“Hər bir uşaq istedadını özünəməxsus şəkildə göstərir, bunu kəşf etmək valideynin üzərinə düşür”.
Bu sözləri Bagcam.az-a “İndigo” Nərimanov uşaq bağçasının meneceri Cəmilə Kərimova incəsənətin uşaqlara təsiri ilə bağlı müsahibəsində deyib. O deyir ki, uşaqlar incəsənət vasitəsilə öz hisslərini, fikirlərini bildirirlər:
“Hər bir valideyn övladında bacarığı, istedadı görüb onu düzgün istiqamətləndirməlidir. Erkən yaşlarından valideyn övladına imkan verməlidir ki, bu bacarıqlarını göstərə bilsin. Düzgün təlim-tərbiyə, təxəyyülün gücü uşaq fəaliyyətində mühüm rol oynayır. Uşaqlar müəyyən xətlər, nöqtələr və cızma-qaralarla öz fikirlərini bildirmək istəyirlər. Çünki bu onların təxəyyülünün məhsuludur. Valideynlər uşaqların çəkdikləri rəsmlərdə onların nəyi təsvir etdiklərini görməyi bacarmalıdır. Uşaq rəsmdə nəyi təsvir etmək istədiyini valideyndən əvvəl deməlidir. Hər bir uşaq istedadını özünəməxsus şəkildə göstərir, bunu kəşf etmək valideynin üzərinə düşür. Elə uşaq var ki, o rəsm məşğələsində deyir ki, “mən rəssamam, gör nə qəşəng çəkmişəm”. Artıq burada uşağın təməli qoyulur. Bundan sonra onun hansı istiqamətdə yönlədirilməsinə valideyn yaxud tərbiyəçi kömək edir”.
İncəsənətin uşaqlara psixoloji olaraq təsirindən danışan Cəmilə xanımın sözlərinə görə, valideynlər uşaqlara imkan verməlidirlər ki, özlərini ifadə etsinlər:
“Təsviri incəsənət fərdidir və hər bir valideyn bunu nəzərə almalıdır. Uşağın istedadının gec aşkar olunması onun inkişafdan geri qalması demək deyil. Bəzən olur ki, 5 yaşında olan uşaq 2 yaşında çəkdiyi rəsmləri yenidən çəkir, bəzən də ancaq eyni şəkillər çəkir. Buna görə də uşağı tənbeh etmək olmaz. Sadəcə olaraq psixoloqla yaxud uşağın müəllimi ilə məsləhətləşmək lazımdır. Onlar çəkdiyi rəsmlərdə emosiyalarını biruzə verirlər. Psixoloqlar da həmin rəsmlərə baxaraq onların əsəbi, sevincli, gərgin və s. olduqlarını görə bilirlər. Məsələn, əgər uşaq valideynlərindən birini qulaqsız çəkirsə, bu o deməkdir valideyni onu eşitmir. Yaxud da özünü valideynləri ilə, bacı-qardaşlarını isə kənarda, ya da heç çəkmirsə, bununla demək istəyir ki, ata-ana ancaq məni düşünsün, mənə qayğı göstərsin. Burada eqoistlik, ərköyünlük də ola bilər, ya da ki, həqiqətən valideynlər onu diqqətdən kənarda saxlayıblar. İncəsənət uşaqların həm psixologiyasına, həm də sağlamlığına yaxşı təsir göstərir. Psixoloqlar qeyd edir ki, kiçik yaşlardan uşaqlarda emosional pozuntular olursa, bu onlara böyüyəndə də təsir edir. Amma uşaq öz emosiyalarını rəsmə köçürtməklə artıq bütün hisslərini ifadə etmiş olur”.
Cəmilə xanım deyir ki, uşaqları heç bir halda tənbeh etmək olmaz. Bu onların incəsənətə olan marağını öldürə bilər:
“Uşaqların incəsənətə marağı 18 aylığından başlayır. Üç yaşdan artıq qələm tutmağı öyrənirlər. Qələm dəqiqlik tələb etdiyi üçün uşaqlar çox vaxt qələmi əlində tutmağa çətinlik çəkir. Amma uşağa böyük fırça və vərəq verdikdə o daha rahat olur, sərbəst şəkildə özünü orada ifadə edə bilir. 2-3 yaşında uşaqlar gillə, kollajla, konstrukturlarla işləyə bilərlər. 3-4 yaşlarında artıq uşaqlar rəngləri, formaları müəyyən edə bilirlər, fəza anlayışını dərk edirlər. Məsələn, 5 yaşında uşaq heç vaxt günəşi göy rəngdə çəkə bilməz. Uşaq nəyi necə dərk edirsə, elə də çəkməlidir. Mütləq deyil ki, ev dördbucaqlı olsun, ev onun üçün dairəvi də ola bilər. Ən əsası heç vaxt uşağı səbəbsiz yerə danlamaq lazım deyil. Uşağın əlinə fırça verilibsə, əlbəttə, o üst-başını boya ilə çirkləndirəcək. Əgər biz uşağa qadağa qoysaq, sabah o həmin incəsənət sahəsinə maraq göstərməyəcək. Uşağa nə isə başa salanda o bunu başa düşmürsə, buna görə onu danlamaq lazım deyil. Əgər uşağı danlayırıqsa, uşaqda qorxu yaranır. Qorxu da incəsənətin ən böyük düşmənidir. Bəlkə də həmin an biz gələcəyin məşhur incəsənət adamını itiririk. Valideyn, müəllim sadəcə istiqamət verə bilər. İmkan vermək lazımdır ki, incəsənətə gedən yolu uşaq özü tapsın”.
Menecerin sözlərinə görə, dünyanın gözəlliyini uşaq gözü ilə görüb əks etdirməlidir ki, daxili dünyası zəngin olsun və sağlam şəxsiyyət kimi formalaşsın.
“Uşaq karandaş, qələm, fırçalardan istifadə edərkən kiçik hərəkətləri ilə əzələləri inkişaf edir. Həmçinin gözlərin və əllərin kordinasiyası gedir. Məktəbə gedəndə də artıq uşaq yazını rahatlıqla yaza bilir. Əgər uşaq başqaları ilə birlikdə rəsm çəkirsə, hansısa hissələri quraşdırırsa, bu uşaqda sosiallaşmanı inkişaf etdirir. Uşaq təbiəti çəkəndə o biologiyanı öyrənmiş olur. Bundan başqa uşağın aktivliyi artır, yaradıcılıq qabiliyyəti inkişaf edir. Artıq yeni üsullar kəşf etməyə başlayır. Qeyd etmək lazımdır ki, rəsmdən başqa musiqi, rəqs də incəsənətə daxildir. Bu sahələrdə də uşaqlara sərbəstlik verilməsi mütləqdir. Onlar öz bədənini, əllərini artıq hiss etməyə başlayırlar, elastikliyi tarazlaya bilirlər, uşaqlarda dözümlülük artır”.
Uşaqlara incəsənətin bütün sahələrinin öyrədilməsinin vacib olduğunu vurğulayan Cəmilə xanım deyir ki, bağça uşaqlarda yaradıcılıq hissinin inkişaf etməsində böyük rol oynayır.
“Bizim bağçada uşaqlara incəsənətin öyrədilməsi çoxşaxəlidir. Daha çox aktyorluq qabiliyyəti olanı teatra, yaxşı səsləri olanları musiqiyə yönləndiririk. Bu o demək deyil ki, uşaq bir sahə üzrə inkişaf edir. Sadəcə daha çox maraq göstərdiyi sahəni inkişaf etdiririk. Bəzən valideyn deyir ki, bu teatr mənim uşağıma lazım deyil, o, sabah aktyor olmayacaq. Amma onun səhnə mədəniyyəti olacaq. Teatr ona mədəniyyəti, rabitəli nitqin inkişafını aşılayır. Hər yaş dövrünün özünün maraq dairəsi var. Bu yaş artdıqca daha da genişlənir. Burada müəllimin və valideynin də rolu böyükdür. Məşhur pedaqoq B.A.Suxamlinski deyirdi ki, əgər istəyirsinizsə, uşağınızda müəyyən bacarıqlar inkişaf etsin, öz qəlbinizdə olan bacarıq alovunun bir qığılcımını uşaqlara verin. Həmişə vaildeynlər istəyirlər ki, uşaqlar bağçada birinci rəqəmləri, hərfləri öyrənsinlər. Mən şəxsən bir valideyn və menecer kimi demək istəyirəm ki, uşaqlara uşaqlığını yaşamağa imkan verək. Çünki iki üstəgəl ikinin dörd olduğunu uşaq həmişə biləcək. Məktəbə gedəndə artıq onu öyrədəcəklər, amma məktəbdə heç vaxt onun əlinə boya, fırça verməyəcəklər. Bağçada uşaqların yaradıcı tərəfi inkişaf etdirilsə, onlara məktəbdə də rahat olacaq. Çox istəyərdim ki, valideynlər uşaqların yaradıcılığına mane olmasınlar”.