Körpəniz çətin nəfəs alırsa…

Son zamanlar bir çox analar körpələrinin burunlarının tez-tez tıxanmasından şikayətlənirlər. Burun tıxanıqlığı yaşayan körpələr gecələr rahat yata bilmir, tez-tez oyanırlar. Ancaq problem yalnız bununla bitmir. Çünki körpələrdə burun tıxanması üz sümüklərinin və dişlərin inkişafında bir sıra ciddi fəsadlara yol aça bilir.
Bagcam.az xəbər verir ki, mövzuyla bağlı Medicina.az-ın suallarını Ankara Universiteti məzunu, American Dental Association üzvü. Dr. Fərid Zeynalov cavablandırıb:
 
Fərid doktor, körpələrdə burun tıxanıqlığı çənə və dişlərdə inkişafla bağlı hansı fəsadlara yol açır?
– Uşaqlarda burun tıxanıqlığının bir çox səbəbi ola bilər –  burun çəpərinin əyriliyi, selikli qişanın hipertrofiyası, rinit, limfa toxumalarının ödemi, allergik reaksiyalar və s. Əksər hallarda bu problemlər körpələrdə nəfəs alma çətinliyi yaradır və körpə məcburən ağızdan nəfəs alır. Bu da bəzi fəsadlara səbəb ola bilər. Bunlar arasında ən çox rastlaşılan ağız quruluğu (kserostomiya) və diş cərgələrinin əyriliyidir. Ayrıca ağız gigiyenasının nöqsanlılığı və xroniki infeksiyaların olması da ciddi problemlər yarada bilərlər. Sadalananlar içərisində ən xoşagəlməz hal dişlərdə kariyesin yayılması və diş ətlərində baş verən iltihablanmalardır. Ağızdan nəfəs alma isə nitq qüsurlarına və əsasən də estetik problemlərə yol aça bilər.
Ortaya çıxan stomatoloji problemləri ortadan qaldırmaq üçün həkim-ortodonta və uşaq stomatoloquna müraciət etmək lazımdır.
Diş qıcamanın dişlərə mənfi təsiri özünü hansı şəkildə büruzə verir?
– Diş qıcama və ya elmi adı ilə bruksizm ciddi nevroloji problemdir. Əsasən qısa müddətli, amma çox şiddətli çənə sıxmaları və qeyri-ixtiyarı çənə hərəkətləri ilə müşahidə olunan bruksizm, həm dişlər, həm dişətləri, həm də ümumi ağız-çənə sisteminə mənfi təsir edir. Əksər hallarda gecə, yuxu zamanı ortaya çıxan bruksizm, dişlərdə sürtünmələr, xırda çatlar, bəzi hallarda qırılmalar ilə müşahidə olunur. Xroniki, yanı uzun müddətli bruksizm hallarında dişləri dəstəkləyən çənə sümüyündə atrofiya (ərimə) və bunun nəticəsində periodontal problemlər ortaya çıxır. Ən xoşagəlməz fəsadlardan biri baş ağrıları və dişlərdə yayğın həssaslıqdır. Gicgah-çənə oynağında deformasiyalar, ağrılar, ağız açmasında və çənə hərəkətlərində çətinlik və sair kimi fəsadlar müşahidə oluna bilər.
Bruksizm müalicəsi stomatoloq və nevroloqun kooperasiyası ilə həyata keçirilir. Dişləri qorumaq üçün xüsusi qoruyucu kappalar hazırlanılır.