“Sosiallaşma insanın sosial normaları, davranış qaydalarını, dəyərləri mənimsəməsidir”.
Bu sözləri Bagcam.az-a müsahibəsində uşaq bağçasının psixoloqu Samirə Hüseynova uşaqların sosiallaşması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə bu doğulandan qocalana qədər gedən prosesdir:
“Sıfır-bir yaş arası sosiallaşmanın birinci mərəhələsidir, bir yaşdan üç yaşa qədər artıq ikinci mərhələdir. Bundan sonra artıq üç-altı yaş mərhələsi, yeniyetməlik, gənclik mərhələləridir. İlkin mərhələlərdə uşaq ana ilə, doğmalarla münasibətdə, sonralar kollektivdə (bağça, məktəb) sosiallaşır. Ailə, bağça, məktəb, iş və s. bunlara birlikdə sosiallaşma institutları deyilir. Biz həyatımız boyu bir institutdan digərinə keçid edirik”.
Psixoloq uşaqların sosiallaşmasına mane olan amillərdən də danışıb. O bildirib ki, uşaqlara onların utancaq olduğunu demək bu amillərdən biridir:
“Uşaqlara heç vaxt utancaq olduğunu demək lazım deyil. Onlara vaxt və imkan verməliyik ki, özlərini ifadə edə, nəyi bacarırlarsa, onu göstərə bilsinlər. O zaman özlərinə əmin olacaqlar, görəcəklər ki, sadə oyunları (məsələn, gizlənqaç) artıq bacarırlar, sonra isə mürəkkəb oyunlara keçəcəklər. Uşaqlar elə bilirlər ki, dünyada nə varsa, hamısı onlarındır: Ana, ata mənimdir. Bütün ehtiyac və tələbatlarım o saat ödənilməlidir. Çünki onların artıq təcrübəsi var ki, mən körpə olanda ac olan kimi anam həmin an süd verirdi, deməli, indi də nə istəsəm mənim olacaq. Əgər mən bu oyuncağı istəyirəmsə, mütləq mənim olmalıdır. Görür ki, bu alınmır, xahiş etməyi bacarmır, o ağlamağa, özünü yerə çırpmağa başlayır. Təbii ki, valideyn buna dözə bilməyib istədiyini ona verir. Artıq uşaq görür ki, bu, işə yaradı və bu üsuldan istifadə etməklə istədiklərini əldə edəcək. Bu kimi vəziyyətlər uşaqların sosiallaşmasına mane olacaq”.
Samirə xanım uşaqların utancaqlığının əsas səbəbləri haqqında da məlumat verib:
“Ola bilsin ki, kimsə onun haqqında mənfi rəy verib yaxud da özü eşidib. Bəzən uşaqlarda sidiyi saxlaya bilməmək halları olur, böyüklər onun yanında ucadan “baxın, şalvarı yaşdı”, “niyə gözləyib tualetə getməmisən?” və buna bənzər ifadələr işlədirlər. Belə olduqdan sonra artıq uşaq özünə güvəni itirir, bilmir necə davransın. Gələn dəfə bu kimi hallarda ya müəlliminə, ya da valideyninə deməyə utanacaq. Bu əsasən həssas uşaqlarda olur, bunu unutsa belə, həyatı boyu onun şüuraltında qalır. Fikirləşir ki, mən kimdənsə asılı qalıram, özüm-özümə qayğı göstərə bilməyəcəm və ona görə də utanır. Artıq 3 yaşda bunlar formalaşmırsa, təbii ki, uşağın özünə güvəni aşağı olacaq. Elə uşaqlar var ki, aktiv uşaqdır, belə hallar baş versə də, heç əhəmiyyət vermir.
Sosiallaşma əsasən ətraf mühitdə, insanlarla münasibətlərdə baş verir. Təsəvvür edin ki, uşaq insanlarla münasibət qura bilmirsə, ümumbəşəri dəyərləri mənimsəmirsə, başqa insanlara və yaxud heyvanlara empatiya bəsləyə bilmirsə, onun üçün insan kimi formalaşmaq, cəmiyyətdə rolunu ifadə etmək, şəxsiyyət kimi formalaşmaq, insanlara hörmətlə yanaşmaq, olduğu kimi onları qəbul etmək çətin olacaq”.
Samirə xanım qeyd edib ki, sosiallaşma üçün ailə ilk mühitdir və ailə buna önəm versə də, verməsə də sosiallaşma baş verəcək:
“Adətən ailələr istəyir ki, uşaqları danışsın, münasibət saxlasın. Əgər bu gec baş verirsə, övladı yeni dostlar qazana bilmirsə, kimisə görəndə ağlayırsa, artıq valideynlər narahat olurlar. Buna önəm verdiklərinə görə də, onların sosiallaşması üçün bağçaya qoyurlar. Düzdür, mütləq deyil ki, uşaq bağçaya qoyulsun, amma onların bağçaya getməsi daha yaxşıdır.
İndi biz baxsaq, həyətdə oynayan uşaq görə bilmərik, valideynlər uşaqları gözündən kənara qoymur. Özləri də uşaq ilə həyətə düşmürlər. Bunun üçün də uşaqların bağçada kollektivə qarışması onun daha da sosiallaşmasına şərait yaradır. Adətən valideynlər daha çox uşaqları əqli bacarıqları öyrənməyə yönəldirlər. Mən belə düşünürəm ki, sosial bacarıqlar, emosiyaları idarə edə bilmək, özünü sakitləşdirmək, başqalarının hisslərini anlamaq ümumiyyətlə, psixi bacarıqlarını inkişaf etdirsələr, daha faydalı olar. Əqli baxımdan uşaq inkişaf edə bilər, amma özünü insan kimi hiss etmirsə ağıllı robot kimi formalaşacaq ”.
Sonda psixoloq uşaq bağçasında uşaqların sosiallaşması üçün çox sadə üsullar tətbiq etdiyini də vurğulayıb:
“Bəzi uşaqlar bu tətbiqlərə əməl edir, bəziləri isə daha gec öyrənirlər. Məsələn, adi bir salamlaşma sosial normadır. İlk növbədə kiçik körpələr bizimlə salamlaşa bilməyəcəklər, amma gülümsəyə bilərlər, səsimizi eşidəndə bizə baxırlar, onlar üçün bu salamlaşmadır. Göz kontaktı yaratmaq çox vacibdir, artıq bunu bacarırsa, müsbət haldır. Növbəti mərhələdə artıq ona hansısa söz deyilibsə, çalışacaq ki, onu təkrar etsin. Gələn dəfə onun yadına salıb soruşursan ki, “gedəndə nə demək lazımdır?”
Daha mürəkkəb forması isə uşağa xatırlatmadan özünün yadına salmasıdır. Eynilə başqa davranışlarda da belədir: növbə gözləmək, icazə almaq.
Bunlar da mərhələlərlədir, addım-addım inkişaf edirlər. Həmçinin, uşaqlara hansısa bir əşyanı nəzakətli şəkildə xahiş etmək öyrədilir. Məsələn, bir oyuncaqla 1 uşaq oynayır, amma digər uşaq da o oyuncağı istəyir. Onda o uşağa indi digər uşağın oynadığını, bizim isə gözləməli olduğumuzu başa salmalıyıq. Bəzən olur ki, başqa uşaq inad edib vermir, ona da öyrənməsi üçün vaxt lazımdır. Bir yaş və ya bir yaş yarım olan körpələr üçün bölüşmək çətindir, amma bir az böyüklərdə isə iki, üç dəfə xahiş etməli olduğunu yadına salmaq lazımdır, sonra artıq bunu özü avtomatik olaraq edir. Bağçada sosiallaşmaya aid başqa tapşırıqlar da var. Bu onlara oyun zamanı rolların verilməsidir. Məsələn, bu gün ona həkim rolu verilir, bu da böyüklərin rollarını mənimsəmək üçün oyun fəaliyyətidir”.