Yaxın bir dostum sonuncu dəfə atasından soruşur ki öz nəvələrin üçün nə arzu edirsən? – Çoxumuz fikirləşərdik ki nə arzu edə bilər baba nəvələrinə: – sağlamlıq, yaxşı təhsil, uğurlu karyera hətta var dövlət və s. Amma atası oğluna:- Mən öz nəvələrimə bu enişli-yoxuşlu həyatda yıxıldıqları zaman yenidən ayağa durmağı arzu edirəm. Həyatda çətinliklərə təslim olmasınlar, əsl xarakter nümayiş etdirə bilsinlər, mən və sən bu həyatda olmayanda onlar ayaq üstə durmağı bacarsınlar deyərək gözlərini əbədi yumur. Məgər biz də bu keyfiyyətləri öz uşaqlarımız üçün arzu edə bilmərik? Əlbəttə istərdik ki, övladlarımız, çətinliklərə qarşı dözümlü və elastik olsunlar, əsl xarakter nümayiş etdirsinlər və yaşa dolduqca bu kimi xüsusiyyətlər onlarda möhkəmlənsin.
Yuxarıda sadalanan keyfiyyətlər sosial və emosional bacarıqların inkişafında mühüm yer tutur. Amma, bu gün təhsil müəssisələrimizdə bağçalardan tutmuş məktəb və universitetlərdə sosial və emosional bacarıqların inkişafı metodu demək olar ki tətbiq edilmir. Bu bacarıqların çatışmazlığından bu gün uşaqlarımız əziyyət çəkirlər. Adəti üzrə tətbiq edilən formal təlim tərbiyə metodları, oxumaq, yazmaq, hesablamaq, saymaq, müxtəlif dillərdə danışmaq və s. dərs yükünün ağırlığı bir müddət sonra fəsadlara yol aça bilir. Yüklənən beyin uşaqların davranış və münasibətlərində aqressivliyi artırır, sakit mühit axtararaq başqaları ilə ünsiyyətdən çəkindirir, özünə qapanma yaradır və s risklərə səbəb ola bilir.
Gəlin görək söhbət açdığımız sosial emosional bacarıqlar və onların inkişafı nə cür bir prosesdir? Bu prosesin inkişafı bütün yaş qrupundakı insanlar üçün önəmlidir. Xüsusən sosial və emosional bacarıqların inkişafı bağçadan tətbiq olunmağa başlamalı və məktəb illərində də davam etdirilməlidir. (Universitet illərində, iş həyatında və s tətbiq edilə bilən vacib bir amildir) Bu proses zamanı övldalarımız lazım olan bilik və bacarıqları yiyələnərək düşdüyü situasiyaları dərk edir və dərhal ona uyğun emosiyalarını idarə etməyi bacarır, qarşılarına məqsəd qoyur və müsbət nəticələr əldə edə bilir. Eyni zamanda, digər yoldaşlarına qarşı tolerant (dözümlü) olur, simpatiya hiss edir, pozitiv düşünərək müsbət enerji saçır ətrafına və bununla yeni əlaqələr quraraq öz çevrəsini müəyyənləşdirir, məsuliyyətli və lazımı qərarlar qəbul etməyi bacarırlar.
Sual oluna bilər ki niyə sosial və emosional bacarıqların inkişafı uşaq və gənclərimizin təhsil, kariyera və şəxsi həyatlarında müvəffəqiyyət qazanmaları üçün əhəmiyyətlidir? Bizim emosiyalarımız, davranış tərzimiz, qurduğumuz münasibətlər birbaşa olaraq nəyi necə öyrənməyimizə ailədə, məktəbdə, işdə cəmiyyətdə necə özümüzü aparmağımıza təsir edən amillərdir. Emosiyalar bizi nəyisə öyrənməyə, tətbiq etməyə, özümüzü nədəsə sınamağa həvəsləndirir, aktiv həyat tərzi sürməyə sövq edir və eyni zamanda bu tempi qoruyub saxlayır. Digər tərəfdən, idarə edilməyən əsəb və gərginliklər fəsadlar törədərək diqqətimizi və yaddaşımızı asanlıqla zədələyə bilirki bu da bir başa fəaliyyətimizə təsir edir. Misal üçün bağça yaşlı uşaqlarımız konsentrasiyanı itirirlər, diqqətləri yayınır digər yoldaşlarına qarşı davranışları dəyişir hətta elə anlar olur ki, valideynlər, tərbiyəçilər belə bu vəziyyətdə onları ram edə bilmir.
Mahiyyət etibarilə elm öyrənmə özü sosial, interaktiv bir prosesdir ki, daima müəllimlə əməkdaşlıq etməli, öz həmyaşıdlarınla yoldaşlıq etməli, yaxşı ünsiyyətdə olmalı və ailənin dəstəyini almalısan. Bu səbəbdən müsbət emosiyalara yiyələnmək və onları idarə edə bilmək, pozitiv əlaqələrin qurulması və qorunub saxlanması birbaşa olaraq həm öyrənmə prosesinə, həm də əldə etdiyin biliklərin yaratdığı imkanlardan faydalanmağa böyük təsir göstərir. Çunki, yaranan sağlam və təhlükəsiz öyrənmə mühiti sosial emosional bacarıqların inkişafı üçün vacib elementlərdir ki, bunlarda uşaqlarımızın təhsildə və həyatda uğur qazanmaları üçün vacibdir. Bir daha vurğulamaq lazımdır ki, sosial və emosional inkişaf bacarıqları uşaqlarımızda ona görə inkişaf etdirilməlidir ki, qarşıda onları gözləyən riskli dövrlərdə hansındaki emosiyalarında və davranışlarında problemlərlə üzləşə bilərlər o zaman özünə inamı, elastikliyi və davamiyyəti artıra bilsinlər.
Nahid Quliyev
www.bagcam.az Təhsil Portalının Meneceri \ Qeyri – Formal Təhsil üzrə Mütəxəssis