“Sağlam Ailə” Tibb Mərkəzi ilə “Education Management Network” (Təhsil İdarəetmə Şəbəkəsi) arasında imzalanmış müqavilə çərçivəsində şəbəkəyə daxil olan uşaq bağçalarının işçi heyətinin “Sağlam Ailə” Tibb Mərkəzində tibbi müayinəsinin keçirilməsinə başlanıb.
“İndigo” Nərimanov uşaq bağçasının meneceri və Şəbəkənin İnsan Resursları İdarəetməsi üzrə Koordinatoru Sevda Babanlı keçirilən tibbi müayinə haqqında məlumat verib. O, belə müayinələrin keçirilməsinin kollektivlə yanaşı uşaqların sağlamlığı üçün də əhəmiyyəti olduğunu bildirib:
“Bütün uşaq kollektivi ilə işləyən əməkdaşlar ildə 2 dəfə məcburi olaraq tibbi müayinədən keçməlidirlər. Müayinənin əsas müsbət təsiri ondan ibarətdir ki, bizim uşaqlarla daimi ünsiyyətdə olan əməkdaşlarımızın tam sağlam olmasından əmin oluruq”.
Müayinədə ilkin olaraq 17 Dekabr 2016 – cı il tarixində “İndigo” Nərimanov Uşaq Bağçasının 14 əməkdaşı iştirak edib. Onlar terapevt, ginekoloq, lor, oftalmoloq, psixoloq, kardioloq və sair kimi konsulatasiyalardan keçirilib.
Sonda Sevda xanım şəbəkəyə daxil olan uşaq bağçalarında işə qəbul zamanı əməkdaşın özü ilə məcburi olaraq tibbi arayış gətirməli olduğunu əlavə edib.
Qeyd edək ki, “Sağlam Ailə” Tibb Mərkəzi ilə “Education Management Network” arasındakı əməkdaşlıq çərçivəsində şəbəkəyə daxil olan bütün bağçaların kollektivləri mütamadi olaraq tibbi müayinələrdən keçiriləcəklər.