“Uşağın hər yaş dövrünə uyğun özünəməxsus ünisyyətə girmək yolu – söz ehtiyatı, cümlə qurmaq qabiliyyəti və səs tələffüzü var. Heç vaxt biz altı aylıq uşaqdan söz deməyi, bir yaşlı uşaqdan cümlə qurmağı və yaxud üç yaşında olan uşaqdan ana dilinin səslərinin hər birini düzgün tələffüz etməyi tələb edə bilmərik. Yəni bu doğru yanaşma olmaz”
Bu sözləri uşaq bağçasının defektoloq, loqopedi Mədinə Əliyeva müsahibəsində deyib.
Mədinə xanım uşaqlarda nitq problemini nə vaxtdan aşkarlamaq mümkün olduğundan danışıb: “Uşaq anadan olandan 3 ayına qədərki dövrdə hər bir istəyini ağlayaraq bildirir. Onunla danışanda isə anaya bir reaksiya verir. 3-6 ay arası dövrdə isə uşaqlar “qığıldamağa” başlayır. 6 ayından 9 ayına keçəndə artıq hecalar deməyə başlayırlar. Bəzən hecaları böyüklər deyəndən sonra deməyə başlayırlar. Sonra 9 ayından 12 ayına qədər sözləri tələffüz etməyə başlayırlar. Və beləliklə uşaqlar danışırlar. Artıq bu yaş dövrünə qədər onlar söz ehtiyatına sözlər toplayırlar. Təxminən bu 50 sözə yaxın ola bilər. 2-3 yaşında isə uşaqların söz bazası bir az daha çoxalır. Yəni 50-100 sözdən artıq olur və sadə cümlələr qurmağa başlayırlar. Yaxşı olar ki, valideynlər bu mərhələlərdə diqqətli olsunlar. Əgər bu mərhələlərdə problem, axsama görərlərsə, dəqiq narahat olmağa dəyər.
1-11 ay arası dövr uşaqlarda nitqin formalaşma dövrü gedir. Bu dövrdə uşaqlarla mütləq ünsiyyətdə olmaq lazımdır. Bu ünsiyyət də normal danışıq olmalıdır. Uşaqlarla körpə dilində danışmaq olmaz. Bu uşaqların nitqində gələcəkdə problem yarada bilər. Valideynlər 3 yaşlı uşaqlarını gətirirlər ki, bəs nitq ləngiməsi var. Biz valideynlərlə danışıqlar apararkən görürük ki, uşaq bu nitqin formalaşma dövründə bütün gün televizorun önündə olub. Və ətrafda heç kəslə ünsiyyətdə olmur. Beləliklə də bu hallar uşaqda nitq problemini yaradır.
Bəzən valideynlər bizə müraciət edirlər ki, övladım “r”, “ş” hərflərini tələffüz edə bilmir. Bu isə problem deyil. Əgər 3 yaşına qədər uşaq bu hərfləri səsləndirə bilmirsə, bu, qorxulu sayılmır. 3 yaşından 4 yaşına qədər uşaq öz dilini özü düzəldə bilir. Əgər bu yaşa qədər bu səslər düzəlmirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır. 4-5 yaş arası uşaqlar artıq bu səsləri düzgün səsləndirməlidirlər. Çünki onlar artıq 6 yaşında məktəbə gedirlər. Nitq problemiylə yanaşı psixi inkişafda da geriləmə ola bilər”.
Mədinə xanım onu da əlavə etdi ki, nitq problemi olan uşaqlar mütləq digər uşaqlarla eyni məktəbə getməlidir: “Belə uşaqlar normal nitqi olan uşaqlarla ünsiyyətdə olmalıdırlar. Burada diqqət yetiriləsi məqam nədir?! Həmin bağçalarda çox yaxşı olardı ki, pedeqoqlarımızla yanaşı, xüsusi mütəxəssislər də dərs desinlər. Hansı ki, belə problemlər aşkarlandıqda həmin uşaqlarla qrup və ya fərdi şəkildə işləyə bilsinlər”.
Defektoloq uşaq bağçasında nitq problemi olan uşaqlar üçün yaradılan şəraitdən də məlumat verdi: “Bizim bağçada normal nitqə malik uşaqlarla yanaşı nitqində problem olan uşaqlar da var. Həkimimiz Lalə xanım, psixoloqumuz Günel xanım və mən gələn hər bir uşağı xüsusi qayğı və diqqətlə müayinə edirik. Problem olarsa, valideyni bu barədə məlumatlandırırıq. Uşağın xüsusi məşğələyə ehtiyacı olduğunu bildiririk. Xüsusi məşğələlər isə həm qrup, həm fərdi şəkildə təşkil olunur. Bu uşağın probleminə görə seçilir”.