Valideynlərin 3-cü forumunda məktəb seçimi müzakirə olundu


27 Yanvar tarixində “İndigo” uşaq bağçasında “Bağçam Valideynlik Forumu”nun üçüncü mövsümü keçirilib. “Güclü Valideynlər, Güclü Uşaqlar” şüarı ilə baş tutan forumun təşkilatçıları “Education Management Network” və “Edu.Co”dur.

Forumda “7 yaş krizisi dövründə olan uşaqların motivasiya edilməsi”, “Bu dövrdə valideynlə övlad arasında münasibətin düzgün qurulması”, “Məktəb seçimi zamanı diqqət edilməli olan məqamlar” kimi mövzuların müzakirəsi aparılıb.

Forumun  təşkilatçısı Samirə Muxtarova bildirib ki, üçüncü mövsümün digərlərindən fərqi məhz uşaqların məktəbə hazırlığı üzərində qurulmasıdır:

“İlk forumumuz analarla bağlı idi, ikinci dəfə isə atalar üçün forum keçirdik. Bu gün isə məktəbin düzgün seçilməsi, uşaqların məktəbə psixoloji hazırlığı kimi məsələlərə toxunduq. Bilirsiniz ki, hər bir uşağın müəyyən yaş böhranları olur. Bugün də 6-7 yaş böhranından danışdıq. Müzakirəmiz seminar tipli keçmədi, əsasən müzakirə formasında oldu. Buna görə də bugün iştirak edən valideynlər üçün yararlı olduğunu düşünürəm”.

Forumda spiker kimi çıxış edən, uşaq psixiatrı Vəfa Şirinova bildirib ki, bu, Azərbaycanda məktəbəqədər müəssisələr arasında təşkil edilən ilk valideynlik forumudur:

“Valideynlik forumunun təşkilində məqsədimiz valideynləri yetəri qədər maarifləndirmək, onlara praktika cəhətdən daha çox yarımçı olmaqdır. Bu gün uşaqlarda yaş krizləri haqqında danışdım. “Kriz nədir? Necə olur? Nə cür başlayır?” kimi sualları cavablandırdıq, bu krizi keçirməyin yollarını öyrətdik”.

Forumun digər spikeri, təhsil işçilərinin peşəkar inkişafı İnstitutunun mütəxəssisi Tofiq Sadıxov bildirib ki, bu cür tədbirlər şəbəkələşməyə xidmət edir, valideynlər bir-birilə ünsiyyətdə olub məsləhətlər verə bilirlər:

“İkinci dəfə bu valideynlik forumunda iştirak etdiyim üçün çox xoşbəxtəm. Bundan əvvəlki forum kimi zövq aldım.

Məktəb seçimi valideynlər üçün övladını böyüdərkən əsas məqamlardan biridir. Müzakirələrimizin nəticəsində ən əsas məqam o oldu ki, uşağa normal gələcək verəcək, onu başa düşəcək, insan olaraq cəmiyyətdə yetişdirəcək məktəb lazımdır”.

Valideyn Gülanə Hüseynova da tədbir haqqında təəssüratlarını bölüşüb. Forum vasitəsilə yeni məlumatlar əldə etdiyini və bu biliklərin gələcəkdə övladları üçün faydalı olacağını qeyd edib:

“Mən də hər bir valideyn kimi narahat oluram. Övladlarımızın tərbiyəsi önəmli olduğu qədər təhsili də önəmlidir. Bu baxımdan forumda sevə-sevə iştirak etdim. Xüsusən də, forumun təşkilatçıları sözün əsl mənasında işini bilən insanlar olduğu üçün böyük məmnuniyyətlə dinləmək istədim. Gözlədiyim kimi də oldu. Çox şeylər öyrəndim”.

Valideyn Afət Şəfiyeva forumda iştirakçı olmaqdan məmnunluğunu qeyd edib. O bildirib ki, forumda öyrəndikləri ona gələcəkdə övladı üçün doğru məktəb seçimi etməkdə kömək edəcək:

“Öncəliklə, bu forumun keçirilməsində başda “Education Management Network” şəbəkəsi olmaqla əməyi olan hər kəsə çox təşəkkür edirik. Özəl və dövlət məktəbləri arasındakı fərqləri görməkdə çətinlik çəkən valideynlər üçün kömək oldu. Əgər bağçanı özəl seçmişiksə, deməli, burada gördüyümüz vacib xüsusiyyətlər var. Bu tədbirdə çox şeylər öyrəndik, inanıram ki, doğru seçim edə biləcəyik”.

Forumun sonunda, Samirə Muxtarova tərəfindən yeni açılacaq liseyin təqdimatı olub. “Xoşbəxt uşaq hər zaman uğur əldə edir”, “Övladınız hər şeyin ən yaxşısına layiqdir” şüarları altında yaradılan liseydə intellektin müxtəlifliyi, “Ehtiyaclar piramidası”-nın necə tətbiq olunacağı və işçi seçimi barədə valideynlərə ətraflı məlumat verilib. Şagirdlərə fərdi inkişaf planı əsasında yanaşılacağı qeyd edilən lisey haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.