Ötən il Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub.
Bagcam.az xəbər verir ki, bu barədə GSR.fm-ə müsahibə verən “İndigo” uşaq bağcasının pediatrı Şəlalə Orucova bildirib ki, uşaqları belə xəstəliklərdən qorunmaq onlara tez-tez maye qəbul etdirməliyik:
“Uşaqlar kifayət qədər maye qəbul etsələr, hansısa antibiotiklərdən və öskürək əleyhinə dərmanlardan istifadə etməyə ehtiyac qalmaz. Hazırda payız mövsümünü yaşayarıq. Çox yaxşı olar ki, uşaqlara balıq yağını məhz bu mövsümdə versinlər. Bəzi valideynlər ilin 12 ayında da balıq yağına üz tuturlar, lakin bu düzgün deyil. Payız mövsümündə immunitetin aşağı düşməsi ilə əlaqədar olaraq yalnız bu dövrlərdə balıq yağından istifadə edə bilərik. Həm də omeqa onların beyinlərinə yaxşı təsir edəcək.
Valideynlər bəzən düşünür ki, uşaqları qalın geydirməklə uşağı xəstəliklərdən qoruyurlar. Əksər hallarda biz müşahidə edirik ki, belə uşaqlar daha tez xəstələnir. Uşaq tərləyir, soyuq alır. Daim hərəkətdə olduqları üçün onları hər dəqiqə izləmək mümkün deyil. Uşaqlara nazik alt paltarı, üst geyim olaraq isə isti, qalın köynək geyindirmək kifayət edir. Bəzən müşahidə edirik ki, valideynlər tənəffüs yolunu mikroblardan qorumaq üçün müxtəlif məlhəmlərdən istifadə edirlər. Lakin bu düzgün deyil. Çünkü, onlarda burun-tənəffüs yolları tam formalaşmayıb və belə mazlar burun-tənəffüs yolunun inkişafının qarşısını alır”.