Valideynlər və uşaq bağçası arasındakı münasibətlər hər zaman aktual suallara səbəb olub. Uğurlu əlaqələr qurmaq üçün necə davranmalı sualını uşaq bağçasının meneceri Vəfa Şirinova bir neçə sadə qaydanı misal göstərərək cavablayıb:
Qayda 1 – Müsbət münasibət
Valideynlər öz uşaqlarını bağçaya qoymaq qərarına gəldikdə, bunun uşağın inkişafı, həmyaşıdları ilə ünsiyyəti, oyun oynama bacarıqlarının formalaşması üçün nə qədər əhəmiyyətli olduğunu bilsələr də, öz dəyərlilərini başqalarına necə əmanət edəcəklərini düşündükdə təşvişə düşürlər.
İlkin tanışlıq anı valideynlərin münasibətindən asılı olaraq həll olunur. “Bu xanım diqqətli olmaz, uşağıma nəsə olar”, “mənim övladıma az diqqət yetirir” kimi fikirlər inamlı əlaqələrin qurulmasına mane olur. Uşaq bağçasına tərəddüdlə yanaşan valideynlər, həmçinin uşaqlarda da bilmədən narahatlıq hissi doğururlar, onun bağçaya alışma prosesini təxirə salaraq, daxili ziddiyyətlər oyadırlar. Buna görə də, ilk qayda – heç bir halda tərəddüd və ya anlaşmazlıq uşağın yanında müzakirə olunmamalıdır
Qayda 2 – İnam
Valideynlərin baxışına görə, övladları evdə kainatın mərkəzi sayılsalar da, bağçada 15-20 uşaqdan biri olurlar. Burada bütün uşaqlara baxış, qayğı, diqqət eynidir. Bu valideynləri bəzən qane etməyə bilir. İndi isə bu məsələyə optimist nöqtəyi-nəzərdən baxaq: Bağçada çalışan mütəxəsislər öz işlərini bilən və sevən professionallardır. Onlar xüsusi kurslar, seminarlarda iştirak edərək uşaq inkişafı mərhələləri, onları inkişaf etməsinə təsir edən amillər, oyunların uşağın həyatında rolu və s. kimi mövzular haqqında dərin biliyə malikdirlər.
Qayda 3 – Uşaq bağçası və ailə tələblərinin eyniliyi
Uşaq üçün onun bağçadakı qrupu onun cəmiyyətdə həyatının ilk təcrübəsidir. İlk həyat qanunları və qaydaları məhz burada tərbiyəçi tərəfindən aşılanır. Uşağın şəxsiyyət və dünyəvi münasibətləri – böyüklərə hörmət, zəiflərə yardım, digərləri ilə hesablaşma, biri hamı üçün və hamı biri üçün kimi təməl qaydalar məhz burada kök salır.
Qayda 4 – Məlumatlı olmaq
Valideyn-bağça münasibətlərini bərabəryanlı üçbucaq kimi təsvir edib, zirvəyə qalxanın uşaq olduğunu düşünsək: Yan divarları bağça və valideynlər, onların ümumi dayaq tərəfini “münasibətlər” deyə adlandırsaq, həmin tərəf nə qədər enli (geniş, böyük) olarsa, tərəflər bir o qədər az maili olar və uşaq daha rahatlıqla zirvəyə qalxa bilər…
Bu barədə hər iki tərəf məlumatlı olub, bir-birindən çəkinməməlidir. Bağça uşaq haqqında valideynlərə müxtəlif ailə münasibətlərinə dair açıq suallar verərək məlumatlanmalı (bizim bağçalarda bunun üçün xüsusi anket formaları hazırlanır, valideynlərlə individual görüşlər təşkil olunur) və əksinə, valideynlər uşaqları haqqında bağçada fiziki, emosional, idrak, estetik inkişafı, baş verən hər hansı yeniliklər, dəyişikliklər, gün rejimi, məşğələ bölgülərinə və s. fikir verməli, maraqlanmalıdırlar.
Qayda 5 – Tərbiyəçi ilə ünsiyyət üçün doğru vaxtın seçilməsi
Adətən, valideynlər uşağı evə aparan zaman müəllim ilə ünsiyyət üçün vaxt ayırır. Bu ünsiyyət üçün doğru vaxt deyil, çünki müəllim hələ digər uşaqlar üçün məsuliyyət daşıyır və digər uşaqları valideynlərinə verməsi üçün onları hazır etməlidir. Daha yaxşı vaxt vaxtaşırı şəxsi görüş təyin etmək, uşağın uğurları və baş verən dəyişikliklər haqqda danışmaqdır.
Qayda 6 – Bağçanın mütəxəsisləri tərəfindən verilən məsləhətləri dinləmək
Tez-tez valideynlərə hər hansı problem haqqında danışdıqda eşitdiyimiz cavab “Mən də belə uşaq idim” kimi sözlər olur. Belə dəlillər arxasında gizlənərək, mütəxəsis tövsiyələrinə qulaq asmamaq yanlış qərardır. Əgər sizin psixoloq, loqoped, fizioterapevt və ya digər mütəxəsislərə müraciətiniz məsləhət verilirsə, inkar etməyib, dinləyin. Onlar bunu ancaq və ancaq uşaqların maraqlarını düşünərək edirlər. Axı vaxtında müdaxilə gələcəkdə uşaqda yarana biləcək komplekslərdən və lazımsız gərginliklərdən onları azad edə bilər.
Bəzən bağçaya xəstə uşaqların buraxılmaması təəsüf ki, bəzən valideynlərin ilk növbədə maliyyə yönlü yanlış düşüncələrinə səbəb olur. Unutmayaq ki, bu gün bağçaya xəstə halda uşaqlar buraxılmırsa demək ki, başqa vaxt gələn digər xəstə uşaq da sizin övladınızın xəstələnməsinə səbəb olmayacaq.
Qayda 7 – Bağçanın gün rejiminə evdə də riayət etmək
Bu çox mühüm məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Uşaq bağçasının müəyyən qaydaları olur. Səhər qəbulu uşaqların hər birinə xüsusi diqqət edilməsi üçün ayrılan vaxtdır. Bu səhər yarım saat qəbul vaxtı onların layiqincə diqqətlə qarşılamağa köməkçi olan müddətdir. Gecikmələr olduqda isə tərbiyəçi digər fəaliyyət vaxtları zamanı digərlərinə mane olmaması üçün istənilən diqqəti ayıra bilmir.
Bəzən ailə və uşaq bağçası arasında düzgün münasibətin (səmimilik, ünsiyyət, sual-cavab) olmaması səbəbilə uşaqda daxili qarşıdurma olur. “Mənə idman eləmək olmaz axı, mən tərləyərəm”, “Mənim anam dırnağımı qayçı ilə kəsməyə icazə verməyəcək” və ya bu kimi misallar uşaqların bəzən çaşqın vəziyyətdə olmasının bariz nümunəsidir. Bu halda uşaq qorxur, inamsızlaşır və ya gərkinlik keçirir. Əlbəttə, daha yaxşı olar ki, uşaq öz dostlarına bağçada öyrədilən kimi, anası ilə birgə əkdikləri dibçək haqqında danışsın.
Qayda 8 – Əhvalı korlamamaq
İstərdik ki, valideynlər tərbiyəçilərin canlı insan olduqlarını unutmasınlar. Bəzən valideynlər səhərlər gecikərək, uşaqları tez bağçaya qoyub qaçmaq istəyirlər. Səhərlər kaprizli oyanan uşaq həmin gün valideyninin gecikməsinə səbəb olsa da, təəsüf ki, valideyn bunun əvəzini gərginliklə (bəzən qışqıraraq, sərt davranaraq uşağa və ya bağçaya qarşı) qaytarır. Bir müddət sonra işinə gedir, işlərilə məşğul olur və unudur. Amma günün sonunadək bizim balacalar bunu unutmurlar və gün ərzində tərbiyəçilər, kövrək, gərgin və narahat uşağın könlünü almaqla məşğul olurlar.
Əlbəttə, valideynlər rahatlıqları üçün gün ərzində uşaq bağçası və müəllimlərin telefon nömrələrinə zəng edərək, uşaqları haqqında məlumat almaqları lazımdır, lakin zəng etmək üçün uyğun vaxt əvvəlcədən təyin olunsa daha yaxşı olar.
Unutmayın uşaqla düzgün açılan səhər, gün sonunun ən gözəl mükafatıdır.