Ana olmaq karyera ilə vidalaşmaq deməkdirmi? Bu sual bir çox gənc xanımı narahat edir. Lakin, həm sevimli ana olub, həm də uğurlu karyerada addımlayan xanımlar az deyil. Belə tərəddüdlərdən qurtulmaq üçün müsbət təcrübələrdən nümunə götürmək olar.
Müsahibimiz – gözəl ana, radio aparıcı, analar.az saytının müəllifi və baş redaktoru, video-blogger Səma Abiyevadır. Səma xanım, analıq və karyera tərəzisinin bərabərliyini pozmadan necə irəliyə addımladığını bagcam.az oxucuları ilə bölüşür:
Azərbaycan video-bloggerləri arasında gənc anaların sevimlisisiniz deyə bilərik. Bu yerə gəlməyin çətinlikləri nələrdir?
– Şəxsən mənim üçün video-bloggerlik ilə məşğul olmağın çətinliyi yoxdur. İşimdən zövq alıram, çətinlikdən isə motivasiya oluram. Əslində, asan işləri heç sevmirəm. Çətin işi bacardıqca daha böyük işlər görməyə stimulum artır.
Bəs bu yerə çatmaq üçün hansı bacarıqlara yiyələnməli olmusunuz?
– İxtisasca jurnalistəm, kanalların birində xəbərlər bölməsində çalışmışam. Hazırda analıq məzuniyyətində olsam da, radioda aparıcıyam. Video-blogger olmaq üçün səsimin, diksiyamın düzgün olmasına diqqət edirəm, səsyazma, səs montajı, video montaj incəliklərini öyrənmişəm, işıq, düzgün rakurs, axıcı mətn hazırlamaq kimi peşəmin verdiyi qabiliyyətləri özümdə formalaşdırmağa çalışmışam.
Ümumiyyətlə, bu sahədə şəxsən nələri qazanmısınız?
– Qısa zamanda böyük izləyici sayına sahib olmuşam. Ən azından bu mənim üçün böyükdür. Nəzərə alsaq ki, kanalım 2 il ərzində 8 milyondan çox baxışa sahibdir və ölkədə ən böyük abunəçisi olan qadın videobloggerəm. Düşünürəm ki, kömək etmək istədiyim insan sayının çoxalmasını istəməyimdə qəbahət yoxdur. Əməkdaşlıq etdiyim bir sıra lokal şirkətlər olub. Hobbi adlandırdığım bu işdən artıq maddi gəlir əldə etməyə başlamışam. Azərbaycanda ilk dəfə olaraq 2 dəfə izləyiciləri ilə görüş keçirmək kimi təcrübəm olub. Nəhayət ən böyük uğurum musenetwork.com kimi bir beynəlxalq şirkətlə əməkdaşlıq edirəm. Mənim üçün qürurvericidir ki, bu gün mənim adım Tarkan, Cem Yılmaz, Sezen Aksu, Mahsum Kırmızıgül kimi uğurlu insanlarla bir sıradadır. Artıq Türkiyə Youtube aləminə aktiv şəkildə daxil olmağa start vermişəm.
Bəs necə düşünürsünüz, iş qadını ilə işləyən qadın arasında fərqlər nədir?
– Mənim zənnimcə, iş qadını artıq öz işini qurmuş və sevdiyi bir işdən biznes formalaşdırmış biridir. İşləyən qadın isə karyera pillələrində ucalmaqda olan ancaq böyük mexanizmin bir parçasıdır.
Siz iş qadını olmaqla yanaşı, hər şeydən öncə anasınız. Ana olmağınız sizin iş həyatınıza necə təsir etdi?
– Hər iki övladımda da işə çox tez zamanda geri dönmədim. Oğlumun 3 yaşı tamam olana qədər tərbiyəsi və formalaşmasında birbaşa iştirak etdim. Ən düzgünü budur deyə oxuduğum kitablardan qənaətə gəlmişəm. Bəzən analar əhəmiyyət vermirlər, ancaq bu 3 il uşağın valideynlə, xüsusən də ana ilə bağlılığında, psixologiyasında çox önəmli dönəmdir. Qızım doğulduqdan sonra da tamamilə işimdən bir müddət qopdum, radiodan uzaqlaşdım. Artıq 1 ildir ki, efirdə deyiləm. Müəyyən tədbirlərə, dəvətlərə getmirəm. Amma blogumu davam etdirirəm və hətta analıq təcrübəmi mənim kimi analarla bölüşürəm. Bu fasilədən narahat deyiləm. Düşünürəm ki, mənim ən böyük yaradıcılığım elə övladlarımdır.
Sizin fashion-blogger kimi də işlərinizi görürük. Ailə həyatı, analıq və baxımlı xanım olmaq balansını necə qoruyursunuz?
– Bir çox işləri paralel edirəm. Həyətdə uşaqla gəzərkən mail-i yoxlayıram, kitab oxuyuram. Oğlumun dərsinə kömək edərkən yemək bişirirəm, qızıma yemək verərkən Youtube-dan videolar izləyirəm, məlumatlanıram və s. amma yenə də çətinliklə çatdırıram.
Bildiyimiz kimi, analar.az saytının baş redaktorusunuz və özünüzün də dediyiniz kimi gənc analar üçün bir çox məsləhətlər paylaşırsınız. Öz analıq təcrübənizdə bütün məsləhətlərə əməl edə bilirsiniz mi?
– Bəli, çünki saytımızda olan bütün məqalələr həyatımız boyunca rastlaşdığımız problemlərə cavab axtararkən yazılıb.
Övladlarınızın savadlı böyüməsi üçün nələr edirsiz?
– Çoxlu kitab oxuyuruq birlikdə. Oğluma ailədə müzakirələrimiz, söhbətlərimiz mesajlar ötürür. Atası və mən işimizdən dolayı çox maraqlanan adamlarıq. Oğlum da bizim kimi özünə blog açmaq, yaşıdlarına kitab tövsiyələri, oyunlar, cizgi filmləri anlatmaq istəyir. Dərs rejimindən dolayı alınmır. Amma ona yardımçı olacağam. Kino və cizgi filmi seçiminə həssasıq. Olmazları elmi cəhətdən izah edirik. Bizi əla qarşılayır.
Özünüzün yaradıcısı olduğunuz oyunlar, nağıllar, laylalar varmı? Necədir?
– Oyunlar var, misal üçün oğlum doğum gününə dostlarını dəvət etdikdə onlarla intellektual oyunlar oynadıq. Vaxtımızı əyləncəli, amma həm də öyrədici keçirdik. Əvvəlcədən buna hazırlaşmışdım. Laylalardan çox oxşamaları özüm qoşuram. Nağıllar isə improvizə ilə yaranır deyə, yadımda qalmır. Ancaq kanalımda səsləndirdiyim kifayət qədər nağıl var.
Uşaqlarınıza vətənpərvərlik hissini necə aşılayırsınız?
– Filmlərlə, musiqilərlə, qəhrəmanlar haqqında danışmaqla və tarixi olan yerlərə gəzintiyə getməklə övladlarımıza vətənpərvərliyi aşılayırıq.
Övladlarınızın hər ikisinə eyni münasibət bəsləyirsiniz, yoxsa arada fərqlər qoyursunuz? Əsasən hansı fərqlər?
– Oğlumuza qarşı çox vaxt bir qədər tələbkar, daha disiplinli münasibətdə oluruq. İradəsinin formaşalması üçün, kişi xüsusiyyətləri – qorumaq, müdafiə etmək, güclü olmaq kimi bacarıqlara yiyələnməsi üçün kitablardan oxuduğumuz məsləhətləri tətbiq edirik. Əslində qızım hələ balacadır deyə, böyümə şəkillərində kəskin fərqlər yoxdur.
Ümumiyyətlə, oğlan və qız uşağı arasında əsas fərqlər nələrdir və valideynlər nələrə diqqət etməlidir?
– Fərqlər təbii ki, çoxdur. Qızlar daim analarından təsirlənsələr də, oğlanlar bir müddət analarının təsiri altında olurlar. 7 yaşdan sonra ata, 14 yaşdan sonra hansısa kişi obrazının təsiri altında böyüyürlər. Qızların ilk sevgisi ataları, oğlanların ilk sevgisi isə anaları olur. Qarşı cinsi seçərkən şüuraltı da olsa valideynlərində bəyəndikləri xüsusiyyətləri axtarırlar. Qız və oğlan tərbiyəsində yoldaşımla mənə bəzi kitablar yardımçı olur. Stiv Biddalfın “Çto takoye malçiki?” “Zaçem prinscessi kusayutsya?” kitabları çox yararlıdır.
Uşaqları sakitləşdirmək üçün özünüzün xüsusi metodunuz varmı?
– Həyəcanlı vaxt uşağa bir şey anlatmağın mənası yoxdur, hətta ünsiyyətə girməyin belə. Uşağı özü ilə bərabər ancaq müəyyən dərəcədə sakit buraxmaq lazımdır. “Mən səni başa düşürəm, sakitləş, danışarıq” deyib müəyyən vaxtdan sonra hər şeyi detallı, səbrlə izah etmək lazımdır. Daha balaca uşaqlarda da qıcıqlandığı məsələnin əksini sübut etməyə və ya onun istədiyini həyata keçirməyə çalışmaq olmaz. Əksinə səs-küy salan uşağın tamaşaçısı olmaq lazım deyil. Uşaq təzyiq etdiyini anlamalı deyil. Daha sonra sakitlik vaxtı anlatmaq, onun hərəkətlərini videoya çəkmək və özünə göstərmək lazımdır. Onda uşaq özünə kənardan baxacaq və “sən ağıllı qızsan, inanmaram ki, sən bunu edərsən, yəqin bilməmisən” deyə söhbətə başlamaq lazımdır. “Sən pintisən, dəcəlsən, tənbəlsən” deyə ümumiləşdirmək olmaz. “Sən yaxşı balasan, amma arada yadından çıxır deyə” – belə edirsən. Bunu düzəldə bilərsən, bunu hamı bilir. Ona görə gəl birlikdə bu pis hərəkəti unudaq getsin” deməklə problemi həll etmək olar.
Uşaqların texnoloji alətlərdən istifadəsinə münasibətiniz necədir?
– Çox pis. Mütləq mənfini müsbətə çevirmək lazımdır. Misal üçün mən oğluma planşetdən izləyə biləcəyi çox faydalı cizgi filmlər tapmışam. Fiksiki, smeshariki və bu cizgi filmləri uşaqların dünya görüşünü artırır və ya iqusha.ru saytı vasitəsi ilə intellektual oyunlar edirik. Gecələr Youtube-dan rusca audio nağıllar dinləyirik.
Tez-tez paylaşımlarınızda türk və rus dillərində olan uşaq baxımı ilə bağlı kitabların fotolarını görürük. Azərbaycan dilində belə vəsaitlər varmı? Özünüz yazmağı düşünürsünüzmü?
– Azərbaycan dilində xeyr, çox azdır. Mən gələcəkdə belə bir ideyanı gerçəkləşdirmək istəyirəm. Sadəcə hələlik özüm bu sahəyə daha dərindən nüfuz etməyi və anaların kitab oxumaq həvəsini araşdırıram.
Uşağı bağçaya əmanət edirsiniz mi?
– Hələ ki yox. Bu məsələni araşdırmadan reallaşdırmayacam təbii ki. Mənim üçün uşağın bağçalarda sadəcə yaxşı yedi və yatdı məsələsi əsas deyil. Mən uşaqların intellektual inkişafına diqqət edən, onları nəzarətdə saxlamaqla azad böyüdən bağçaların tərəfdarıyam. Sovet bağçalarımız isə oyuncaqları uşaqlara təəssüf ki, eksponat kimi təqdim edir.
Son olaraq həm ailə qurmaq, həm ana olmaq, həm də kariyera qurmaq istəyən gənc xanımlara məsləhətiniz nə olardı?
– Məncə çətin deyil. Həvəs hər şeyə qadirdir. Bircə həyatımız var. O həyat boyu hər şeyin mükəmməlinə imza atmaq, özünü sevdikləri və özü üçün gözəl tərəfdən reallaşdırmaq, formalaşdırmaq yaşamağa daha həvəsləndirən məqamdır.
Məncə, uğurlu qadın gözəl ana və gözəl həyat yoldaşı olmağa bir addım daha yaxındır. Çünki o beləcə özünün ailəsinə şəxsiyyət kimi də sevdirə bilir. Evin aşbazı, xadiməsi və dayəsi rolu ilə məhdudlaşmır. Mən şəxsən heç vaxt yoldaşımın yeyəcəyi yeməyi heç kəsə həvalə etmərəm. Övladlarımın tərbiyəsini və qidası da eləcə. Məncə, yoldaşımın dadacağı təamlara sevgimi qatamasam, balalarımın formalaşmasına qayğımı qoymasam mən sadəcə ailədə fiqur olaram. Sanki onlar üçün və özüm üçün mükəmməlini etməyə çalışdıqca, bu yolda olan axtarışlarım böyüdükcə və püxtələşdikcə onlar və özümü xoşbəxt edirəm.
Qeyd: Müshibədə istifadə olunan fotolar Səma Abıyevanın Feysbuk hesabından götürülüb.