Körpənin yuxusu insan orqanizmində baş verən ən çətin fizioloji ritmlərdən sayıla bilər. Çağalarda yuxunun düzgün ritmləri, yəni yuxu və oyaq qalma proseslərinin növbələşməsi tədricən qurulur. 2 və 4 aylar arası uşaqların yuxu strukturunda vacib dəyişikliklər baş verir. 2-ci aydan 6-cı aya kimi uşaqlarda yuxu və oyaqqalma proseslərinin sirkad ritmi formalaşır. Normal yuxu dövrü təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir.
Yuxu insan orqanizmində təbii, mütəmadi və vacib olan hallardan sayılır. Yuxu orqanizmdə baş verən digər proseslər kimi hormonlar və yüksək aktiv maddələr vasitəsi ilə idarə olunur. Belə ki, gecə vaxti melatonin hormonu ən yüksək dərəcəyə çatır və insanın yuxulamağına və dərin yuxuya getməsinə səbəb olur. Digər maddələr isə oyanma proseslərinə, yuxunun dərin və yüngül fazalarının dəyişməsinə təsir edir.
İnsanlar həyatının 1/3 hissəsi yuxuda keçirir. Uşaqlıq dövründə yuxunun vacibliyini xüsusilə vurğulamaq lazımdır. Çağa gün ərzində təqribən 18 saat, bir yaşlı uşaqlarda isə bu rəqəm azalaraq təqribən 13 saat təşkil etməlidir. Maraqlısı budur ki, bu qanunauyğunluq məməlilərdə də müşahidə olunur: erkən uşaqlıq dövrü minimal fiziki fəaliyyət və daha çox yuxu müddəti ilə, böyüdükcə isə aktivliyin artması və yuxu müddətinin qısalması ilə xarakterizə olunur.
Amerika alimlərinin tədqiqatlarına görə valideynlərin 3/4-ü uşaqlarında gecə yuxu pozuntularının əmələ gəlməsindən şikayətlənməsinə baxmayaraq, bu ailələrdən yalnız 10-14%-i tibbi və psixoloji yardıma müraciət etdiyi bildirilir. Təəssüflər olsun ki, valideynlər yuxu pozuntularının bir gün keçib gedəcəyini zənn edərək və ya hansı həkimə müraciət etdiklərini bilməyərək özləri pis-yaxşı mövcud yuxu problemlərini həll etməyə çalışırlar. Cədvəldə verilən rəqəmlər əsasında uşaqlarda və yeniyetmələrdə real yuxu müddətinin tövsiyyə olunan yuxu müddətindən qat-qat fərqləndiyi görünür.
Yaş qrupu | Tövsiyə olunan yuxu müddəti (saat) | Real yuxu müddəti (saat) |
---|---|---|
Körpəlik dönəmi | 14-15 | 12,7 |
Erkən uşaqlıq | 12-14 | 11,7 |
Məktəbəqədər dövr | 11-13 | 10,3 |
Məktəb dövrü (1-5-ci siniflər) | 10-11 | 9,5 |
Yeniyetməlik dövrü | 9,25 | 7 |
Uşaqlıq zamanı yuxu müddətinin azalması son bir neçə onilliklər ərzində daha çox ölkələrdə müşahidə olunur. Yuxu çatışmazlığının uşaqların davranışına təsir göstərdiyi sübut edilib. Belə ki, Fin alimlərinin son tədqiqatlarında yuxu çatışmazlığı müşahidə olunan uşaqlarda davranış problemləri, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) daha çox rast gəldiyi məlum oldu.
Helsinki Universiteti və Finlandiya Milli Sağlamlıq İnstitutunun alimləri yuxu çatışmazlığının uşaqların davranışına və hərəkətlərinə təsirini və eyni zamanda diqqət çatışmazlığı və hiperaktivlik sindromunun əmələ gəlmə səbəblərini araşdırdılar. Tədqiqatda 6 yaşından 15 yaşa kimi 146 qız və 134 oğlan iştirak etmişdi. Uşaqların yuxusu haqqında məlumat valideynlərdən və “Aktiqraf” cihazı vasitəsi ilə yuxunun monitorinqinin keçirilməsi nəticəsində əldə edilmişdir. Cihazın göstəricilərinə əsaslanaraq, yuxusu 7,7 saat təşkil edən uşaqlar impulsivliyi və hiperaktivliyi yoxlayan psixoloji testlərdə yüksək ballar toplamışdılar. Diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) təzahür formaları da bu uşaqlarda daha çox qeyd olunmuşdu. Statistik təhlilin göstəriciləri yuxu müddətinin qısa olmasının uşaqların impulsivliyinə və hiperaktivliyinə təsir edən vacib amil kimi qeyd olunmuşdu.
Yuxunun qısa müddətliyi davranış və hərəkətlərin pozğunluğuna gətirdiyini nəzərə alaraq uşaqlara normal yuxu müddətini təmin etmək lazımdır.
Digər tədqiqatlar birinci il körpələrdə yuxu ilə əlaqədar yaranan problemlərin böyüdükdən sonra da çox vaxt rast gəldiyini göstərirlər. Belə ki, Avstraliyada 3-4 yaş arası uşaqların (156 uşaq) müayinəsi keçirildi. Bu uşaqlar körpəlikdə, 8-10 aylıq olduqları zaman yuxuya getmə və yuxu ilə əlaqədar müxtəlif problemlərlə üzləşmişdilər. Müayinədən keçən uşaqların 32% -da yuxu ilə bağlı problemlər hələ də yaşanmaqdadır. Psixoloqların rəyinə görə, onlarda eyni zamanda aqressiv davranış və somatik xəstəliklər də müşahidə olunurdu. Bu göstəricilər körpələrin ilk illərində 1/3 hallarda yuxu pozğunluqlarının daha böyük yaşlarda da davam edəcəyini göstərir. Bu səbəbdən mütəxəssislər valideynlərə aşağıdakı məsləhətləri verirlər:
• Övladlarınızın yuxusuna önəm verin.
• Körpənin yuxusunun davamlı və keyfiyyətli olmasını təmin edin.
• Uşağın öz yaşına görə oyaqqalma və yuxu müddətini öyrənin.
• Uşağın yuxu mədəniyyəti sizin davranışlarınızdan asılıdır.
• Yuxu körpənin qidalanması ilə bağlıdır. Sağlam qidalanmaya diqqət verin.
• Uşaqların yorğunluq əlamətlərini ötürməyin.
• Hər gün eyni vaxtda yatızdırmağı bir qayda edin. Rejimə öyrəşən uşaqlar daha məsuliyyətli olur.
• Uşaqlıqdan yuxuya diqqət verin ki, böyüdükdə onunla bağlı digər problemlərə səbəb olmasın.
Mənbə: vib.az