Soyuqda uşağı infeksiyadan qorumağın yolları

usaq_xestelenmeQış mövsümündə uşaqlar arasında yuxarı tənəffüs yolu infeksiyaları halları tez-tez baş verir. Soyuqdəymə, qrip, təkrarlanan sinusit, badamcıq, boğaz əti və orta qulaq iltihabları soyuq hava günlərində ən çox rast gəlinən xəstəliklərdəndir. Uşaqlıq çağında ildə 5-6 dəfə keçirilən bu xəstəliklərdə vaxt itirmədən və təsirli müalicəyə başlamaq çox əhəmiyyətlidir. Çünki gecikdirildikdə infeksiya yayıldığı bölgədə hərarət, orta qulaq iltihabı və sətəlcəm kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Qısası, uşağınızı yuxarı tənəffüs yollarından müəyyən qədər qorumaq mümkündür. Bunun ən təsirli yolları isə qrip peyvəndi etdirmək və əlləri tez-tez yumaqdır. Bəs başqa hansı tədbirlər görülməlidir? Bagcam.az Aile.lent.az-a istinadən uşaqları xəstəliklərdən qorumaq üçün valideynlərə bəzi məsləhətlər verir.

İlk 6 ay yalnız ana südü ilə qidalandırın

Körpəni xəstəliklərdən qorumağın ən təsirli üsullarından biri onu ilk 6 ay yalnız ana südü ilə qidalandırmaqdır. Çünki ana südünün tərkibindəki anticisimlər körpənin ümumi immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı müqavimətli olmasını təmin edir.

Qat-qat geyindirin

Soyuq hava bədəndəki kapilyar damarların büzülməsinə səbəb olaraq, həmin bölgədə qan dövranını azaldır. Bunun nəticəsində də xəstəliyə zəmin hazırlayır. Bədən müqavimətinin düşməməsi və soyuqdan qorunması üçün uşağı böyüklərlə müqayisədə bir qat daha qalın geyindirin. Belə ki, uşağın paltarları mühit istiliyinə uyğun şəkildə, qat-qat olmalıdır. Uşağa bir qalın geyim əvəzinə bir neçə yüngül paltarı qat-qat geyindirmək istilik izolyasiya baxımından daha təsirlidir. Sintetik olmayan, təri çəkən pambıq tərkibli parçalardan olan paltarlar geyindirməkdə fayda var. Diqqət yetirməniz lazım olan bir başqa məqam budur –  uşaqlarda istilik itkisi baş bölgəsində daha çox olduğu üçün başına qalın papaq qoyun.

Mühiti hər saat başı 5 dəqiqə havalandırın

Yuxarı tənəffüs yolu infeksiyalarından qorunmağın başqa təsirli yolu mühiti yaxşı havalandırmaq və infeksiyadan uzaq saxlamaqdır. İnfeksiyalar hava və damcı yolu ilə yoluxduğu üçün yaxşı havalandırılmış mühitlərdə xəstəliyin yoluxma riski aşağı düşür. Bu səbəbdən də olduğunuz mühiti, otağı hər saat başı 5 dəqiqə havalandırmağa çalışın.

Bu qidaları bol-bol yedizdirin

Pomidor tərkibindəki likopenlə immunitet sistemini gücləndirir. Ərik, nar, alma, portağal və üzüm immunitet sistemini gücləndirən qidalar arasındadır. Albalı və albalı suyu da kaliumla, A vitamini ilə zəngin meyvədir. A vitamini tənəffüs yolu dayanıqlılığını artırır. Yüksək protein tərkibli ət, süd, yumurta kimi yeməklər də antikor istehsalını artıraraq bədənin ümumi müqavimətini yüksəldir. Odur ki, mövsümündə bu qidaları süfrənizdən əskik etməyin.

Maska taxın

Xəstələnmisinizsə, uşağın yanında mütləq maska taxın və xəstə insanlarla ünsiyyətini minimuma endirin. Xəstə insanlar uşağı öpməkdən qaçmalıdır. Çünki ağız ifrazındakı virus və bakteriyalar bu yolla uşağa keçərək xəstəliyə gətirib çıxarır. Uşağınızla eyni çəngəl, qaşıq, stəkan kimi əşyaları istifadə etməyin. Əllər daşıyıcı olduğu üçün viruslu səthlərlə təması yox etmək ən təsirli yoldur. Əllərinizi təmiz saxlayın. Uşağı infeksiyadan qorumaq üçün əl gigiyenasına diqqət yetirmək çox əhəmiyyətlidir. Uşağın da əlləri ən az 2 dəqiqə sabunla yuyulub, qurulanmalıdır. Əgər əllərini özü yuyacaq yaşdadırsa, bunu vərdiş halına gətirməsini təmin edin. Hansı yaşda olursa-olsun, əllərini qurulama əməliyyatında ortaq dəsmal istifadə etməməyə də diqqət edin.

Peyvəndini mütləq etdirin

Xüsusilə soyuqdəymə və qrip kimi ciddi infeksiyalardan qorunmanın bir başqa təsirli üsulu isə peyvənddir.