Sentyabrın 9-da ibtidai sinif şagirdlərinin məktəbdən sonrakı vaxtlarını səmərəli təşkil etmək məqsədilə yaradılan “Mini Lisey” təhsil mərkəzinin açılış tədbiri keçirilib.
Mərkəzin direktoru Samirə Muxtarova qırmızı lenti kəsərək, liseyi açıq elan edib. Sonra isə valideynlər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Açılış mərasimində iştirak edən uşaqlar üçün də maraqlı əyləncələr təşkil edilib.
“Mini Lisey” təhsil mərkəzi haqqında Bagcam.az-a mərkəzin direktoru Samirə Muxtarova məlumat verib. O bildirib ki, liseyi yaratmaqda məqsəd valieynlərin qayğılarını bölüşməkdir:
“Bağçadan məktəbə gedən uşaqların valideynlərinin qayğıları, şikayətləri nəzərimizdə çoxdan var idi. Hazırda məktəblər də inkişaf edir, dərslər də çətinləşir. Ona görə də valideynlər müasir proqramın öhdəsindən gəlməyə çətinlik çəkirlər. Əsas məqsədimiz odur ki, bu çətinliyi öz öhdəmizə götürək və uşaqları sərbəst şəkildə öyrədək ki, özləri ev tapşırıqlarını həyata keçirə bilsinlər”.
Təlim tərbiyə işləri üzrə müavin Nərminə Mustafayeva bu liseydə uşaqların bağçada qazandıqları müvəffəqiyyətləri məktəbə də davam etdirməsinə kömək edəcəyini deyir:
“Zamanın tələbi olan bu “Mini Lisey” öz işinə start verdi. Gözəl tədbirdi, burada əsasən valideynlər nəzərə alınıb. Uşaqlar dərsdən sonra gəlib istirahət edəcəklər. İstirahət güşəmiz var. Boş vaxtlarda gəzintilərimiz var. Uşaqlar burada axşam saat 18:00-a qədər tam məşğul olacaqlar. Bütün vaxtını biz burada səmərəli istifadə edəcəyik”.
6 yaşdan 11 yaşa qədər olan dövrü əhatə edən lisey həftənin 5 iş günü fəaliyyət göstərir. Burada şagirdlər məktəbdə öyrəndikləri bilikləri möhkəmləndirir, milli kurikulum əsasında ev tapşırıqlarını yerinə yetirirlər.
Valideyn İlhamə Əliyeva “Mini Lisey”də hər şeyin ürəyincə olduğunu qeyd edib:
“Mən istəyirəm ki, mənim övladım dərsdən sonra gəlsin burada rus dili ilə məşğul olsun. Dil öyrənsin. Bütün dərs otaqlarıyla bir-bir tanış oldum. Hər şey çox xoşuma gəldi”.
Valideyn Nigar İbayeva isə işləyən valideyn kimi belə bir mühitin olmasını çox arzuladığını bildirib:
“İnanıram xeyirli olacaq. Uşaqlarımız üçün də çox gözəl olacaq. Yeməkxanasını da çox bəyəndim. Ev ab-havası yaranacaqdır, inanıram buna”.
“Mini Lisey” təhsil mərkəzinin açılış mərasiminin sonunda kollektivlə birgə tort kəsilib.
Qeyd edək ki, Mini lisey Nizami ray. Rüstəm Rüstəmov 32A ünvanında yerləşir. Valideynlər ətraflı məlumat üçün 70 715 15 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
[maxgallery id=”6264″]