“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinə daxil olan uşaq bağçasının balacaları məktəbəqədər hazırlıq proqramını bitirərək məzun olublar. Bu münasibətlə iyun ayının 18-də bağçada tədbir təşkil edilib.
Məzun günü balacaların bağça fəaliyyətini əks etdirən video çarxla başlayıb. Sonra isə uşaqlar əyləncəli rəqslər və bir-birindən maraqlı səhnəciklər ilə ailələrinin və müəllimələrinin qarşısında çıxış ediblər.
Məzun tədbiri uşaqlar üçün təşkil edilən master klass və animator şou ilə davam edib.
Bağçadan sonuncu balacalarını məzun edən uşaq bağçasının keçmiş direktoru Samirə Muxtarova tədbir haqqında təəssüratlarını bizimlə bölüşüb. O, uşaqları qürur hissiylə məktəbə yola saldığını söyləyib:
“Bu gün bağçada çox gözəl məzun tədbiri etdik. Uşaqlar il ərzində öyrəndiklərini nümayiş etdirdilər. Eyni zamanda mən ikitərəfli həyəcanlıyam. Həm 27 uşağı məzun edirəm, həm də öz oğlum Osman da bu il məzun olur. Mən sevinirəm ki, bizim bağça nəinki uşaqları, eyni zamanda onların valideynlərini də birləşdirərək, onlar üçün çox gözəl şərait yaradır”.
Valideynlər də övladlarının inkişafında göstərdikləri dəstəyə görə, bağça kollektivinə öz təşəkkürlərini bildiriblər.
Rəhimli Nigarın valideyni Kəmalə xanım:
“Bu gün çox xoşbəxt günümüzdür, çünki qızım bu gün məzun adını qazanıb. İlk növbədə bizə dəstək olan uşaq bağçasına öz təşəkkürümüzü bildiririk. Bizim övladlarımızı çox yüksək səviyyədə hazırladıqlarına görə təşəkkür edirik”.
Rəfiyeva Raulun valideyni Sevanə xanım:
“Mən özüm də uşaq bağçasında müəllimə işləyirəm. Müəllimlərin əziyyətini çox gözəl bilirəm. Mənim oğlumun inkişafında Şəfiqə müəllimənin, Xanım müəllimənin, Ceyran xanımın çox böyük rolu var. Bu gün oğlumla bərabər digər uşaqlar da uşaq bağçasından məzun olublar. Onlara da uğurlar arzu edirəm”.
Balaca məzunlar Yusif və Nigar isə sevinclərini Bagcam.az-la belə bölüşüblər:
Rəhimli Nigar:
“Əlvida bağçamız unutmarıq biz səni
Ömrümüzün gözəl, şən illərini
Əlimizi tutan ilk müəllimim
Xatırlayırıq hər vaxt, hər zaman səni”.
Şəfiyev Yusif:
“Mən daha bağçanı bitirirəm, çünki mən daha böyük oğlanam. Müəllimələrimi və dostlarımı çox sevirəm. Müəllimələrim mənə dərs keçdiyi üçün onlara təşəkkür edirəm”.
Tədbir uşaqların məzun olduqlarını ehtiva edən papaqlarını göyə atmaqla yekunlaşıb.
[maxgallery id=”5774″]