzü bildiririk.
Tədbirdə qonaq qismində iştirak edən Şirvandan “Barama”, Lənkərandan “Nağıl” , Masallıdan “İlk addım” bağça rəhbərliyinə və kollektivinə təşəkkür edirik.








