Uşaqlarda dırnaq yemə vərdişi

Ömründə bir dəfə də olsun dırnaqlarının “dadına” baxmayan uşaq çətin tapılar.

Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Həkim-pediatr Hafizə Məmmədova bu barədə Azertag.az-ın müxbirinə deyib: Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur. Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.

Uşaqlarda dırnaq yeməyi tərgitməyin bir yolu onu görməzliyə vurmaq, bir müddət ona fikir verməməkdir. Uşaq yenə də dırnağını yeməkdə davam etsə, ona səbəb olan halları öyrənmək lazımdır. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq yolverilməzdir.