Azərbaycanda piylənmə aşkar edilən uşaqların sayı açıqlanıb. Statistik göstəricilərə əsasən 2015-ci ildə 586 uşaqda piylənmə aşkar edilib. Əhalinin hər 100 000 nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə düşən bu xəstələrin sayı isə 51 nəfər olub.
Bagcam.az xəbər verir ki, uşaqlarda piylənmə ilə bağlı GSR.fm-ə müsahibə verən pediatr Günay Rəsulova bildirib ki, piylənmənin əsas səbəblərindən biri passiv həyat tərzidir:
“Uşaqlar əvvəlki illərlə müqayisədə televizor, kompüter, planşet qabağında saatlarla oturur və az hərəkət edirlər. Bu da piylənməyə səbəb olur. Bundan başqa uşaq qida rasionunda fast foodların çoxluq təşkil etməsi, yuxu rejiminin düzgün olmaması, uşaqların gec saatda qidalanması piylənmənin səbəblərindəndir. Eyni zamanda valideynlərin uşaqlara yerli-yersiz iştah açıcı vitaminlər verməsi və ya onları məcburi qidalandırması, bəzi dərmanların yan təsiri nəticəsində də piylənmə baş verə bilər. Uşaq qida rasionunda bütün növ qidalardan, yəni zülallardan, karbohidratlardan, yağlardan mütləq olmalıdır, amma, hərəsinin öz qədəri vardır. Məsələn, daha asan həzm olunan karbohidratlardan, meyvə və tərəvəzlərin tərkibində olanlardan istifadə edilməlidir. Həmçinin proteinlə zəngin qidalar, süd və süd məhsulları da uşaq qida rasionunda olmalıdır. Uşaqları tərkibində süni şəkərlər olan qidalardan uzaq tutmaq lazımdır”.
Artıq çəkili uşaqların pəhrizindən də danışan pediatr qeyd edib ki, belə uşaqlar mümkün qədər aşağı kalorili qidalandırılmalıdırlar:
“Uşaq qida rasionunda kalorili qidalara günün birinci yarısında üstünlük verilməlidir. Axşam isə tez həzm olunan qidalar salınmalıdır. Uşaqlarda qidalanma saatı da çox önəmlidir. Uşaqlar yatmamışdan 2 saat qabaq qidalanmalıdırlar. O cümlədən yağlar və karbohidratlar azaldılmalıdır”.