Duyğular həyatımızı anlamağa güclü təsir göstərir. Qərarlarımızı verərkən, hər hansı faəliyyəti yerinə yetirərkən, şəxsi münasibətlərimizdə və demək olar ki, həyatın hər aspektində duyğular önəmli yer tutur. Duyğularını anlamaq həyatı daha asan yaşamağa kömək edir.
Bizim üçün daha sadə olsa da, uşaqlar həmişə öz duyğularını şərh edə və başqalarının duyğularını anlaya bilmirlər. Duyğuları anlamaq üçün uşaqlara dəstək olmaq lazımdır.
Bu mövzuda daha çox məlumat əldə etmək üçün “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin psixoterapevti Aynur Hüseynli ilə söhbətləşdik.
Aynur xanım bildirir ki, uşaqların inkişaf dövrünə nəzər salsaq burada fiziki, sosial, koqnitiv eyni zamanda, duyğusal inkişaf özünü göstərir. Bu inkişaf sahələrinin birində müəyyən qədər əksikliyin və ya geriləmənin olması ümumi inkişafa ciddi təsir göstərir:
“Uşaqlar doğulduğu gündən etibarən duyğusal fonda inkişaf edir. Bura onun ünsiyyətə daxil olması, bir sıra təməl bacarıqları əldə etməsi, emosional bağ qura bilməsi və s. kimi duyğular aiddir. Duyğusal inkişafın nəticəsində uşaqlar təməl hisslərə sahib olur. Burada sevinc, əsəb, qorxu eyni zamanda, məyusluq hissini qeyd edə bilərik. Mənlik hissinin inkişaf etməsi, uşağın fərd kimi formalaşması ilə əlaqədər olaraq bu duyğusal sfera daha da genişlənir. Genişlənmə nəticəsində o yeni duyğuları kəşf edərək xarakterini zənginləşdirir. Lakin nəzərə almalıyıq ki, duyğular təkcə uşaqlıq dövründə öyrənilmir, körpəlikdən yetişkinliyə, hətta yetişkinlik dövründən sonra belə insan duyğuları inkişaf edir”.
Psixoterapevt onu da qeyd edir ki, uşaqlar erkən yaş dövründən başlayaraq gördüklərini təqlid edərək öyrənirlər. Bura duyğular da aiddir. Buna görə də onların ətraf mühitinə, ilkin olaraq da ailə çevrəsini nəzərə almaq lazımdır. Bu mühit onlara doğru rol model olmalıdır. Valideynlər uşaqların duyğularına diqqət yetirməli, duyğuları adlandırmağa kömək etməli və hər duyğunun insana təsirinə izah verməlidirlər:
“Ən həssas nöqtə ailə çevrəsidir. Ailədəki fərdlər təkcə uşaqlarla deyil, uşaqların olduğu mühitdə digər şəxslərlə davranışlarında da duyğularını düzgün ifadə etməyi bacarmalıdırlar. Erkən yaş dövründə bağçalar, məktəbəqədər təhsil mərkəzləri də bu mövzuda məsuliyyət daşıyırlar. Belə müəssisələrdə uşaqlarla duyğulara həsr edilən oyunlar, məşğələlər keçirilməlidir. Çünki, uşaqlar bu yaş aralığında məhz bəzi şeyləri oyunlar oynadıqca əldə edirlər. Yaradılan şərait qayğılı, isti, mühakimə və cəzadan uzaq mühit olmalıdır. Belə ki, uşaqlar burada duyğuların nə olduğunu rahat formada öyrənəcək, onları qəbul edəcək, mühakimə olunmayacağını başa düşdüyü üçün rahat formada böyüklərlə kommunikasiya qura biləcəklər. Uşağın duyğularının ifadəsində neqativ hal müşahidə olunarsa, onu tənqid etmədən, doğru yönləndirmək lazımdır.
Biz onları sakitləşdirə bilməli, hətta aqresiv duyğularında belə onları davranışlarına deyil, həmin duyğularına fokuslamalı və duyğunu anlamağına kömək etməliyik”.
Müsahibimiz əlavə edir ki, hər bir uşağın duyğuları bir-birindən fərqlidir, dəyişkəndir. Bu fərqliliyin səbəbi uşağın sinir sisteminin inkişafı, psixoloji vəziyyəti, xarakteri, ətraf mühit faktorları və s. kimi səbəblər yer tuta bilir. Duyğusal həssas uşaqlar öz işlərində yüksək nəticə göstərən, öz duyğularını, həmçinin ətrafındakı insanların duyğularını daha yaxşı tanıyan, bunlara məna verən insanlar olur, ancaq bəzi hallarda sosial hadisələrə özlərini tam adaptasiya edə bilmirlər. Utancaq uşaqların da sosial fobiyası olduğu halda bu iki xüsusiyyət eyni sayılmamalıdır:
“Uşaqlar ətrafında baş verən hadisələri və müzakirə olunan mövzuları dərindən hiss edirlərsə, bu onların psixoloji vəziyyəti ilə deyil, sinir sisteminin bu şəkildə inkişaf etməsi ilə bağlı yaranmış haldır. Hadisələri dərindən duyan və oradakı neqativ, məyusedici məqamlara köklənən uşaqlar məsələlərin həllinə də bu məqamları əsas götürərək yanaşırlar. Belə uşaqlar qərar verməkdə çətinlik çəkə bilir. Yanlış qərar verdiklərini düşündükləri halda da həmin vəziyyətdən çevik formada qopa bilmirlər. Eyni zamanda hər zaman ədalət axtraşındadılar. Dostyana aparılan söhbətlərdə olan kiçik mühakimələr belə onları tez təsirləndirir. Duyğusal həssas uşaqlar daha çox içə dönük kimi adlandırılsa da, əslində bu hər zaman belə olmur. Nəzərə almaq lazımdır ki, 30% hallarda onlar ekstrovert olur, sosial faəliyyətlərdə aktiv iştirak edir, sosial münasibətləri də yaxşı formada qurmağı bacara bilirlər”.
Sonda Aynur xanım emosional zəkanın intellektual zəka kimi uşaqların inkişafında böyük əhəmiyyətə malik olduğunu, hətta, emosional zəkanın bəzi hallarda daha da önəmli ola biləcəyini bildirir:
“Duyğuları bilmək, öyrənmək, idarə etməyi bacarmaq, ətrafdakı insanların hislərini anlamaq, onlarla necə münasibət qurmağı bilmək və s. kimi bacarıqlar uşaqların emosional zəkasını inkişaf etdirir. Emosional zəka hər yaşda öyrənilə bilən və hər yaşda bərpa oluna bilən bir dönəmdir. Uğurlu kariyera, yaxşı qurulmuş sosial münasibətlər, qazanılmış akademik bacarıqlar emosional zəka ilə birbaşa əlaqəlidir. Bu səbəbdən də insan həyatında önəmli rol oynayır”.