Bağça uşaqları ağacların kəsilməsinin qarşısını alırlar

“İndigo” Nərimanov uşaq bağçasında ətraf mühiti qorumaq məqsədi ilə aksiya təşkil olunub. Aksiya çərçivəsində uşaqlar istifadə olunmuş kağızları toplayaraq, ASAN xidmətə təhvil verəcəklər. İkinci dəfə istehsal  ilə yeni kağızlar yaradılacaq. Daha sonra bu kağızları ASAN xidmət işçiləri istifadə edəcək. Beləliklə, bağça uşaqları ağacların kəsilməsinin qarşısını alırlar.

Mövzu ilə bağlı “İndigo” Nərimanov Uşaq Bağçasının meneceri Cəmilə Kərimova öz fikirlərini bölüşüb.

Menecer bildirir ki, uşaqların məktəbə hazırlıqlı olması onların inkişafından, ətraf mühiti necə görməyindən, eşitməyindən və qəbul etməyindən asılıdır. Bütün  bunlar onların mənitiqi təfəkkürünə təsir edir: “Bunun üçün müxtəlif metodlardan istifadə olunur: müşahidələr, təcrübələr, eksperimentlər. Müşahidədən sonra uşaqlara gördükləri obyektləri çəkmək tapşırılır. Burada yaddaş mühüm rol oynayır. Müşahidə uşaqlarda böyük maraq doğurur. Onlar suallara cavab tapmağa çalışırlar: “Ağacların tumurcuqları nə rəngdədir?, Nəyə görə biz ağac əkməliyik?, Ağaclar ekologiya ilə necə bağlıdır?”

maklatura

Bundan sonra uşaqlarda boyalarla çəkmək bacarığı inkişaf edir. Bütün bunlar uşaqlarda çalışqanlığı, məsuliyyəti formalaşdırır və məktəbə hazırlıq prosesi başlayır. Təbiəti müşahidə etmək üçün bizim bağçamızda ekoloji məkan yaradılıb. Burada uşaqlara təbiət sevgisi aşılanır, bayramlar keçirilir, müxtəlif  teatr tamaşaları səhnələşdirilir. Məsələn, teatr tamaşalarına Novruz bayramını misal gətirmək olar. Uşaqlar səmənini, isti ölkələrdən uçub gələn qaranquşları, yerə şüalarını saçan günəşi çəkirdilər. Onlara canlı olaraq qarışqa yuvalarını, həşərətları, ağaclardakı yuvaları göstərirdilər. Bütün bunlar uşaqlarla heyvanlar arasında yaxınlıq yaradır”.

Cəmilə xanım bildirir ki, bağçadakı təbiət guşələrində daha çox bitkilərə yer ayrılır: “Uşaqlar bağçadakı təbiət guşələrində  güllərə qulluq edirlər. Onlar hansı gülün kölgə yaxud işıq sevdiyini müşahidə edirlər. Qruplar arasında bitki əkmək üzrə eksperimentlər aparılır. Uşaqlarla birlikdə bitkilər əkirlər, toxum basdırırlar. Yuxarı qrupdakı uşaqlar təbiət haqqında biliklərə yiyələniblər və artıq məktəbdə keçirilən təbiətşünaslıq dərsinə hazırdılar”.