Uşaqlara bəzi vərdişlər kiçik yaşlarından öyrədilməlidir. Əks təqdirdə bunları öyrənmək gələcəkdə onlar üçün daha çətin hala gələ bilər.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, psixoloq Günay Babazadənin sözlərinə görə, valideynlər körpəlik dövründə (1-3 yaş) uşaqlara bəzi vərdişlərin öyrədilməsi zamanı diqqətli olmalıdırlar:
“Bu dövrdə əmzik, pampers tərgidilməlidir. Nitq inkişafı başlamalıdır. Bunun sayəsində dil xəritəsi əmələ gələcək. Uşaq əvvəlcə sözlər, daha sonra cümlə tələffüz edir. Azyaşlı bədən üzvlərini tanımalıdır. Uşağa təlimatlar verib, nəzarət etmək lazımdır”.
Mütəxəssis uşağa əşyaların adlarını öyrətməyin vacib olduğunu qeyd edib:
“Onlara əlavə ad qoymaq olmaz. Körpənin söz bazasının düzgün inkişafı üçün bu, əsasdır”.
Psixoloq körpənin dağıtdığı əşyalarını valideynlərin toplamasının düzgün olmadığını, bu işi birlikdə etməyin onların inkişafı üçün əsas şərt olduğunu dilə gətirib.
“Uşaq dağıtdığı əşyaları yerinə qoymalıdır. Həmçinin nağıl terapiyası aparmaq bu yaş dövrünə uyğundur.
Güvəcdə otura bilmə bacarıqları formalaşmalıdır”,- deyə G. Babazadə vurğulayıb.