“Bağçanın heyətinə övladımızı rahatlıqla etibar edirik”

DO4P2754“Qızımla aramızda böyük bir pərdə var. Buna baxmayaraq, dostluq münasibətimizi də saxlayırıq” – bu sözləri Azərbaycanın tanınmış bəstəkar-müğənnisi Nazim Məmmədov bagcam.az saytına verdiyi müsahibədə deyib.

Söhbətimizə məşhur ata olmağın məsuliyyətindən danışmaqla başlayırıq:

Məşhur ata və həyat yoldaşı olmaq necə hissdir?

– Məşhur olmaq sadəcə olaraq, ətrafdakı insanların qarşısında məsuliyyəti artırır. Düşünürsən ki, sənə kənardan baxanlar üçün övlad-ata münasibətində nə cür nümunə ola bilərsən. Ümumilikdə, işimi, məşhurluğumu ailədaxili münasibətlərə qatmıram.

Məşhurluğun sizin üçün müsbət və mənfi tərəfləri nələrdir?

– Müsbət tərəfi budur ki, ailə üzvləri ilə gəzintiyə və ya tədbirə gedərkən bizi tanıyan insanlar tərəfindən çox hörmətlə qarşılanırıq. Mənfi tərəfi isə, bəzən insanlar arasında tanınmış biri olduğumuzu unudub hansısa səhvə yol verə bilərik. Buna görə də cəmiyyət arasında rahat, sərbəst olmaq kimi şansımız yoxdur.

Həm bəstəkar, həm müğənnisiniz, işlərinizin çox olduqda övladlarınıza nə qədər vaxt ayıra bilirsiniz? İstirahət günlərini necə keçirməyin tərəfdarısınız?

DO4P2776– Tək həftəsonları deyil, həftəiçi günlərdə də ailə üzvlərimlə birlikdə olmağı çox sevirəm. Demək olar ki, bizim üçün “həftəsonu” deyə bir anlayış qalmayıb və hər gün bir-iki saat birlikdə keçiririk, əyləncə mərkəzlərinə, restoranlara gedirik. Yaxud da evə tez gəlib onlarla evdə vaxt keçirirəm, ruhən dincəlirəm.

Övladlarınızın tərbiyəsində kimin rolu daha çoxdur? Sizin, yoxsa həyat yoldaşınız Gülnarə xanımın?

– Məncə, övladların tərbiyəsində ata və ana eyni rolları bölüşürlər. Əlbəttə ki, həyat yoldaşım uşaqlarla daha çox məşğul olur. Çünki qızlarımızın yeməyi, sağlamlığı, geyimləri və təmizliyi ilə həyat yoldaşım məşğul olur. Eyni zamanda yoldaşım onlara böyüklərə, bağça yoldaşlarına qarşı necə davranmalı olduqlarını da öyrədir. Biz birlikdə övladlarımıza yaxşı və pisin nə olduğunu aşılayırıq ki, gələcəkdə müxtəlif mühitlərə uyğunlaşarkən bütün bunları müəyyənləşdirə bilsinlər.


Ata ilə qız övladı arasında münasibətlər necə tənzimlənməlidir?

– Buna çox ciddi nəzarət edirik. Qızımla aramızda böyük bir pərdə var. Buna baxmayaraq, dostluq münasibətimizi də saxlayırıq. Ata və qız münasibətimizi Azərbaycan mentalitetinə, dinimizə uyğun tənzimləyirik. Eyni zamanda qızım bir baxışımla nəyisə bəyənmədiyimi anlayır və dərhal onun məsuliyyətini dərk edir. Azyaşlı olduğuna baxmayaraq, etdiyi səhvi başa düşür və məyusluğunu bildirir.

Sizcə, övladlarınızın sizdə sevdiyi və ya sevmədiyi cəhətlər nələrdir?

IMG_0615– Həyat yoldaşımla mən onların istəklərini yerinə yetirir, onları motivasiya edir, sürprizlərlə sevindirir, qayğı göstərir və istədikləri zaman onların yanında oluruq. Məncə, bu cəhətlərimizi sevirlər. Onların bizdə sevmədiyi cəhətin olduğunu hiss etməmişəm. Ola bilsin ki, bəzən analarının onlara qoyduğu müəyyən qadağaları sevmirlər. Amma böyüdükcə analarını anlayacaqlarına inanıram.

Uşaqlara nə dərəcədə sərbəstlik verilməlidir? Bunun üçün sizin hansısa çərçivələriniz varmı?

– Balaca qızım Nur hələ bir yaş altı aylıqdır. Böyük qızım Fatiməyə isə sərbəstliyi o zaman veririk ki, onun gələcəyi üçün zərərli olmasın və onu ərköyünlüyə sürükləməsin. Hərdən həyat yoldaşım onun hər istədiyini yerinə yetirdiyimizə görə məni qınayır.  Amma Fatimə zəkalı uşaqdır. Ona “yox” kəlməsini deyəndə bizimlə dərhal razılaşır. Məsələn, mağazadan imkanım çatan bir şeyi almağımı istədiyi zaman onu bir dəfə alıramsa, növbəti dəfə almıram ki, “yox” kəlməsinə alışsın. Uşağa 7 yaşına qədər hansı sərbəstliklərin verilməli olduğunu dinimizdən öyrəndiklərimizlə tənzimləyirik.

Övladlarınızın təhsilinə nə dərəcədə fikir verirsiniz? Onları bağçaya əmanət edirsinizmi?

– Bütün valideynlər kimi biz də övladlarımızın təhsili ilə yaxından məşğul oluruq. Balaca qızım Nur hələ balaca və çox dəcəl olduğu üçün bağçaya getmir. Amma böyük qızım Fatimənin tərbiyəsini bağçaya etibar edirik. Çox sevinirik ki, Fatiməni əmanət etdiyimiz “İndigo” uşaq bağçasının işçi heyətinin uşaq psixologiyası haqqında bilikləri yüksək səviyyədədir. Onlara qızımızı rahatlıqla etibar edə bilirik.

IMG-20161221-WA0027Qızlarınızı bağçaya göndərərkən xüsusi diqqət etdiyiniz məqamlar nələrdir?

– Qızımız bağçaya təzə getdiyi vaxtlarda uşaqların və bağçanın təmizliyi, tərbiyəçilərin uşaqlara olan münasibəti bizim üçün çox vacib məqamlar idi. Artıq bu məsələlərə görə narahat olmuruq. Övladımızın etibarlı əllərdə olduğuna inanırıq.

Dərsdən əlavə, qızlarınızın hansı məşğələlərlə məşğul olmalarını istəyirsiniz? Bunun üçün hansı şəraitləri yaradırsınız?

– Anası ilə birlikdə Fatiməyə rus dilində, müxtəlif şəkillərdən ibarət, uşaqlara sayları öyrədən kitablar almışıq. Hər gün daha çox anasının köməyi ilə bu kitablardan yeni biliklər qazanır. Bəzən İnternetdə ingilis dilində olan cizgi filmlərinə, eyni zamanda tərbiyəedici video-çarxlara da baxır. Düşünürəm ki, bunlar şüuraltı olaraq Fatimənin yaddaşına yazılır. Fatimə dərslərdən əlavə, bağçada uşaqlar üçün təşkil edilən pantomim məşğələlərində də iştirak edir. Bu məşğələlərin keçirilməsindən çox razıyıq. Gələcəkdə rəqs məşğələlərində iştirak etməsini də istəyirik.

Övladlarınız üçün hansı sənəti uyğun görürsünüz? Sizin sənətinizi davam etdirmək istəsələr, münasibətiniz necə olardı?

– Əlbəttə, Fatimə onun üçün nəyin yaxşı olub, olmadığını özü gələcəkdə anlayacaq. O, özünü hansı sənətdə xoşbəxt görsə, ona razılıq verəcəm. Mən musiqi sənəti ilə məşğul oluram, bəstəkaram, bəstəkar olmağı ona qadağan etmərəm. Eyni zamanda onda bu istedad varsa, onun gözəl skripka ifaçısı, not yazarı, pianoşünas olmasına da əngəl olmaq istəmərəm.