Uşaq otağını dizayn edərkən bu rəngləri seçin

Uşaq otaqları üçün boya seçəndə valideynlər bəzi məqamlara diqqət etməlidirlər. Aparılan araşdırmalara görə, rənglərin zehni inkişafa və yaradıcılığa, öyrənmə qabiliyyətinə təsiri var. Bəs uşaq otağını dizayn edərkən hansı rənglərdən istifadə olunmalıdır? Hansı rəng uşağa necə təsir edir? Bagcam.az Ailem.az-a istinadən bununla bağlı türkiyəli memar Betül Uçun məsləhətlərini diqqətinizə çatdırır.

Cinsiyyətə görə rəng seçimi

Uşaqlar rəngləri həyatlarının hər yerində görməkdən xoşlanırlar. Oğlan uşağı üçün mavi, qız uşağı üçün çəhrayı rəng etalon deyil. Uşaqlar üçün hazırladığınız məkanlarda bütün rənglər və xüsusilə qırmızı, mavi, yaşıl (əsas rənglər) rənglər bərabər şəkildə divar və əşyalara bölünməlidir. Rənglərdə tünd çalarlar da ayrıca yaradılmalıdır.

Şəxsi xüsusiyyətlər əhəmiyyətlidir

Uşaq otaqları əyləncəli, rahat, eyni zamanda, sağlıqlı bir yuxu üçün basırıq dizayn edilməməlidir. Uşaq otağı dekorasiyasında canlı rənglərdən istifadə etmək onların yaradıcılıq qabiliyyətini artırır və daxili dünyalarını üzə çıxarmağa kömək edir. Ancaq hər rəng uşağınızın şəxsiyyətinə uymaya bilər.

Duyğusal və fiziki inkişafda rənglərin əhəmiyyəti: 

Qırmızı: Enerji verir, xəbərdaredicidir, iştah açan bir rəngdir.

Çəhrayı: Qırmızıya nisbətən daha az təsirli rəngdir. Sakitliyi və xoşbəxtliyi təmsil edir.

Narıncı: Canlılıq, enerji və əyləncəni təmsil edir. Həzm və immunitet sisteminə təsir göstərir.

Sarı: Tarazlığı təmin edir, ilham vericidir, beyni xəbərdar edən bir rəngdir.

Mavi: Dinclik gətirir, rahatladıcı və sakitləşdiricidir, azadlığı təmsil edir.

Yaşıl: Rahatladıcı, yaradıcılığa təsir edən və güvən duyğusunu təmsil edir.

Bənövşəyi: Məsuliyyət hissi olan, istəyi və hərəkəti azaldan bir rəngdir.

Boya tərkibinə diqqət

Uşaq otaqları üçün divar boyası seçərkən diqqət edilməsi lazım olan alternativlərdən biri yağlı boya yerinə su tərkibli boya seçməkdir. Bunun səbəbi odur ki, su tərkibli boyalar kimyəvi maddələrlə deyil, su ilə açılır. Divarların nəfəs almasının qarşısını almaz. Qısa zamanda quruyar və qoxusu olmaz. Kif önləyici və antibakterial növləri mövcuddur.

Həmçinin uşaq otaqlarında divar kağızının istifadəsində də heç bir problem yoxdur.

Uşağa vitamin preparatları vermək mütləqdirmi?

Valideynləri narahat sualların bir qismini həkim pediatr Fidan Əlirzayevaya cavablandırır:
Uşaqların zəifliyinin, arıqlığının, tez-tez xəstələnməsinin vitamin azlığı ilə əlaqəsi varmı?
– Uşağın inkişafının az olması və zəifliyinin vitaminlə bağlılığı çox azdır. 10% hallarda vitamin azlığından şübhələnmək olar. Uşağın zəif olmasının səbəbləri çoxdur: endokrin problemlər, irsi faktorlar, qan azlığı, həzm mübadiləsində problemlər, sinir sisteminin qeyri-adekvat olması, kalsium defisiti ola bilər. Əvvəl bu səbəblər aydınlaşdırılmalıdır. Xəstələrimdə son vaxtlar ən çox D vitaminini yoxladıram. Alman həkimləri qeyd edir ki, allergik xəstəliklərin, immun problemlərinin kökündə D vitamini defisiti dayanır. Ona görə bütün dünyada bu gün D vitamini ilə xüsusi məşğul olurlar.
Aptekdən vitamin kompleksi preparatlarının alınması, balıq yağının uşağa verilməsinin faydası varmı?
– Mən buna pis yanaşmıram. İndi elə dövrdür ki, valideynlər də uşaqlarının sağlamlığı üçün müxtəlif informasiyalar toplayır. Savadlı valideyn bilir ki, uşağının vitamin defisiti var, D vitamini azdır, balıq yağına ehtiyacı var, bunu düzgün şəkildə həll edirsə, buna etiraz etmək olmaz. Amma diaqnoz bilmədən, arıq, zəif uşaqdı deyə, gedib aptekdən əlinə keçən uşaq vitaminlərini alıb verirsə, bilsinlər ki, bunun bir köməyi olmayacaq. Boşuna pul itkisidir. Ümumiyyətlə, xaricdə vitaminlərin hamısı, BAD-lar qidaya əlavə kimi nəzərdə tutulur, müalicə üçün yox.
Qış aylarında D vitamini əskikliyi çox olur. Uşağı açıq havada, günəş altında çox gəzdirmək D vitaminini artırırmı?
– D vitamininin yaranması üçün dərinin çox böyük hissəsinə günəş işığı nüfuz etməlidir. Yayda uşaqları qısa şortda, maykada, sarafanda, hətta yarıçılpaq həyətdə, çimərlikdə gəzdirməklə Günəş vannası qəbul etdirə bilərik. Qışda bu mümkün deyil və qalın geyindirilmiş, papaqlı, şarflı uşaq nə qədər çox gəzsə də “D vitamini aldı” düşünmək yanlışdır. Ona görə qışda mütləq D vitamini qəbul olunmalıdır: damcı, kapsul şəklində vermək lazımdır. Xüsusən allergiyalı və immuniteti zəif uşaqlara bunlar müalicəvi dozada verilməlidir.

Doğru valideynlik etdiyinizi göstərən 5 əlamət

Adətən valideynlər uşaq böyüdərkən hər şeyi tam etmədiklərini düşünürlər. Müasir valideynlər, uşaqlarını yetkinliyə hazırlayarkən ən yüksək standartları əsas götürürlər. Digər valideynlərlə müqayisə tələsinə düşmək çox asandır.

Bir psixoloq olaraq, bir uşağın möhtəşəm valideynlərinin olduğunu göstərən 5 əlamət olduğunu düşünürəm

Möhtəşəm valideyn olmağın 5 əlaməti:

  1. Uşağınız sizin yanınızda hər hissini ifadə edə bilir

Bəzən uşaqlarımızın sıx duyğularının zamanlaması bizi çətinə sala bilir. Buna məruz qalmağı istəmərik, amma övladınızın hirs, hüzn və ya qorxu kimi duyğularını yanınızda ifadə edə bilməsi, sizinlə birlikdə emosional baxımdan özünü güvəndə hiss etdiyini göstərən müsbət bir əlamətdir. Uşaqların ana və atalarından duyğularını gizlətdiyini görmək məni çox incidir. Bu, adətən valideyn-uşaq münasibətində böyük problemlər olduğunun göstəricisidir. Onların duyğularına xüsusi olaraq əyilin və anlayışınızı göstərin. “Divarı təpikləməklə çox əsəbi olduğunu anlayıram. Sən də mənə bunu bacının oynamağa icazə vermədiyi üçün etdiyini deyirsən”. Bunu deməyiniz, uşağınızın duyğularını və baxış bucağını başa düşdüyünüzü göstərəcək.

  1. Övladınız kədərlənəndə ya da bir problemlə qarşılaşdığında sizin yanınıza gəlir

Bir uşağın problemlərlə qarşılaşdığında qapısını ilk döydüyü valideynidirsə, o valideyn şübhəsiz möhtəşəm bir iş görüb. Bunu təmin etməyin ən yaxşı yolu, uşağınıza qollarınızın hər zaman açıq olması və sizə kiçik, önəmsiz görünsə də, problemlərini canla-başla dinləməyinizdir.

  1. Uşağınız reaksiyanızdan qorxmadan hiss və düşüncələrini sizinlə danışa bilir

Hörmətə əsaslanan, açıq bir valideyn-uşaq münasibətinin ən müsbət əlamətlərindən biri də budur. Bəzi ana və atalar o qədər  kövrəkdilər ki, uşaqları onları üzməmək üçün hiss və düşüncələrini içində saxlayırlar. Bir valideyn “Uşağım mənim ən böyük dayağımdır”, deyəndə qayğılanıram. Dayaq valideyn olmalıdır, uşaqlar əsla ana və atalarının dayağı olmamalıdır.

Uşaqlarınızın duyğu və düşüncələrini, mövzunu özünüzə gətirmədən hörmətlə dinləməyiniz bu vəziyyəti dəstəkləyəcəkdir.

  1. Davranışlarınız günahlandırıcı və təsiredici deyil

Yaxşı valideynlər uşaqları haqqında “pis”, “təmbəl” kimi sözlər deməzlər. Uşaq heç kimə imkan vermədən şokaladların hamısını özü yeyəndə, yaxşı valideyn uşağının hərəkətinə fokuslanır: “Şokaladların hamısını heç kimlə paylaşmadan yedin. Qardaş-bacınla hər şeyini paylaşmalısan. Bu etdiyini necə düzəltməyi düşünürsən?” Bunu demək “Acgöz uşaq, tez otağına get!” deməkdən çox fərqlidir.

  1. Maraqlarının və istedadının ardınca getməsi üçün uşağınızı həvəsləndirin

Maraqlarının ardınca getmək, uşaqların bir mövzuda yaxşı və uğurlu olmasını hiss etdirəcək. Bəzən uşaqlarının maraqlarını, özlərinin reallaşdıra bilmədiyi arzularını və ehtiyaclarını qarşılamağa yönləndirən valideynlərlə qarşılaşıram. Bunu edəndə hər şey qaydasındaymış kimi görünsə də, əslində həmin an hər şey tamamilə səhv istiqamətdə gedir. Bu, uşaqların özlərini uğursuz, təzyiq altında hiss etmələrinə səbəb olar.

Mənbə: egitimpedia.com

 

Qız atalarının bilməli olduğu 10 şey

“Gənc qız olanda işin çətinləşəcək”, “Qadınlar tərəfindən mühasirəyə alınmısan”, “Buna laiq olacaq nə etmisən?”

Dörd qız (bir də oğlumuz var) atası olaraq bu cür sözləri demək olar ki, hər gün eşidirəm. Düzünü deyim, belə düşünən insanlar üçün mən təəssüflənirəm.

Qız uşağının olması, xəyal edə biləcəyim ən böyük həzzlərdən biridir. Evdə dediyimiz belə bir deyim var: “Bu gün səni dünəndən daha çox sevirəm”. Qız uşağı böyütmək xüsusilikdir, yük deyil.

Hamısını tam olaraq bacarmasam da, keçən 11 ildə qız uşaqlarını böyütməklə bağlı 10 şey öyrəndim.

  1. Qızınız sevilmək istəyir. Ona ala biləcəyiniz ya da öyrədə biləcəyiniz hər hansı bir şeydən daha çox, sizin onu sevməyinizi istəyir. Dünyada heç kəs ata olaraq sizin rolunuzu üstələyə bilməz. Qızınız sizi xəyal qırıqlığına uğradacaq, böyük səhvlər edəcək, hətta bəlkə aylarca sizə küsəcək, amma siz yenə də sevginizdən şübhə etməməsini təmin edin. Gözlərinin içinə baxın və onu sevdiyinizi söyləyin.
  2. Həyat yoldaşı seçimində təsiriniz olur. Ürküdücü bir fikirdir, amma ona qarşı necə bir kişi olduğunuz, vaxt gələndə evlənmək üçün seçəcəyi adam üzərində birbaşa təsiri olacaq. Üçüncü qızım böyüdüyündə onunla evlənməyim üçün illərlə mənə yalvardı. Ona möhtəşəm bir qadınnla – analarıyla – evli olduğumu izah etmək məcburiyyətində qaldım. Əgər atalığı doğru şəkildə etsəniz, sizin kimi biriylə evlənmək istəyəcək.
  3. Onun dinlədiyi musiqiləri dinləyin. Qızlarım maşındaykən onların dinlədiyi musiqiləri dinləyirik. Bu onların xoşuna gəlirsə, bizə də həzz verir.
  4. Anasına necə davrandığınızı izləyir. Əgər bu siyahıdan bir şeyi götürəcəksinizsə, o, bu olsun. Qızınız üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biri anasını çox sevməyinizdir. Evliliyiniz üçün mübarizə aparın, əmək sərf edin. Həyat yoldaşımla baş-başa qalmağı təxirə saldığım dönəmlər, eyni zamanda qızların da daha çox problem yaşadığı dönəmlərdir. Bunun təsadüfi olduğunu düşünmürəm. Həyat yoldaşınızı sevin, ona vaxt ayırın və qızlarınıza analarının onlardan daha üstün olduğunu göstərin.
  5. Onlar böyüyəndə qabığınıza çəkilməyin. Ən böyük qızım hardasa 11 yaşındadır. Yəni hələ qorxunc yeniyetməlik dövrünə gəlməmişik, amma gəlmək üzrə olduğumuzu deyə bilərəm. Bu yolda məndən daha irəlidə olan atalar, yeniyetmə qızlarıyla duyğusal bağ qurmadıqları üçün peşmandırlar. Qızlarım 15 yaşına gələndə, 5 yaşında sahib olduqları, onların hər detalıyla maraqlanan atadan fərqli bir ata görməyəcəklər. Duyğuları və bədənləri dəyişməyə başladığında ortadan itməyin.
  6. Dünyanın mərkəzində olmadığını öyrədin. Dünyanın bizim ətrafımızda dönmədiyini anladığımızda fərqli şeylər baş verdiyini görürük. Bəlkə də bu mövzuda qızlarımız üçün mükəmməl bir model ola bilmirik, amma yenə də öz eqomuzun xaricinə çıxdığımızda həyatın daha yaxşı yaşandığını onlara göstərməyə çalışırıq. Başqalarına xidmət etmək. Sonuncu olmaq. Həmişə düz olmaq məcburiyyətində olmamaq.
  7. Saçlarını darayın, dırnaqlarını boyayın. Bu işi əksər vaxtlarda həyat yoldaşım edir, amma yenə də qızlarımın “atam canavar kimi at quyqruğu yığır” deyəcək nöqtəyə gəldim. Dırnaqlarını da peşəkarcasına boyayıram. Onlar da mənim dırnaqlarımı boyayıblar. Qızınıza bir kişinin incə ola biləcəyini göstərin.
  8. Ürəyi, xarici görünüşündən çox gözəldir. İçindəkilərin, onu həyatda daha irəliyə aparacaq şey olduğunu qızınıza demək və sonra da bunu dəfələrlə ona xatırlatmaq sizin işinizdir. Biz buna özümüz ürək deyirik, amma bu, onun xarakteri, hörməti ya da özü ola bilər.
  9. Hər anın dadını çıxarın. Sizə ata deyə səslənir. Rolunuzdan zövq alın. Zaman uçub gedir, həm də göz açıb bağlayana qədər.
  10. Məni bağışlaya biləcəksən? Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, amma işləri korladığımda, qızlarımın duyğularını incitdiyimdə üzr istəməyi öyrənirəm. Sadə bir üzr deyil, bağışlamağı ciddi bir şəkildə diləməkdən danışıram. Onun səviyyəsinə enən və hər şeyi birdən bacarmadığını qəbul edən bir ata modeli olun. Sizi bunun üçün bağışlayacaqdır.

Atalar, sizin rolunuz çox qiymətlidir, qızlarınızı çox sevin.

Mənbə: egitimpedia.com

Necə edək ki, uşaq yuxudan özü oyansın?

Körpənizi müstəqilliyinə nə qədər tez öyrətməyə başlasanız, nəticəni bir o qədər tez əldə edəcəksiniz. Yeri gəlmişkən, ailə üzvləri səhər tezdən bir-birilərini oyandırmağa çalışdıqda, uşaq çətin qalxır, valideynlər əsəbiləşir və buna görə mübahisə edirlər. Nəticədə hamının səhər-səhər əhval ruhiyyəsi pozulur.

Əlbəttə ki, səhərlər uşağın otağına 10 dəfə girib, ənənəvi olan “Oyan, artıq bağça/məktəbə getmək vaxtıdır. Nə qədər səni oyatmaq olar?! Oyan artıq!” deməklə oyatmaq olar. Bu yolla 5 yaşlı, 10 yaşlı yeniyetməni, hətta 17 yaşlı gənci də oyatmaq olar. Lakin, düşünün ki, uşaq özü də müstəqil olaraq, səhər yuxudan oyana bilər. Və niyə də bunu ona öyrətməyək?!

Körpənizə balaca zəngli saat hədiyyə edin.

Uşağın özünü oyanmasına kömək edəcək, kifayət qədər yüksək səsləncək zəngli saat alın. Lakin fikir verin ki, səs uşağı qorxutmasın. Axşam yatağa girmədən əvvəl, uşağa müstəqil şəkildə, saatı qurmağı öyrədin. Səhər onu oyadacaq siqnalı, ona göstərin. Uşağa xəbərdarlıq edin ki: “Səhər saat zəng çalanda, gözləmə ki, mən gəlib səni oyadacam. Dərhal ayağa qalx, əl-üzünü yumağa get, idmanını et və gəl hazırlanmış səhər yeməyini ye. Beləcə uşaq, səhər nə etməli olduğunu biləcək.

Motivasiya

Uşaq, səhər nə üçün durmalı olduğunu, başa düşməlidir. Məsələn, əgər körpə vaxtında ayağa qalxıb, amma sonra siz uzun müddət toplaşdığınız üçün bağçaya gecikdizsə, onda səhəri gün siz çətin ki, onu zəngli saatın köməyi ilə, ya da özünüz oyada biləcəksiniz. Deyirsiniz:

Səhər vaxtında oyanmaq, bağçaya/məktəbə gecikməmək üçün çox vacibdir!

Mən bilirəm ki, sən özün vaxtında oyanıb və tez hazırlaşa bilərsən.

Öz vərdişlərinizi dəyişin.

Əgər siz hər səhər saatınızla “daha beş dəqiqə” oyununu oynayıb, saat əqrəbini bir qədər sonraya çəkib, bir az da uzanırsınızsa, onda bilin: Çətin ki, siz uşağı səhər tez oyanmasını öyrədə biləcəksiniz. Əvvəlcə güclü iradənizi təkmilləşdirin və təcrübənizi körpənizlə bölüşün: “Bu gün mən, zəng çalınan kimi dərhal  ayağa qalxdım! Öümü gümrah hiss edirəm!”

Gün rejiminə riayət edin.

Əgər uşağınızın, müdaxiləniz olmadan səhər oyanmağını istəyirsinizsə, uşağın gün rejiminə riayət edin. Axı əgər balaca gec yatırsa, ona səhər oyanmaq çətin olacaq. Rahat oyanmaq onda baş tutacaq ki, balaca gecə doyunca yatıb. Məhz buna görə də uşaq axşam saat 9-dan gec olmayaraq, yuxuya getməlidir.

Mənbə: anayam.az

Uşağı nizam-intizamlı böyütməyin yolları

Uşağınızı nizam-intizama salmaqda problem yaşayırsınız? Ana və ata olaraq uşağınızı nizamlı etmək üçün bunlara əməl etməlisiniz:

  • Dayan
  • Müşahidə et
  • Dinlə

Dayanın və öz-özünüzdən soruşun: “Uşağım nə edir və niyə belə davranır?”

Müşahidə edin və öz-özünüzdən soruşun: “Bu mövzuda nə edə bilərəm?”

Dinləyin və özünüzdən soruşun: “Bunu təkrarlamaması üçün nə edə bilərəm və necə?”

Özünüzü uşağınızın yerinə qoyun və nə baş verdiyini hiss etməyə, anlamağa çalışın. Əgər uşağınızın fərqli hadisələrə qarşı reaksiya və davranışlarını anlaya bilsəniz, onu rahatlıqla yönləndirə bilərsiniz. “Bir uşağa doğru davranış göstərməsini öyrətmək böyük bir sehr deyil. Öyrədilmsi lazım olan bir bacarıqdır”. Uşaqlara doğru davranış öyrədilməzsə, heç bir uşaq bunu necə edəcəyini bilməz.

Bu məqalədə uşağınıza əl qaldırmadan onu necə böyütməyiniz mövzusunda bəzi faydalı nümunələr oxuyacaqsınız.

Bəzən uşağın döyülməsinin lazım olduğuna inana bilərsiniz, amma valideyn olaraq həmişə sakit qalmağınız daha yaxşıdır. Əks halda bu vəziyyət özünüzü günahkar hiss etməyinizə səbəb olar.

Uşağınıza vurmaq onun zehnində mənfi bir iz qoyar. Bir yetkin olduğunda bu, bir qorxuya və ya xəyal qırıqlığına dönə bilər.

Nizam-intizam mövzusunda işə yarayan metodlar:

  • Yanlış davranışa həddindən artıq reaksiya göstərməyin, amma doğru davranış göstərdiyində də ona xüsusi diqqət çəkin. Yaxşı davranışı tanıdaraq və təqdir edərək, onun doğru davranış göstərməsini təşviq etmiş olacaqsınız.
  • Etdiyi səhv hərəkəti nizama salmağa çalışın. Əgər çox sevdiyi meyvə şirəsini  qəsdən tökübsə, onu təmizləsin və yenidən doldursun. Başqa bir şey etməsinə ehtiyac yoxdur.
  • İmkan verin şərtlərdən bir şey öyrənsin. Əgər oyuncağı qırar, xarab edərsə, yenisini almayın. Onun bu hərəkətinin nəticəsini öyrənməsini təmin edin.
  • Diqqətini başqa istiqamətə çəkin. Kitablarınızın üstünə kağız, yapışqanlar yapışdırırsa, özünün nə etdiyinə diqqətini yönləndirməyə çalışın.
  • Qaydaları açıq və sadə şəkildə ona izah edin. “Vurmaq olmaz, vurmaq incidir”
  • Hadisələri ortaya çıxmadan mane olun. Bir uşağa necə toxunacağını göstərərək başlaya bilərsiniz. Uzaqdan ona əmrlər verməyin. Yanına gedin, gözlərinə baxın və qışqırmamasını söyləyin. Gər təhlükəli bir şey etməyə niyyətlənibsə, onu etmədən əngəlləyin. Bunu niyə etdiyinizi ona qısaca izah edin.

Digər metodlar:

  • Dinləyin

Hər valideyn uşağına bunu deyir: “sənə neçə dəfə dedim ki, bunu etmə?” Əslində bunun əvəzinə ona hirslənməyinizdən əlavə onun nə söylədiyini dinləməyinizi tövsiyə edirik. Ana və atanın yaxşı dinləyici olması önəmlidir. Uşağınızın hərəkətlərini daha yaxşı anlamağınıza kömək edər.

  • Seçimlər vermək

Bu, ən təsirli metodlardan biridir. Məsələn, uşağınız oyuncaqlarını ətrafa dağıtmaq kimi mənfi bir şey edirsə, bunu etməməsi üçün ona bəzi seçimlər verə bilərsiniz. Ona “Oyuncaqlarınla daha çox oynamaq istədiyini bilirəm, amma kitab oxumaq vaxtıdır. Sənə kitab gətirməyimi istəyirsən ya özün götürəcəksən?”

  • İmtiyazları siyahınızdan çıxarın

Uşağınıza cizgi film izləmək ya da duş almaq kimi bəzi imtiyazlar vermisinizsə, onları bir müddətlik geri götürməyi düşünə bilərsiniz. Əgər uşağınız mənfi davranış nümayiş etdiribsə, onun bu hrəkətin görə bu imtiyazı əlindən aldığınızı söyləməlisiniz.

Hirslənə, qışqıra və ya sizi vura bilər, amma siz bir neçə dəqiqə sakitliyinizi qorumağa çalışalı və qərarlı durmalısınız. Hələ də əsəbi keçməyibsə, tələbindən əl çəkməsi üçün onu yönləndirə bilərsiniz.

  • Mükafatlandırın

Bir uşaq təqdir edilməyi çox sevir və bu şəkildə öyrənir. Uşağınız n vaxt doğru bir davranış göstərsə, onu alqışlayaraq ya da etdiyi şeydn xoşlandığınızı deyərək onu qiymətləndirə bilərsiniz. Bu, onun özündən gözlənilən şeyin nə olduğunu başa düşməsində kömək olacaq.

  • Nümunə olun

Bu, çox vaxt önəmsəmədiyimiz ya da unutduğumuz bir şeydir. Valideyn olaraq siz həmişə  doğru davranış göstərməlisiniz. Çünki uşağınız tərəfindən çox diqqətlə izlənirsiniz.

Bunlara diqqət etməlisiniz

-Nəzakətli danışın

-Birini alçaldıcı ifadələr işlətməyin

-Həmişə eyni vaxtda yemək yeyin

-Çəngəl –bıçaq-qaşıq istifadəsini uşağınıza öyrədin

-Uşağınıza başqasının yanında qışqırmayın

-Uşağınız böyüyəndə  sizinlə eyni şeyi etdiyi üçün TV izləmək saatlarınızı nizamlayın

-Mümkün olduğu qədər sağlam qidalanmağa çalışın

 

Bağçaya gedən uşağı xəstəliklərdən qorumağın yolları

Uşaqları bağçaya gedən ailələr çətin bir dönəmə girirlər.

“Görəsən uşağım bağça üçün uyğun yaşdadırmı? Necə bağça seçməliyəm? Yeni mühitə asanlıqla uyğunlaşa biləcəkmi? Bağçaya gedəndə tez-tez xəstə olacaqmı? Yuxu rejimi, qidalanması necə olacaq?” kimi suallara cavab axtarırlar.

Bağça üçün uyğun yaş neçədir?

Uşaqlar doğulduqları andan etibarən öyrənməyə başlayırlar və ilk öyrədənləri də ana-ataları olur. Uşaqlar zehni, sosial və fiziki inkişaf olaraq 2 yaşından etibarən yarım gün, 3 yaşından sonra isə bütöv gün bağçaya gedə bilərlər.

Bəzi ailələr isə övladlarını etibar edə biləcəyi şəxs tapa bilməyəndə seçimlərini bağçadan yana edirlər. Bu ailələr 2 yaşından əvvəl uşaqlarını bağçaya yollayırlar. Bu vəziyyətdə ailələr seçəcəkləri bağçada bu xüsusiyyətlərin olmasına diqqət etməlidirlər:

  • Təlimçinin hər uşağa eyni diqqətə göstərə bilməsi və uşaqlarla bir-bir ünsiyyət qura bilməsi üçün sinif sayının az, təlimçi sayısının isə kifayət qədər olması lazımdır.
  • Bu yaş qrupu uşaqların qidalanma rejimi xüsusilə vacibdir. Digər yaş qruplarından fərqli olaraq yeməklərin sayı çox və naharda yeyilən miqdar azdır. Bu vəziyyətə nəzarət edən və menyularında uşağınızın günlük sağlıqlı qida ehtiyaclarını qarşılayan bağça seçin. Bağçadan həftəlik qida menyu nümunəsini alın və verilməyən qida maddələrini evdə tamamlayın. Təbii ki, menyunun sağlam qidalardan təşkil olunması lazımdır.
  • Bağçada 0-2 yaş qrupuna uyğun təhlükəsizlik tədbirləri görülməlidir.
  • Bu yaş qrupu üçün böyümək, inkişaf etmək və xəstəliklərdən qorunmanın önəmli ünsürlərindən biri də yuxudur. Uşağınız, bağçada yaşına uyğun 1 və ya 2 gündüz yuxusu almalıdır.
  • Valideynlər uşaqlarının bağçada tez-tez öskürməsindən, soyuqlamasından narahat olurlar. Bağça dönəmində ildə 4-6 infeksiya xəstəlikləri keçirən uşağınızın, 8-9, hətta bəzən daha çox infeksiya keçirməsi immunitet sisteminin normal işləməsinin nəticəsidir. Bağçaya başlamasıyla birlikdə daha çox insanın olduğu bir mühitə girən uşaqlar, bundan əvvəl qarşılaşmadıqları infeksiya faktorları ilə qarşılaşırlar və daha tez xəstə olurlar. Uşaqları bağçadan çıxararaq bu cür infeksiyaların qarşısını ala bilməzsiniz. Sadəcə bu vəziyyəti məktəb çağına qədər təxirə salmış olarsınız. Əksinə erkən yaşda bağçaya/məktəbə başlayan, kütləyə qarışan uşaqların irəliləyən yaşlarında immunitet sistemlərinin daha güclü olduğu; bu uşaqların böyüyəndə allergik xəstəliklərə tutulma riskinin daha az olduğunu göstərən bir çox nümunə var.
  • Uşağınızın ciddi xroniki xəstəliyi yoxdursa, keçirilən infeksiyaları asanlıqla sovuşduracaq və ikinci il daha az sayda infeksiya xəstəlikləri keçirəcək. İnfeksiya ilə qarşılaşan uşaq bağçaya getməməli, evdə istirahət etməli və bol su içməlidir. Həkim məsləhəti olmadan antibiotik istifadə edilməməlidir. Çünki bu yaşda keçirilən infeksiyaların çoxu viruslar tərəfindən keçir və antibiotik istifadə etməyə ehtiyac duyulmur.

Bağçaya gedən uşaqları qış xəstəliklərindən qorumağın yolları:

  • Səhiyyə nazirliyi tərəfindən tövsiyə olunan proqram çərçivəsində uşaqlarınıza peyvənd vurdurun.
  • Uşaqlarınızı mövsümə uyğun geyindirin. Çox qalın geyindirmək tərləməyə, bu da sonra bədənin  soyumasına səbəb olur. Bağçanın qızdırıcılarının orta temperaturunun 22-24 dərəcədə olub-olmamasına nəzarət edin. Təəssüf ki, bir çox bağça qənaət məqsədilə qızdırıcılarını yandırmır və bu da xəstəliyə səbəb olur.
  • Sağlam bəslənməyən bir vücud xəstəliklərə daha açıq olur. Buna görə də bağça menyusunu incələyin. Əskik qidaları evdə tamamlayaraq uşağınızın hər qida qrupuna uyğun miqdarda qidalanmasını təmin edin. Menyularında ziyanlı qidalara yer verən bağçalardan uzaq durun.
  • Həm bağçada, həm də evdə mühitin nəmi yaxşı nizamlanmalıdır. Quru hava tənəffüs yollarında yerləşən və mikrobları tutma funksiyası olan, silia adı verilən tükcüklərin funksiyasını azaldır. Uşağınızın otağında və bağçada qızıdırıcı üzərinə su qablarının qoyulmasını təmin edin.
  • Xəstə uşaqları bağçaya göndərməyin. Müəllim, idarəçi və digər valideynlərlə danışaraq bütün ailələrin eyni üsulu izləməsini istəyin.
  • Qış xəstəliklərindən qorunmanın yollarından biri də təmizlik qaydalarına riayət etməkdir. Uşaqlara ən az 20 saniyə sabun və su ilə əllərini yumağı öyrətməli və onların əlləri dayələri tərəfindən gün içərisində sıx-sıx yuyulmalıdır. Əllər yuyulmadan göz, ağız və burunla təmasdan qaçınılmalıdır.
  • Uşaqlar və işçilər öskürdüyü və ya asqırdığı zaman ağız və burunları kağız dəsmalla bağlanmalıdır.
  • Siniflər tez-tez havalandırılmalıdır, masa, oturacaqlar, qapı dəstəkləri hər gün təmizlənməlidir.
  • Omeqa 3, omeqa 6, A və C vitamini immunitet sisteminin sağlam şəkildə funksiyasını təmin edən maddələrdir. Uşaqlarınızın bu qidalardan çox bəslənməsinə diqqət göstərin.
  • Qatıq, yoqurt kimi təbii tərkibli qidalarla qidalanmalarına xüsusi olaraq fikir verin.

 

Hər uşağın 12 yaşınadək etməli olduğu 30 şey

Uşaqlarınız bu yaxınlarda palçıqla oynayıbmı? Bəs ağacdan  alma dərib yeyiblərmi?

İngiltərədəki tarixi binaların, bağçaların və meşələrin qorunmasıyla maraqlanan bir xeyriyyə təşkilatı “National Trust” tərəfindən hazırlanmış yeni “ediləcəklər siyahı”sına görə bunlar uşaqlarınızın 12 yaşına gəlmədən etməsi lazım olan 30 şeydən sadəcə bəziləridir.

“National Trust”un nümayəndəsi Phil Harper deyir ki, “Uşaqlar təbiisizlikdən və açıq havada vaxt keçirməməkdən dolayı əzab çəkirlər. “Uşaqları təbiətə çıxarmaq və bundan həqiqətən də zövq almalarını təmin emək çox önəmlidir”.

Siyahıda tövsiyə olunan fəaliyyətlər sadə, ucuz və hətta pulsuzdur. Bu da çətin iqtisadi şəraitdə onları daha da cəlbedici edir. İngiltərədə yaşayan Kanadalı Chrissie Saunders valideyn bloqu yazır. O, artıq 4 yaşlı qızı ilə siyahıda bir çox şeyi edib. Saunders uşaqların həmişə strukturlaşdırılmış oyun oynamasına ehtiyac olmadığını xatırlatmaq üçün bu siyahının çox işə yaradığını söyləyir.

Siyahını sizə təqdim edirik:

  1. Bir ağaca çıx
  2. Yüksək təpədən aşağı düş
  3. Təbiətdə düşərgə qur
  4. Bir sığınacaq qur
  5. Yağışın altında qaç
  6. Uçurtma uçurt
  7. Balıq tut
  8. Ağacdan alma dərib ye
  9. Şabalıdla futbol oyna
  10. Qartopu at
  11. Sahildə xəzinə axtarışına çıx
  12. Palçıqdan sürüşgən hazırla
  13. Qarda xizəklə sürüş
  14. Birini quma basdır
  15. İlbiz yarışı hazırla
  16. Yıxılmış ağac budağı üzərində dayanmağa çalış
  17. Kəndirdən hazırlanan yelləncəkdə sallan
  18. Palçıqda sürüş
  19. Yabanı böyürtkən ye
  20. Bir ağacın içinə bax
  21. Bir adanı ziyarət et
  22. Küləkdə uçurmuş kimi hiss et
  23. Otlardan tütək hazırla
  24. Günəşin doğuşunu izlə
  25. Yüksək bir təpəyə çıx
  26. Bir şəlalənin arxasına gir
  27. Böcək ovuna çıx
  28. Qurbağa yumurtası tap
  29. Tor ilə kəpənək tap
  30. Ək, böyüt, ye

Mənbə: egitimpedia.com

“Tənbəl gözdibi”: 6 yaşa kimi diqqətli olun

Ambliopiya – gözdən birinin tam və ya 90% görmə qabiliyyətini itirməsi ilə nəticələnən göz dibi xəstəliyi olub, kiçik yaşlardan, hətta yeni doğulmuş uşaqlarda  başlayır.
Bagcam.az xəbər verir ki,  son zamanlar Azərbaycanda geniş yayılmış ambliopiya haqqında oftalmoloq Nuridə Məmmədəliyeva Medicina.az-a ətraflı məlumat verib:
“Anadangəlmə kataraktası olan körpələrdə aydın görmənin qarşısını aldığına görə, gözün biri işlək vəziyyətdə olmur. Gözdibi hüceyrələri işləmədiyinə görə “yatmış” vəziyyətdə olur.
Uşağın gözündə zəiflik varsa, bu zəiflik irəliləyir və vaxtında eynək vasitəsilə korreksiya olunmayıbsa, bu zaman göz yenə də aydın görüntü vermir və gözdibi hüceyrələr yatır. Baş beyinə siqnal ötürülmədiyindən, beyin bu gözü sanki “söndürür”. Bu dəyişiklikləri yalnız oftalmoloji müayinədə görmək mümkündür. Çünki ambliopiyanı valideynlər gözə baxaraq bilmir, kosmetik olaraq heç bir fərq yoxdur. Uşaq da danışa bilmədiyindən izah edə bilmir. Hətta böyüdükcə, bir gözü aydın görməsə də, getdikcə zəifləsə də elə biləcək ki, belə də olmalıdır. Tək gözün hesabına uşaq özünü idarə edir. Amma müayinə olunduqda məlum olur ki, digər gözdə 10 faiz də görmə yoxdur.
Yüksək dərəcəli hipermetropiya – uzaqdan görmə sindromu həm çəplik, həm də ambliopiya verir. Ona görə uzaqdan görmə xəstəliyində də müayinə, eynəklə korreksiya vacibdir.
Burda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Xüsusən yarımçıq doğulmuş, bətndaxili qüsurları olan uşaqların gözü mütləq ciddi yoxlanmalıdır. Əslində hər yeni doğulmuş körpənin mütləq göz dibi yoxlanmalıdır.
İnsanın görmə analizatoru 9-11 yaşa kimi tam inkişafını bitirir. Ona görə 9 yaşdan sonra ambliopiyanın müalicəsi mümkün deyil və effektsizdir. Valideynlər uşaqların görmə orqanlarına biganə qalmayaraq, mütləq doğumdan sonra ilk 3-6  ayda uşağın gözlərini yoxlatmalı, sonra ildə bir dəfə oftalmoloqa göstərməlidirlər. Əgər problem çıxırsa, mütləq eynək korreksiyası edib, oftalmoloq nəzarətində olmalıdır.
Çəpgözlüyü olan uşaqlarda da göz alması tam yerində olmadığına görə, göz dibinə təsir edib ambliopiya verə bilər. Ona görə çəplik mütləq körpə yaşlarında həll olunmalıdır ki, ağır görmə pozulmasına gətirib çıxarmasın. Hazırda Azərbaycanda körpələr üzərində uğurlu çəpgözlüyün korreksiyası əməliyyatları icra olunur.
Ambliopiyanın müalicəsi – yalnız eynək korreksiyasıdır. Yəni çalışmaq lazımdır ki, göz dibi yatmasın. Bu da 3 yaşına kimi həll olunmalıdır. Göz dibi yatdısa, 18 yaşdan sonra lazer əməliyyatı, torlu qişa əməliyyatları kömək etmir. Yalnız göz dibi işlək vəziyyətdə olan uşaq eksimer lazer əməliyyatı ilə eynəkdən azad olunur.
Təəssüf ki, ambliopiya diaqnozunu son vaxtlar çox qoyuruq. Çünki uşaqlar arasında ümumilikdə göz xəstəlikləri çox yayılıb. Normal gözdə ambliopiya olması mümkün deyil. Uşaqların göz problemləri bətndaxili inkişafdan başlayır. Artıq bətndə ikən buynuz qişanın inkişafı düzgün getmir. Buynuz qişa ya həddən artıq nazik, ya həddən artıq qalın olursa, onun şüasındırma qabiliyyəti qüsurlu olur.
Bunu da müasir dövrdə qida, genetika, ekoloji, xarici faktorlar, bəzənsə telefon, elektromaqnit şüaları da əlaqələndirirlər. Ona görə valideynlər düşünməsin ki, körpə uşaqdır gözündə nə olacaq  və ya əvvəl uşaqları göz həkiminə aparmırdılar. Məndə yoxdur, nəsildə yoxdur, uşaqda da olmaz.  Artıq belə düşüncələr özünü doğrultmur. Hazırda müasir aparatlar ən xırda qüsurları belə vaxtında aşkar edir. Sadəcə bu işdə yubanmaq olmaz. 6 yaşa kimi ambliopiyanın müalicəsi aparılmalıdır. Təcrübəmdə çox olub ki, gecikmiş formada gətiriblər. Bizim klinikada plioptika məşqləri proseduru var. Aparat vasitəsilə əvvəlcə görmə itiliyini artırmağa, ondan sonra korreksiya verməyə çalışırıq. Əgər eynəyə müsbət cavab verirsə, bu, çox yaxşıdır. Bioloji tənzimləyici preparatlardan xüsusi preparatlar var ki, tərkibində heyvanın görmə toxumasından alınmış maddələrdir ki, göz dibini stimulyasiya edir. Gözün özünü müdafiə sistemini işə salır.
Ağır dərəcəli ambliopiyada müalicə çox çətindir. Bəzən olur ki, ümumiyyətlə korreksiya vermək olmur. Tamam yatmış göz dibini oyatmaq mümkün olmur və  göz kor olur”.

Uşaq necə qidalanmalıdır? Məşhur pediatrdan sadə cavab

Uşağın sağlamlığı və normal inkişafı hər bir ana üçün ən vacib məsələlərdən biridir. Bir çox anaları bu kimi sual daim narahat edir: uşağımı düzgün qidalandırırammı?

Məşhur ukraynalı pediatr Yevgeniy Komarovski öz verlişlərindən birində bu suala çox sadə və eyni zamanda müfəssəl cavab verib.

Bagcam.az Ailem.az-a istinadən sizə pediatrın məsləhətini təqdim edir: “Əgər uşaq gün ərzində hər hansı 1 meyvə, 1 tərəvəz, 1 sıyıq, 1 ət xörəyi (burada balıq və quş əti də nəzərdə tutulur) və 1 süd məhsulu yeyirsə, bu uşaq düzgün və sağlam qidalanır. Təbii ki, meyvə, tərəvəz, sıyıq, ət və süd məhsulu tez-tez dəyişilməlidir ki, uşaq eyni qidanı uzun müddət ərzində yeməsin”.