Uşaqların tərbiyyəsi zamanı valideynlərin yol verdiyi əsas səhvlərdən biri övladlarına söz keçirə bilmədikləri zaman onları qorxudaraq istədiklərini etdirmələridir. Psixoloqların sözlərinə görə, xüsusən də analar çox zaman övladılarını qorxutmaq üçün real olmayan, qorxunc xəyali varlıqlar yaradır və uşağa onunla hədə-qorxu gəlirlər. Bu zaman isə ən çox “Sakit otur, yoxsa, xoxan gəlib səni yeyər. Yeməyini ye, yoxsa, cin gəlib səni aparar” və.s tipli cümlələrdən istifadə edirlər.
Valideyn üzərinə düşən əsas vəzifə uşağın tərbiyyəsi zaman belə “köməkçi obrazlar”dan istifadə etməkdənsə, özü uşağa səhv hərəkətinin səbəbini izah etməli, bunun hansı nəticələrə gətirib çıxaracağını başa salmalıdır. Məsələn, yeməyini ye ki, daha tez böyüyəsən, daha gümrah olasan. Yemək yeməsən, arıqlayarsan, dostlarınla oynamağa taqətin qalmaz və.s.
Uşaqları qorxutmaq üçün həmçinin valideynlər onları həkim, polis, bəzən isə ataları ilə qorxudurlar. Bu isə uşağın sağlamlığının keşiyində duran həkimi, təhlükəsizliyi təmin edən polisi və valideynini-atasını mənfi obraz kimi tanımasına şərait yaradır. Buna görə də uşaqlar ataları evə gələrkən, siz onları xəstəxanaya, aptekə apardığınız zaman, yanlarından polis keçdiyi vaxt ondan qorxur, çəkilib bir qırağda dayanırlar.
Kimdənsə qorxmaq, qorxu altında böyümək həm də uşaqların özlərinə olan inamını sarsıdır. O gələcəkdə hansısa bir addım atdığı zaman kiminsə onu günahlandıracağını, tənqid edəcəyini düşünür. Buna görə də cəsarətsiz olur. Hətta bu cür təzyiq altında böyüyən uşaqlar 5-10 yaşları olmasına baxmayaraq, özləri təkbaşına ayaqyoluna belə getmir, getdikləri hər yerdə valideynlərinin yanlarında olmasını istəyirlər.
Bu kimi halların yaranmaması üçün psixoloqlar valideynlərə tərbiyyə üsulu kimi övladlarını qorxutmaq üsulunu seçməməyi, uşağın xasiyyəti çox çətin, inadkar olduğu zaman isə peşəkar köməyindən yararlanmağı məsləhət görürlər.